Abşeron "KRALİÇA"SI Masazırda yolsuzluğa girdi - Yolu kim və niyə satdı?

  • 07 apr 2019, 23:27
"Abşeron rayonu, Masazır qəsəbəsi, Həzi Aslanov küçəsində ikitərəfli avtomobil yolunun tam ortası İcra Başçısı İradə Gülməmmədova tərəfindən vətəndaşlara satılıb. Hal-hazırda orada ağır texnikalardan və usta-fəhlələrdən istifadə edilməklə evlər inşa olunur. Bəli tam olaraq avtomobil yolunun ortasında və elektrik dirəyinin altında!

Bu gün baş verən qanunsuz tikililərin inşası ərazidə yaşayan sakinlərinə etirazına və eyni zamanda gülüşünə səbəb olub. Həqiqətən də inanılmazdır!".


"Demokratik.Az" bildirir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Taleh Xasməmmədov özünün facebook səhifəsində not edib. O, ərazidən çəkdiyi fotoşəkilləri də paylaşaraq stastusuna əlavə edib:

"Bundan əlavə yerli sakinlər ehtimal edirlər ki, küçənin avtomobil yolu yaxın gələcəkdə "baş yol" olaraq salınacaq. Odur ki, gələcəkdə ərazidə olan evlərin plana düşməsi və dövlətdən külli miqdarda kompensasiya alınması məqsədi üçün bu addım atılmış ola bilər" - deyə Xasməmmədov fikrini tamamlayıb.

Fuad Cəbrayılov:


"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, bu biabırçılıq Abşeron İHB-nin müavini Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovun istəyi, təşkilatçılığı ilə törədilib. Belə ki, başçının müavini xanım rəhbərin icazəsinə belə ehtiyac duymadan bir neçə yaxınının iradəsilə yolun ərazisində belə özbaşına "islahat"-a qol qoyub.

Saytımıza verilən özəl xəbərə görə, yolkənarı qazıntı və tikinti əsasən bir neçə varlı şəxsə və kənarda olan iriçaplı məmura yarınmaq üçündür. İnandırıcı səslənməsə də, bu olayın durdurulması xanım icra başçısının gücü daxilində deyil. Bildirilir ki, Abşeronda belə hərcayi işlər məhz müavinin müstəsna kurasiyasındadır və İHB-dən deyil, kənardakı güclü klan tərəfindən dəstəklənir. 

Onu da qeyd edək ki, xəbər günorta saatlarında yayılsa da, Abşeron İHB hələ də fakta heç bir rəsmi münasibət bildirməyib. Bu da özlüyündə məsələnin ağırlığından xəbər verir.

Əvvəllər də məhz Abşeronun icra başçısı olmağa belə iddialı olan Fuad Cəbrayılovun adı torpaq satışında, belə inanılmaz tikinti - şəhərsalma özbaşınalıqlarında hallanıb. Bu isə təsadüfi deyil.

Bəs, xanım başçıdan güclü və əməlləri "qırmızı xətt" tnımayan müavin Fuad Cəbrayılov kimdir?

Belə bir narazılığı icra başçısına kim və niyə yönləndirib?

Əslində məhz bu barədə yazılmalı, bu özbaşınalığın əsl səbəbkarları gün işığına çıxarılmalıdır.

Yazıda adıkeçən hər kəsin söz haqqına sayğımızı ifadə edirik.

(mövzu diqqətimizdədir)

Demokratik.Az 

 






 


 

Oxşar xəbərlər