"Bank VTB"-də 1 milyonluq kredit müəmması - Pulu kim(lər) yeyib?

  • 01 may 2019, 13:21

Azərbaycandakı mövcud bank sektorunda illərdir ki, davam edən kredit problemləri, real xaos hər kəsə əyandır. Uzun illərdir dollarla ölkə əhalisinə kreditlər paylayan, bu zaman baş verən ciddi qanun pozuntuları, hətta cinayət tərkibli hallar barədə mətbuatda da xeyli şokedici yazılar dərc olunub. Problemlərdən çıxmaq üçün real çözüm yolları aranıb, faydalı təkliflər və geniş ictimai müzakirələr aparılıb. Nədənsə, ciddi problemlərin məhz banklardan qaynaqlandığı da məlum olub.

Müştərilərin aldadılaraq əmlaklarının əlindən alınması, saxta hərraclar, rüşvətlə çıxarılan ədalətsiz məhkəmə qərarları, hətta banklarda alovlanan bəzi maliyyə cinayətlərinin gizlədilməsinə açıq cəhdlər acı həqiqətlərilə yalnız təəssüf doğurub.

Maraqlı səslənəcək, amma, Azərbaycanda bir neçə milyard dollarlıq krediti xalqa səpələyən maxinasiyalı və nəzarətsiz banklar içərisində əksəriyyəti əcnəbi banklardır. Bu banklara Mərkəzi Bank səviyyəsində lazımi nəzarətin edilməməsi, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının və digər qurumların passivliyi ölkədə dollarla kreditlərin verilməsi kimi neqativ prosesi şərtləndirib, nəticədə ard-arda qaçılmaz devolvasiya və daha dözülməz ziyanlar dollarla krediti olan əhalini xeyli zillətə salıb.

Düzdür, ölkə rəhbəri məhz xarici valyutada krediti olan əhalinin sosial müdafiəsini təmin etmək məqsədi ilə cari ilin fevralında məlum fərman imzaladı. Lakin, sevindirici fərman 10 min dollara qədər götürülən problemli kreditlərə şamil edildi. Hazırda ölkə üzrə minlərlə vətəndaş var ki, küllü miqdarda dollar krediti götürdüyü və ödəyə bilmədiyi üçün çox ciddi problemlər yaşayır. Lakin, çirkin maraqlara və maxinasiyalara, müştəriyə qarşı ünvanlı talançılığa hizmət edən kredit ayırmalarına da rast gəlirik.

"Demokratik.Az"-a daxil olan daha bir sensasion şikayət məhz bu qənaətlərimizi təsdiq edir.

Gəncə şəhər sakini Məmmədova Saimə Musa qızı "Demokratik.Az"-a müraciət edərək "Bank VTB" (Azərbaycan) tərəfindən aldadıldığını, nəticədə konstitusion və mülkiyyət hüquqlarının qəsdən pozulduğunu iddia edir.

Vətəndaşın bildirdiyinə görə, "VTB" Bankının Gəncə bölməsi və Bakı Baş ofisinin rəhbərliyi  2015-ci ilin iyulunda sürətli saxta rəsmiləşdirmələr gerçəkləşdirərək onun adına 953 min 925 ABŞ dolları biznes-ipoteka krediti ayırmışdır. Lakin, adına rəsmiləşdirilən küllü miqdarda pul vəsaiti sənədlərdə göründüyündən fərqli olaraq, faktiki hal üzrə müştəriyə təhvil verilməmişdir. 

Məmmədova Saimə Musa qızı israrla ona ayrılan pulu özünün almadığını deyir və bu yolla məqsədli olaraq aldadıldığından gileylənir.

Şikayətçi bildirir ki, sahibkarlıq kreditinin verilməsi üçün bankla aralarında 08.07.2015-ci il tarixli baş kredit razılaşması, həmin razılaşma əsasında isə eyni tarixdə 151700-1-17383/1 nömrəli kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətində illik 13 faiz hesablanmaqla təxminən 1 milyon dollar (dəqiq - 953, 925 ABŞ dolları) məbləğində kredit ayrılmışdır. O, həmin pulun sonradan özünə təhvil verilmədiyini qeyd edir. 

Bəs, "VTB" Bank (Azərbaycan) həmin il 67 yaşı tamam olan bir pensiyaçı qadına 1 milyonu hansı əsaslarla rəsmiləşdirib?

Qanunvericiliyi vərəqləsək aydın olur ki, istənilən halda, bank biznes krediti ayırarkən müştərinin real iş imkanlarını, gəlir mənbələrini və sərmayənin təyinatını və yatırımın hansı əmsallarla özünü doğrulda biləcəyini öncədən hesablamalıdır. Yəni, tərəfə verilən pul məbləğinin vaxtında qaytarıla biləcəyini, kredit təyinatındakı ən minimal riskləri nəzərə almalıdır. Hələ, söhbət 1 milyon dollardan gedirdisə, bank təmsilçilərinin belə bir gözüyumma səhlənkarlıqla işləmləri həyata keçirilməsi sadəcə şokedici və qeyri-inandırıcı haldır.

Bundan da başqa, şikayətçinin şəxsiyyət vəsiqəsindən aydın olur ki, ona kredit yazılarkən 67 yaşı olub. Yəni, əgər bütün kreditorların bank tərəfindən mütləq sığortalanması zəruri tələbdirsə, bank rəhbərliyi müştərisi Məmmədova Saimə Musa qızına münasibətdə bu zəruri halı da qəsdən pozub. Bilirik ki, həmin yaşda vətəndaşlara kredit sığorta hüququ məhdudlaşdırılır.

Bəs sənədlər özü nə deyir? Vətəndaşla bu suala cavab axtaraq:

Əslində, kreditin təminatı kimi şikayətçinin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu Yeni-Gəncə qəsəbəsi İcra Hakimiyyəti binasının cənub-qərb tərəfi ünvanda cavabdehin istifadəsində olan 445,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibi ipotekaya qoyulmuş və bu barədə də 151700-NEDVİJ-3811 saylı, 08.07.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin ipoteka predmetinin bazar qiyməti isə, həmin vaxt 1 milyon 500 min manat məbləğində qiymətləndirilib.

Saimə Məmmədova deyir ki, hüquqi savadsızlığı onun bank rəsmiləri tərəfindən sonadək aldadılmasına tam şərait yaradıb.


Hazırda məhkəmə çəkişmələrindən əziyyət çəkən və adına olan bütün mülklərini məhkəmə qətnamələri ilə itirməkdə olan müştəri banka qarşı ittihamlarını sübut etmək üçün daha maraqlı faktlar səsləndirib.

O bildirib ki, bankın özbaşınalığını sübut edən ən önəmli fakt bütün əməliyyatların eyni günə - 08.07.2015-ci il tarixə təsadüf etməsidir. Həqiqətən də məntiqlidir, necə ola bilərdi ki, 1 milyon dolarlıq kreditləşmədə bütün işləmlər bir neçə saat içində həll edilsin? Necə olub ki, küllü miqdarda kreditin belə tez və mühüm detalları araşdırılmadan aidiyyatı qurumların nəzarətindən də yayındırılsın? Bundan da dəhşətlisi həmin pulun necə və niyə "yoxa çıxması"dır.

Eyni gün günorta "ASAN-Gəncə"-dən kimlik alan müştəri səhər saatlarında pulu necə götürə bilərdi?!

Şikayətçi deyir ki, yeni şəxsiyyət vəsiqəsini də eyni gündə alıb. Lakin, günortadan sonra, saat 15:00-da. Buna baxmayaraq, müştəri Gəncədə kimliksiz ola-ola bankdan 1 milyon dolları onun adından kim(lər)sə imza ataraq götürüb. Bu necə və niyə baş verib, zərərçəkmiş qadın hələ də anlaya bilmir.

Sonradan, adına yazılan 1 milyonu tələb edən müştəri bəhanə ilə üzləşib. Bankdan bildiriblər ki, girov qoyulan əmlakın real dəyəri həmin pulun verilməsi üçün kifayət deyil. Ona görə də verilmir.

Pulu almaq üçün başqa qiymətli girovlar da qoyulmalıdır. Nəticədə, kreditin təminatı kimi daha sonra Məmmədova Saimə Musa qızının xüsusi mülkiyyətində olan Göygöl rayon Quşqara kəndində yerləşən 1, 5 ha torpaq sahəsi ilkin girov əmlaka əlavə edilib. İlkin girov əmlakın dəyəri isə, müvafiq "əlavə" ilə yarıyadək endirilmiş, sonuncu girova 1 milyon manat qiymət qoyulub. Lakin, sənədlərdə həmin pulun götürülməsi barədə imzalar olsa da, şikayətçi həmin məbləği yenə ala bilmədiyini deyir.

Sənədləşmələrdən və məhkəmə qətnamələrindən məlum olur ki, bank da öz növbəsində müştərisini təqsirli bilərək, bir neçə ay sonra - 09.11.2015-ci il tarixdə öhdəlikləri yerinə yetirmədiyi barədə ona pretenziya məktubu ünvanlayıb. Və banka 1 milyon 7 min 317 dollar borclu olduğunu əsas gətirərək sonradan məhkəməyə verib.

Bankın tələb və taktikası isə artıq bəllidir, girov əmlaklar bankın nəzarəti ilə hərraca çıxarılmalı, vətəndaşın əlindən alınmalıdır. Məlum müraciəti və sadalanan halları nəzərə alıb, daha böyük günahın bankda olduğunu söyləmək olar. Axı, necə ola bilər ki, müştəriyə verilməyən küllü miqdarda - 1 milyon dollarlıq müəmmalı "kredit"ə görə, aldadıldığını bəyan edən vətəndaşın bütün var-dövləti, halal sərvəti əlindən alınmalıdır?

Şikayətçi hesab edir ki, "VTB" Bank bu yolla onun əmlaklarını ələ keçirmək istəyir. Bank işçiləri öz dələduzluğuna və saxta sənədləşmələrinə görə hələ də məsuliyyətdən yayındırılır.

Hazırda iş üzrə Gəncə Apellyasiya Məhkəməsində məhkəmə prosesi davam etdirilir. Vətəndaş probleminin ictimailəşdirilməsini xahiş edir, bəlkə bu yolla ədalətin zəfər çalacağına, Məhkəmələrdə haqq işinə düzgün baxılacağına,"VTB" Bankın cəzalandırılacağına ümid bəsləyir...

(mövzu diqqətimizdədir)

Osman Nərimanoğlu

 "VTB" Bankın da rəsmi mövqeyini dərc etməyə hazırıq

Demokratik.Az

Oxşar xəbərlər