"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal

  • 20 yan 2019, 22:31

Qanlı 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir...

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il ötür. 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. İyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ümummilli lider Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir".
"Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Xalq həmin gün ağır sınağa çəkildi və bu sınaqdan şərəflə çıxdı. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi. Azərbaycan xalqı 20 Yanvarı təkcə hüzn günü kimi deyil, milli qürur və iftixar günü kimi anır. Əslində 20 Yanvar ayrı-ayrı fərdlərin deyil, bütün xalqın faciəsidir. O müdhiş gecədə həlak olan hər kəsi xalq öz övladı sayır, onlara yas tutur, onlarla qürur duyur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

                                                                                     

 

 

 
 
Valeh Asadov
ADAU-nun tələbə gənclər təşkilatının sədri, gənc fəal


Oxşar xəbərlər