Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR

  • 20 may 2019, 09:22
Göygöl rayonunun Kərəmli kəndində kuryoz və xoşagəlməz hadisə baş verib. Uzun müddətdir ki, kəndin köhnə və qəzalı məktəb binasında məskunlaşmış Abbasovlar ailəsi mayın 7-də məktəb direktoru Mətləb Hüseynovun qəfil basqınına və təhdidlərinə məruz qalıb.

Bu barədə "Demokratik.Az"-a ailə başçısı Əli Abbasovun özü məlumat verib.

1993-cü ildə - Kəlbəcərin erməni işğalında Göygöl rayonunun Kərəmli kəndinə köç etdiklərini deyən vətəndaş bildirib ki, məktəbin direktoru onların məskunlaşdığı uçuq daxmaya hücum edərək onları təhdid edib. Ailəyə qarşı əsassız iradlar bildirərək süni münaqişə yaradıb. Kəlbəcər qaçqınlarının binadan təcili çıxmalarını, ərazini tərk etmələrini tələb edib. Buna səbəb kimi, həmin binanı və ərazidəki torpaq sahəsini pulla aldığını, mülkiyyətçi olduğunu deyib.

Şikayətçinin sözlərinə görə, tərəflər arasında mübahisə sonradan bir az da dərinləşib, direktor onları işğalçı adlandırıb, məhkəmə, polis və icra hakimiyyəti orqanları ilə birlikdə ailəni kənddən qovduracağını deyərək, qorxutmağa cəhd edib.

Əli Abbasov deyir ki, direktordan qorxmasalar da onun tənəli ağır sözlərindən mənəvi iztirablar keçiriblər. Özlərini erməni işğalından qaçmış biri kimi deyil, lap qəddar işğalçı kimi hiss ediblər. Məcburi köçkün hesab edir ki, direktorun əməlləri özbaşınalıqdır, onlara qarşı təhqirdir və mənəvi təzyiqdir.

"Demokratik.Az"-ın əməkdaşı müraciət əsasında kəndə - həmin evə yollanıb. Məlumatları dəqiqləşdirməyə çalışıb. Aydın olub ki, Abbasovlar ailəsi 13 ildir ki, sözügedən köhnə məktəb binasında məskunlaşıblar. Və onlardan savayı, həmin binada bir neçə məcburi-köçkün ailəsi də sığınacaq tapıb birgə və mehriban yaşayırlar.

Əvvəllər kəndin mal fermasında yaşamış Abbasovlar ferma yandıqdan sonra, yerli və Kəlbəcər İHB-nin təlimatı ilə məhz bura köçürülüblər.

Ailə bu illər ərzində dövlət tərəfindən yeni tikiləcək mənzillə təmin ediləcəkləri günü gözləyirlər. Həm Qaçqınkom, eləcə də aidiyyatı İHB bu cür ailələrin haqqında zəruri bilgilərə və qeydiyyata sahibdir. 

Evdə olarkən diqqətimizi ərazidəki torpaq sahəsi də çəkdi. Binanı əhatə edən əkin və bağ sahəsindən də qaçqınlar istifadə edir. Öz maddi tələbatlarını, ailə dolanışıqlarını əkinlə də təmin etməyə çalışırlar.

Ailə hazırda məktəb direktorunun davranışından narahatdır. Amma, narahat olmağa dəyməz.

"Demokratik.Az" olaraq onu da məlum etdik ki, qaçqının məskunlaşdığı köhnə binanın yeganə kənd məktəbinə və direktora ümumiyyətlə aidiyyatı yoxdur. Direktor binanı özəlləşdirilməyib və qaçqınlara dedikləri ağ yalandır.

Bina məktəbin balansında deyil, İHB-nin (dövlətin-red) balansındadır.

Belə olduqda, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılır.

Mövcud halda ailənin məskunlaşdığı binadan çıxarılmasının heç bir yasal qanuna sığmadığını görürük. Bunu edəcək sonuncu şəxsin də bir məktəb direktoru olduğu məlumdur.

Bəs, direktorunun "qaçqınlara hücumu" nəyə dayanır?

Kənd sakinlərindən öyrəndik ki, məktəb direktoru qeyri-əxlaqi hərəkətləri ilə özünə əməllicə ad-san qazanıb. Direktor tez-tez belə qalmaqallara meyillənir. Çoxları onun kənddən çıxarılmasını istəyir, direktorluğa layiq olmadığını söyləyir.

Məktəbdə 60 şagird, 23 müəllim və 10-a yaxın texniki işçi var. Şagird davamiyyəti, dərslərin tədrisinin keyfiyyəti xeyli aşağıdır. Direktor süni siniflər formalaşdırıb. Bu məqsədlə digər kəndlərin şagirdlərinin adını jurnallara yazıb ki, onlardan heç biri bu məktəbə gəlmir. Orta say üzrə götürsək, hər yaş sinfi üzrə 3-5 şagirdə görə məktəbə illik büdcə ayrılır ki, bu da israfçılıqdır.

Məktəbdə bir neçə fənnin pullu daxili repititorluğu da fəaliyyət göstərir. İnventar qıtlığı yaradılıb. 

Aldığımız məlumata görə, direktor müqavilə əsasında Gəncədən gələn müəllimlərin işə gəlməməsi üçün şəraitlər yaradır. Bir neçə süni ştat formalaşdıraraq maliyyə maxinasiyaları edir. Sözügedən köhnə məktəb binasına da dalandar, gözətçi, bağban kimi yalançı ştatlar yazaraq pulunu mənimsəyir. Hansı ki, bu, göz görəsi saxtakarlıqdır. 

Qaçqınlara hücum da görünür, məhz bununla bağlıdır.

Qarşı tərəf olaraq direktorla əlaqə yaratmağa səy göstərsək də buna nail ola bilmədik. Adının çəkilməsini istəməyən müəllimlər isə  onu bildirdilər ki, direktor da boş durmayıb. Artıq qaçqınlara qarşı saxta və gülməli "Akt" tərtib etdirib.

Əsasən texniki işçilərə qol çəkdirilən "AKT"-da isə yazılır: "Abbasovlar köhnə məktəb binasının həyətindəki ağaclara inək bağlayır, ağaclar suvarılmır, əksinə inəyin nəcisi və sidiyi ağacları qurudur... Qaçqınlar direktoru təhqir edir..." və sair.

İnanırıq ki, direktorun haqsız davranışlarına Göygöl İHB və Göygöl Təhsil Şöbəsi tərəfindən qiymət veriləcək və məktəbin yarıtmaz fəaliyyəti maliyyə pozuntuları ilə birlikdə dərindən araşdırılacaq.

Osman Nərimanoğlu


P.S: Adıçəkilən məktəbin direktoru Mətləb Hüseynov iddialara sərt cavab verib. O bildirib ki, kənddə dəfələrlə bələdiyyə seçkilərində iştirak edib və səs çoxluğu ilə bələdiyyə üzvü seçilib. Kənddə özünə qarşı formalaşdırdığı müsbət ziyalı imici yazıda qeyd edilən hallarla bir araya sığmır və həqiqəti əks etdirmir.

Direktorun sözlərinə görə, əslində qaçqına hücum etməyib, sadəcə olaraq məktəbin kitabxanası köhnə məktəb binasında yerləşdiyindən oraya tez-tez baş çəkir. Köhnə məktəb binasında qaçqın ailələrin məskunlaşması isə müəyyən problemlər yaradır. Əslən kəlbəcərdən olan ailənin başçısı Əli Abbasov məktəbin kitabxanasına gediş-gəlişi məhdudlaşdırmağa cəhdlər edir. Köhnə binanı əhatə edən ağacları süni şəkildə qurudur, onları sulamır və bu cür hərəkətlərlə narahatlıqlar yaradır. Direktor deyir ki, ona görə də qaçqınların hərəkətlərindən müxtəlif orqanlara şikayətlər göndərib.

Direktor onu da bildirdi ki, məktəbdə 60 deyil, 75 şagird var, davamiyyətə daim tələbkarlıqla yanaşılır, müəllimlər və şagirdlərin mehriban mühitdə olmaları, dərsin tədrisinin yüksək səviyyədə keçirilməsi daim təmin olunur.  

Demokratik.Az məcburi köçkünün yaşam şəraitini - uçmaqda olan köhnə məktəb binasının fotolarını da təqdim edir.

 


 












 


 



Oxşar xəbərlər