İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”

  • 15 dek 2018, 11:26

"Suverenlik – dövlətin ölkə daxilində və xaricində öz Konstitusiyası, müvafiq qanunları, beynəlxalq hüququn verdiyi səlahiyyətləri azad və sərbəst şəkildə, hamılıqla qəbul olunmuş prinsiplər və normalar əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ deməkdir. Əgər bir ölkədə qanunlar işləmirsə, deməli, onun suverenliyindən danışmaq da mümkün deyil”.

Bunları Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bəzi siyasətçilərin zaman-zaman hansısa siyasi aksiyanın keçirilməsinin suverenliyimizə təhlükə yaradacağı ilə bağlı fikirlərini Ovqat.com-a şərh edərkən deyib.

Partiya sədrinin fikrincə, bu adamlar ya suverenliyin nə demək olduğunu bilmirlər, ya da qəsdən təhrifə yol verirlər: "Təəssüflər olsun ki, hazırda Azərbaycanda bu problem ciddi şəkildə özünü göstərir. Ölkəmizin 20 faizi işğal altındadı və həmin ərazilərdə nəinki qanunlarımız işləmir, hətta dövlət idarəetmə orqanlarının ən səlahiyyətli nümayəndələri belə, oraya gedə bilmirlər. Digər 80%-lik ərazimizdə isə qanunlarımız işləmir. Ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur”.

İ.İsmayılov bu fikrinin isbatı kimi ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasını göstərib: "Təsəvvür edin ki, Konstitusiyanın müvafiq maddələrinə görə, Azərbaycan vətəndaşlarının hər birinin öz fikrini azad şəkildə ifadə etmək, sərbəst toplaşmaq hüququ vardır. Hakimiyyət isə bu hüququ heç bir qanuni əsası olmayan arqumentlərlə boğur. Məsələn, bu yaxınlarda Qarabağ Komitəsi Bakıda Azərbaycanın suverenliyinin ermənilər tərəfindən pozulması ilə bağlı etiraz aksiyası keçirmək istəyirdi. Amma Bakı şəhər İcra Hakimiyyəti buna icazə vermədi. Arqumenti isə belə oldu ki, bu işlə prezident məşğuldur, kiminsə bu məsələyə müdaxiləsinə ehtiyac yoxdur. Bu cür gülməli arqument bir daha sübut edir ki, Azərbaycan xalqının nəinki sərbəst şəkildə öz idarəetmə mexanizmini müəyyənləşdirmək, heç xarici düşmənlərə qarşı səsini çıxarmaq imkanı da yoxdur. Elədirsə, hansı suverenlikdən danışmaq olar?”

Partiya sədri hesab edir ki, Dağlıq Qarabağ problemi xalqdan başqa heç kimin inhisarında olmamalıdır. Azərbaycan hakimiyyətinin Qarabağla bağlı düzgün siyasət yürütmədiyini iddia edən partiya sədrininin fikrincə, rəsmi Bakı problemin həllini ATƏT-in Minsk qrupuna həvalə edib: "Minsk qrupunun isə bununla bağlı hər hansı imperativ qərarlar çıxarmaq hüququ yoxdur. O, sadəcə tərəflərə hansısa təkliflər verə bilər və verir. Erməni tərəfi buna əməl etmir və məsələ beləcə bağlanmış olur. Azərbaycan hakimiyyəti isə bu vəziyyətdə heç nə edə bilmir, mənasız danışıqları uzatmaqla işini tamamlanmış sayır”.

Belə vəziyyətdə xalqın öz iradəsini ortaya qoymalı olduğuna inanan İ.İsmayılov fikirlərini bu cümlələrlə yekunlaşdırıb: "Yalnız xalq Qarabağın taleyi ilə bağlı yekun sözü deməli, lazım gələrsə, problemi hərb yoluyla həll etməldir. Azərbaycan hakimiyyətinin siyasi aksiyalara icazə verməməsi bu şansı da onun əlindən alır. Halbuki, ümumxalq etirazının təşkil olunması ilk başda prezident İlham Əliyevə lazımdır ki, ciddi qərarlar vermək məsuliyyətini xalqla bölüşsün”.

Oxşar xəbərlər