"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Bugün saat 10:00-da Göygöl rayonunda keçiriləcəyi gözlənilən Məhkəmə prosesi baş tutub. "Bakı-xəbər" qəzetinin ştatdankənar müxbiri Məhəmmədəli Qəriblinin "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğluna qarşı "şərəf və ləyaqət" davası üzrə iddiaya baxılıb. Prosesdə iş təzələnib. Belə ki, iddia tələbinin tam şəkildə rəddini istəyən və öz növbəsində geniş məzmunlu qarşılıqlı iddia ilə M.Qəriblinin özünə qarşı 100 min (yüz min) manat təzminat davası açan Nərimanoğlu həm də iddiaçı kimi tanınıb.
Bu barədə saytımıza jurnalistin özü məlumat verib. O bildirib ki, sonda adıçəkilən müxbirlə məhkəmə çəkişməsinə cəlb edilsə də, qarşı tərəflə hər hansı polemika apardığına çox peşmandır. "Gec də olsa etiraf edəcəyəm ki, bu adamla söz davası apardığıma üzülürəm. Çünki, daim ehtiyac duyduğu qürrəli və şizofrenik həyat tərzini bu dəfə də mənim hesabıma yaşadı. Sanki borcum varmış kimi, bu savadsıza aylardır ki, qanmaq və yazıçılıq dərsi keçirəm. Mən artıq yoruldum, amma şagirdim həmişəki kimi, şifahi və yazılı imtahanlarda qeyri-kafiyə cavab verir..."
Osman Nərimanoğlunun dediyinə görə, bugünkü məhkəmədə gözlənilməz hal da yaşanıb. Şər-böhtanı özü ilə gəzdirən M.Qəribli hakim qarşısında da aponentini şər atmaqla üstələməyə çalışıb. Amma, qazandığı üstünlük həyasızlıq və vay-şivənlikdən qırağa çıxmayıb.
"Hesab edirəm ki, bu adama məhkəmədə vəkil mütləq lazımdır. O, nəinki özünün iddiasını əsaslandıra, müdafiəsini təşkil edə bilmir, heç özünü prosesdə normal apara bilmir. Bunu bugünkü iclasda tam sübut etdi. Təsəvvür edin ki, Qəribli nə öz iddiasının nə də qarşılıqlı iddianın mahiyyətini anlamayacaq dərəcədə savadsızlıq göstərdi. Gah qışqırdı ki, bu "reket"di, gah dedi ki, sənədləri Bakıya göndərin, gah da məni təxribatçı adlandırdı. Güya Osmanın qoçu dəstəsi məhkəmədən çıxan kimi Qəriblini döyəcəklər. Hakimə bildirdi ki, qorxuram və sair. Adam əməlli-başlı dəngəsiz və rabitəsiz nitq sözlədi, sayıqladı, məhkəmənin önündə də bir şəkil çəkdirib aradan çıxdı"..
Osman Nərimanoğlu onu da qeyd edib ki, Qəribli dünən gecə saatlarından Gəncədə, şəhərin mərkəzi küçələrində gəzib ədalı selfielərini facebookunda paylaşıb. Köhnə ənənəsinə sadiq qalaraq savadsız və məntiqsiz atmacalarla diqqəti üstünə çəkib. Bir gün öncədən səhifəsində reklam xarakterli abunə təklifində də bulunaraq, sanki, "Bakı Xəbər"ə Gəncə və Göygöldə abunə yazdırmaq eşqinə də düşüb.
Ədəbaz müxbir məhkəmədə çox möhtəşəm çıxış edəcəyini də hər kəsə bəyan edib. Lakin, Yasamal rayon məhkəməsində hakimlə həkim sözünü yanlış ifadə etdiyi kimi, öz sərsəm fikir və mülahizələri ilə Göygöl məhkəməsini də özünə güldürüb.
"Qəribli yenə sübut edə bilib ki, sözünün ifadə tərzində natarazdır, eləcə də Ana Yasamızdan, Mülki Prosessual Məcəllənin tələblərindən, məhkəmədə prosessual hüquq normalarından yetərincə xəbərsizdir. Tam savadsızdır" -deyə Osman Nərimanoğlu bildirib.
Osman Nərimanoğlu hesab edir ki, rəzilliyini sahibinin başına qaxınc etməyə həqiqətən lüzum yox idi. Əgər, adam Məhkəmə hakiminin qarşısında bağıra-bağıra, gözünü bərəldə-bərəldə planlaşdırdığı qəfil şərə keçməsəydi. Və, ardından, bir neçə saat sonra məhkəmə prosesini istəyinə uyğun təhrif etməsə idi...
Bəs, həqiqətən M.Qəriblini Göygöldə döymək planlaşdırılıbmı? Təbii ki, onu döyməyə hazırlaşan, ona baş qoşan nə məhkəmədə, nə də bayırda bir kimsə olmayıb. Bu, sadəcə "Xoşqədəmin ekspertiyəm" deyən şəxsin şou-proqramla məhkəməni xeyli dəyişik salmasının bir əlamətidir.
Bu suala cavab verən sayt rəhbəri ən qatı rəqibini belə qeyri-yasal yollarla cəzalandırmaq barədə düşünmədiyini, bunun abstrakt və geridəqalmış təfəkkür olduğunu bildirdi. O hesab edir ki, qanunları pozmayan və asayişimizin dövlət yetkililəri tərəfindən yüksək səviyyədə qorunduğuna inanan hər kimsə, belə nağıllar uydurmamalıdır. Əks halda, daha da cılız görünür.
M.Qəribli məhkəmədə heç bir ehtiyac olmadan Mətbuat Şurasını da tərifləməklə məhkəmənin vaxtını alıb. Sakitliyə riayyət etməyib, yenə qarşı tərəfə təhqiredici adekvat ifadələr işlədib. Qəriblinin naməlum iribuynuzlu məmurları da savunması məhkəmə iştirakçıları üçün gülməli və yaddaqalan olub.
Belə həssas məqamda, Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının sədri Müşviq Ələsgərlinin "Bakı Xəbər"də yayılan, məhkəmənin keçirilmə tarixi və prosesi təhrif edən ucuz dəstəkverici açıqlaması onu deməyə əsasdır ki, belə yarıtmazlar yalnız MŞ-nin trolu qismində şəxsiyyət əleyhinə təhqir və böhtan yazmağa yaramaqda davam edirlər. MŞ-nin və Müşviq Ələsgərlinin tərəfkeşliyini isə məhkəmə işinə basqı və şübhə predmeti hesab etmək olar. Təbii olaraq heç bir hüquqi əsası olmayan lüzumsuz bəyanatların tirajlanması yolverilməz olmaqla, adıçəkilən qurumun "Demokratik.Az"-a və rəhbərinə olan qərəzini yenidən ortaya çıxarır. MŞ funksioneri Müşviq Ələsgərlinin adından işıq üzünə çıxan açıqlama oxucu üçün həm də hakim qərarı təsiri bağışlayır. Kimin haqlı olduğunu ekspert qismində də dəyərləndirə "bilən" media "ovçusu" özü böhtan ataraq, böhtan terminindən xeyli yararlanır.
Osman Nərimanoğlunun dediyinə görə, MŞ idarə heyətinin üzvü Aydın Quliyevin rəhbərlik etdiyi bir qəzetin müxbirinin süni manipulyasiyalarla müdafiəsi onu narahat etmir. Əksinə, yumoristik hisslər aşılayır. Bilərəkdən belə təhriflərə yol verməyi isə azsaylı oxucularına və media cameəsinə qarşı xəbərcilik təxribatı adlandırmaq lazımdır. Jurnalist hesab edir ki, onlar bu cür üsullarla həqiqətləri gizlədə, haqq səsi boğa, cılız qabiliyyətli bir müxbiri müdafiə edə bilməyəcəklər.
Bildirək ki, bu gün keçirilən mülki iş üzrə məhkəmə iclasında qarşı tərəfin təhrifə və yalan uydurmağa mərəzi nəzərə alınaraq, Osman Nərimanoğlunun bütün açıq məhkəmə iclaslarının videoçəkilişlə qeydə alınmasına dair vəsatətlə çıxış edib. Qarşılıqlı iddia ərizəsi icraata götürüldüyündən, Osman Nərimanoğlunun iddiasına etiraz, irad və digər prosessual hüquqlarının həyata keçirilməsi üçün M.Qəribliyə 10 gün vaxt verildiyindən vəsatətə hüquqi qiymətin verilməsi təxirə salınıb.
Növbəti məhkəmə iclası fevralın 26-a təyin edilib.
Məhkəmənin ədalətinə isə, indidən, kimsə şübhə etməməlidir!..
Demokratik.Az