MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO

  • 10 dek 2018, 10:04

Milli Məclisin ötən gün keçirilən iclasınd maraqlı anlar yaşanıb. Belə ki, deputat Fazil Qəzənfəroğlu parlamentin 100 ilinin tamam olması münasibətilə Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ancaq  spiker Oqtay Əsədov və onun müavini Bahar Muradova bunun əleyhinə çıxıblar.

Xatırladaq ki, Azərbaycanın birinci parlamenti 7 dekabr 1918-ci ildə təsis edilib.

F.Qəzənfəroğlu bildirib ki, bu əlamətdar gündə Milli Məclisin banilərinin xatirəsini yad etmək lazımdır.

Öz nitqində deputat, Prezident İlham Əliyevin Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin nəvəsinin müalicəsinə vəsait ayırması faktını xatırladıb və qeyd edib ki, bu, yeni respublikanın liderinin bizim dövlətimizin banilərinə diqqətinin göstəricisidir: "Laqeyd qalmayın”.

Ancaq Fazil Qəzənfəroğlunun bu bəyanatından dərhal sonra parlamentin spikeri Oqtay Əsədov deputatın dediklərini vitse-spiker Bahar Muradova ilə müzakirə etməyə başlayıb və o, təklifə başını nümayişkaranə şəkildə bulamaqla cavab verib.

Bundan sonra O.Əsədov deputatlara müraciət edərək bildirib ki, F.Qəzənfəroğlunun təklifi qəbul olunmur, çünki Milli Məclis ilk Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsini dəfələrlə bir dəqiqəlik sükutla yad edib, bu səbəbdən də indi ona xüsusi ehtiyac yoxdur.

Spiker həmçinin əlavə edib ki, 7 dekabr Milli Məclis üçün bir növ bayram günüdür və parlament kiminsə xatirəsini matəm sükutu dəqiqəsi ilə yad etmir.  

Maraqlıdır ki, bundan öncə parlament sədri Oqtay Əsədovun ümumiyyətlə Azərbaycanın birinci parlamentinin 1918-ci il dekabrın 7-də keçirilən iclasının 100 ilinin tamam olmasından xəbərsiz olduğu üzə çıxıb. Belə ki, aşağıdakı kadrlardan da göründüyü kimi, yalnız vitse-spiker Ziyafət Əsgərovun spikerin qulağına pıçıldamasından sonra O.Əsədov bu əlamətdar hadisədən xəbər tutub. Və bir qədər könülsüz şəkildə həmin tarixi hadisəni deputatlara xatırlatmalı olub.

Ümumiyyətlə, ötən gün Milli Məclisdə parlamentin 100 illiyilə bağlı aparılan müzakirələr və spikerin buna reaksiyası parlament rəhbərliyinin Azərbaycan Demokratik Respublikasının qurucularına laqeyid münasibətinin növbəti təzahürü kimi qəbul edilə bilər.


Oxşar xəbərlər