Gəncədəki 3 saylı orta məktəbdən yeni XƏBƏRLƏR - ÖZBAŞINALIQ!

  • 03 dek 2018, 13:44

Gəncədə fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbində aşılanan çeşidli özbaşınalıqlar davam edir.

Bu barədə "Demokratik.Az" saytına yeni məlumatlar göndərilib.

Təhsil ocağı illərdir ki, süni problemlərin varlığından əziyyət çəkir. Bir sıra yeni faktları qısa olaraq diqqətinizə çatdırmağa çalışacağıq...

Direktorun "401+" əməliyyatına ayda 10 manatlıq "tas"

Aldığımız məlumata görə, məktəbdə ştat və şagird sayının qeyri yollarla artırılması üçün 60-a qədər pedoqoji heyətin hər birindən ayda 10 manat pul yığılır. Belə ki, şagird sayının 400-dən yuxarı olmasına nail olan məktəb rəhbərliyi yaxın ərazidən, xüsusilə Türklər qəsəbəsində yaşayan 100-ə yaxın uşağı dərsə maşınla daşıyır.

Hər ay müəllimlərdən yığılan 600 manat maddi vəsaitin yarısı şəhər 2 saylı marşrut xətti üzrə işləyən ("AZ 20 AE 624" dövlət nömrə nişanlı) avtobus sürücüsünə qeyri-rəsmi qaydalarla "əməkhaqqı" kimi ödənilir. Yerdə qalan 300 manatı isə yəqin ki, direktor özü mənimsəyir. Eyni adla valideynlərdən də könüllülük adı altında vəsait toplandığını iddia edənlər var...

Yararsız su motorları, istilik sistemi və yoxa çıxan 1200 manat...

Artıq qış mövsümünə qədəm qoysaq da, müasir üslubu ilə diqqət çəkən məktəbin istilik sisteminin yararsızlığı da həllini gözləyən problem olaraq qalır.

Müəllimlərin "Demokratik.Az-a verdiyi bilgiyə görə, ötən ilin qışında xanım direktor Vüsalə Səfərova 2 su motorunun alınması və əlavə montaj işlərinin görülməsi məqsədilə hər sinifdən 30 manat olmaqla, ümumilikdə 1200 manat pul toplayıb. Lakin yığdığı vəsaiti vəd etdiyi iş üzrə xərcləməyib və həmin pulu özü mənimsəyib. Nəticədə, hazırda məqtəbəqədər hazırlıq sinifləri istiliyin olmamasından əziyyət çəkir. Havalar soyuq olduğundan, azyaşlıların dərsləri tez-tez təxirə salınır...

Yanğın təhlükəsizliyi texnikası qaydaları qəsdən pozulur...

Aldığımız məlumata görə, yanğın əlehinə təhlükəsizlik tədbirlərinə saymazyana yanaşıldığına görə, gec də olsa məktəbə Gəncə Sukanal İdarəsi və FHN-in regional şöbəsi tərəfindən yüksək məbləğdə cərimələr yazılıb. Məktəbdəki 100 tonluq su hovuzunu maxinasiya hesabına doldurmağa çalışan direktorun qanunsuz əməli aşkara çıxarılıb. Arteziandan ayrılan əsas su xəttinə icazəsiz müdaxilənin - su oğurluğunun üstü açıldığı üçün məktəbə küllü miqdarda cərimə protokolu tərtib edilib. Beləcə, FHN-in təlimatına məhəl qoymayan məktəbdə hələ də zəruri profilaktik su ehtiyyatı tədarük edilməyib. Vaxtı ötmüş yanğın əlehinə qaz balonları da yenilənməyib. Xanım direktor mövcud problemlərin həllindən daha çox, cərimələrin ödənilməməsinə yollar axtarır...

Ayaqyolu biabırçılığı, susuzluq, antisanitariya, üfunət...

Təəssüf ki, məktəbin ən ağrılı problemi ayaqyolu, sanitar qovşaq və əl-üz yuma problemidir. Aldığımız məlumatlarda o da deyilir ki, təhsil müəssisəsində sanitar qovşaq sıradan çıxıb. Məktəbi üfunət bürüyüb, lakin buna da əlac edilmir. Şagirdlərin əl-üz yumaları üçün hansısa şərait yaradılmayıb, adi su belə yoxdur...

Bufet, texniki işçilərin əməyinin istismarı, qardaş-bacı qazancı...

Xanım direktor məktəbin bufetini özünün və qardaşının manapoliyasına - qazanc mənbəyinə çevirib. Bu azmış kimi, məktəbin texniki işçilərinin əməyini istismar edərək "öz bufetində" işlədir.

Mənbəmizin dediyinə görə, bufetdə şagirdlərə qanunla satışı yasaq olan ərzaq  - mənşəyi bəlli olmayan soklar, ziyanlı və gündəlik sanitar, gigiyenik normalar yoxlanılmadan satışa çıxarılan qida məhsulları doludur. Bufetə gələn gündəlik ərzaq malları direktorun qardaşının şəxsi maşını ilə daşınır. Məlumata görə, bufetlə məktəb arasında müqavilə belə yoxdur və bu fərdi qazancın məktəbə heç bir xeyri yoxdur...

Müəllim kollektivi arasında gəzən ən populyar sual - Vüsalə Səfərova 25 minlik maşınını hansı pulla alıb? 

Direktor ötən il özünə 25 min manat dəyəri olan inomarka avtomobil alıb. Məktəb kollektivi xanım rəhbərlərinə maşın sürməyi yaraşdırsalar da, bu pulu birdən-birə necə əldə etdiyini, özünə iki il ərzində bahalı maşın almağın məktəbdəki maxinasiyalarla bağlı olub-olmadığını sual edirlər. Bəziləri düşünür ki, məktəb rəhbərinin bu maddi irəliləyişi məhz məktəbdə müxtəlif adlar altında yığılan rüşvət hesabına reallaşıb...

Xatırladaq ki, "Demokratik.Az" saytı ötən aylarda sözügedən məktəbdə təhsil adına yaraşmayan xoşagəlməz olaylardan bəhs edən yazılar dərc edib.

Öncəki yazılara bu linklərdən baxa bilərsiniz:

Gəncədə direktorun antipedoqoji fəaliyyətinə ekspertdən və nazirlikdən REAKSİYA

Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)

Bildirilirdi ki, direktor məktəb ərazisində, 2 ha torpaq sahəsində guya yaşıllıq zolağının yaradılması məqsədilə arpa-buğda əkini ilə məşğul olub. Taxılın suvarılması üçün isə, məktəbin illik elektrik kvotasını aşaraq, iki il ərzində 3000 manatdan artıq israfçılığa, talançılığa yol verilib.

Bu faktlar yetərincə ciddi olsa da, hələ də dərindən araşdırılmadan saxlanılır. Məktəb adına 3000 (3 min) manatdan artıq ziyan vurmuş bir direktorun əməlinə qiymət verilmir. Direktor cəzalandırılmır, O, özünü hər yerdə sabiq nazirin yaxın qohumu kimi təqdim edir.

Araşdırmamız zamanı məlum edə bildik ki, xanım Vüsalə Səfərova direktorluğu boyunca sabiq nazirin yaxın dostu, TN-in tabeliyində 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin sabiq direktoru Vüsal Məmmədovun himayəsində olub. Və bu məktəbdəki bir çox maliyyə pozuntularının aşkarlanmaması, yoxlamaların aparılmaması hazırda Vergilər Nazirliyinin Yevlax Regional Departamentinin rəhbəri Vüsal Məmmədovun təəssübkeşliyi ilə mümkün olub. Bəs, görəsən bundan sonra bu qalmaqallı məktəbdə baş verənlərə inzibati nəzarət hökmü necə olacaq, bunu görəcəyik...

Şəhər mərkəzindən bir qədər kənarda yerləşən, gözdən uzaq, qulaqdan iraq məktəbin bəzi şagirdləri ailəsi ilə birlikdə Rusiyada yaşasa da, rüşvət hesabına qiymətləri yazılır. Ölkə hüdudlarından kənarda olan şagirdlərin hər birindən ayda 100 dollar rüşvət alındığı deyilir. Bu faktın həqiqətən olduğunu dəqiqləşdirmədiyimizdən, bizə məlum olan şagird adlarını ictimailəşdirmirik. Lakin, araşdırıb bugünlərdə təfərrüatları sizlərə təqdim edəcəyik.

Direktorun qanunsuz olaraq işdən çıxartdığı müəllimlər barədə də əlavə məlumat verəcəyik...

Qarşı tərəfin söz haqqına da sayğımızı ifadə edirik...

Demokratik.Az


Oxşar xəbərlər