Mirşahinin Osmanqızına yağdırdığı söyüşlərə SƏRT REAKSİYALAR

  • 07 dek 2018, 01:13
"Mirşahinin Sevinc Osmanqızı haqda canlı yayımda dediyi sözlər məndə şok yaratdı. Bu cür müdafiə hakimiyyətin özünə qəti hörmət gətirmir”.

"AzPolitika.info”nun məlumatına görə, bunları Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu Real.tv-nin rəhbəri Mirşahin Ağayevin növbəti dəfə canlı yayımda jurnalist Sevinc Osmanqızını nalayiq sözlərlə təhqir etməsinə münasibət bildirərkən deyib.

Mirşahin ötən bazar günü "Mirşahinin vaxtı” adlı müəllif verilişində S.Osmanqızını təhqir edib. Onun artıq adət halını alan bu hərəkəti 2 gündür sosial şəbəkələrdə müzakirə mövzusudur. Daha doğrusu, minlərlə sosial şəbəkə istifadəçi cavab olaraq Mirşahinin ünvanına ən ağır formada təhqirlər yağdırır. Əksəriyyət isə sadəcə olaraq akademik Cəlal Əliyevin Milli Məclisdəki məşhur çıxışını paylaşmaqla bunu mərhum akademikin dilindən edir.

sevinc-osmanqizi-960x640

Mirşahin isə aylardır buna dözür və geri çəkilmir, minlərlə insanın təhqirinə məruz qalacağını bilsə də, efirdə söyüş söyməkdən, özünə qarşı ictimai nifrəti hər dəfə yenidən körükləməkdən imtina etmir. Adam, sanki, söyməkdən və söyülməkdən həzz almağa başlayıb…

Ötən bazar günü bütün cizgiləri tapdalaması isə hökumətin tərəfdarlarını belə qəzəbləndirib. Açıq şəkildə hökumətyönlü mövqeyi ilə seçilən insanlar Mirşahinə etiraz ediblər. Onların fikrincə, hökumətin belə müdafiəyə ehtiyacı yoxdur. Nədən ki, Mirşahinin söydüyü adamların cəmiyyət arasındakı hörməti daha da artır.

"Belə tərbiyəsizliyin cavabı çox sərt olur”

Eldar sabiroglu

Bu fikri müdafiə edənlərdən biri də Eldar Sabiroğludur. Onun fikrincə, Mirşahin bütün sərhədləri aşır, tərbiyəsizlik edir: "Osmanqızının verilişlərinə irad tutmaq, kəskin tənqidin hədəfinə çevirmək mümkündür və burada heç bir qəbahət görmürəm. Ancaq bütün əxlaqi, mənəvi hədləri tapdalayaraq bir xanımın namus və şərəfini alçaltmaq, özü də bunu ekrandan birbaşa evlərə püskürmək kişilikdən deyil! Biz azərbaycanlıyıq və özünəməxsus adət-ənənələrimiz var. Belə tərbiyəsizliyin cavabı çox sərt olur. "Real”çı baş redaktor bu hərəkəti ilə hakimiyyətin özünə ziyan vurmuşdur. Sosial şəbəkələrdə bəzi tanış imzalara rast gəldim, hansı ki, onlar həmişə iqtidarın mövqeyində durublar, indi tənqid edirlər. "Real”çıya isə söyüşün biri bir köpüyədir. Bu kimə lazım idimi?!”

"Mirşahinin söyüşləri ölkəni söyənlərin reytinqini xeyli artırır”

etibar_eliyev_(8)

Tanınmış təhsil eksperti Etibar Əliyev də Mirşahini hədəfə götürüb. O da hesab edir ki, Mirşahinin söydüyü insanların reytinqi yüksəlir. E.Əliyev yazır: "Söyüşə söyüşlə cavab verməzlər. Söyüş söyənə fikir verməsən bir müddətdən sonra özü-özündən iyrənəcək. Ya da, onları ağıllı, təmkinli söhbətlərlə utandırmalısan. Ölkəni tərk edib Avropada sığınan və söyüş söyənlərə ölkədə heç kimin rəğbəti yoxdur. Mən hələ indiyə qədər onların heç birinə baxmamışam. Hətta, onları tənqid edən məqalə ilə də çıxış etmişəm. Onlara youtube-də həvəskarlar baxırlar. Bir də var hamımızın evinin içinə yerləşmiş ölkənin efir məkanı. Onlardan birinin rəhbəri olan Mirşahinin dünənki söyüşlərini izlədim. Mənim az yaşım yoxdur və müəyyən dünyagörüşünə sahibəm. Mirşahinin söyüşləri ölkəni söyənlərin reytinqini xeyli artırır. Adam deyir ki, müəlliməm. Yaxşı, jurnalistika fakültəsinə daxil olan gənclər buna baxıb nə öyrənsinlər? Şəxsən mənim o fakültədə oxuyan övladım olsa, ona Mirşahinə baxmağı qadağan edərəm. Nuşirəvan müəllim (MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli-red.) deyəsən məzuniyyətdədir. Daha irad-filan tutub eləmir. Ay Nuşirəvan müəllim, heç olmasa Mirşahinin verilişinin bir küncünə "18+” yazdırın. Bunun özü də islahat sayıla bilər.

P.S. Mirşahin ekspertlərə "pert” adını qoydu. Onları da aşağıladı. Ekspert (latınca, ekspertus- "təcrübəli” ) mənasını veririr. Gələcəkdə Mirşahin də "pert” ola bilər…”

Onlarla digər tanınmış sima da Mirşahini beləcə yerdən-yerə vurub. Lakin çətin ki, bunun bir nəticəsi olsun…

AzPolitika.info

Oxşar xəbərlər