MŞ-DƏ NONSENS! "Demokratik.Az"-a qarşı şikayətə BİR GÜNDƏ İKİ SAXTA QƏRAR

  • 22 noy 2018, 15:07

Bakı. Trend:

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Avropa Azərbaycanlıları Konqressinin prezidenti Sahil Qasımovun "Veteninfo.az” xəbər saytına qarşı şikayətini araşdıran Komissiya üzvləri müəyyən ediblər ki, saytda AAK və onun rəhbər strukturları barədə silsilə olaraq yayılan xəbərlərdə "Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) prinsipləri pozulub, tənqidi xarakterli yazılarda qarşı tərəfin rəyi öyrənilməyib, balans gözlənilməyib, dəqiqləşdirmə aparılmayıb. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, "Veteninfo.az” xəbər saytına MŞ tərəfindən xəbərdarlıq edilib.

Komissiya AAK-ın "Reytinq” qəzeti barədə eyni motivli şikayətini də araşdırıb. Qəzet redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər.

"Atlas ES” MMC-nin baş direktoru İslam Abdullayevin "Azərbaycan reallığı” İnformasiya Ağentliyinə qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, Agentlikdə MMC və onun təmsilçiləri barədə kəskin tənqidi ruhlu materiallar yayımlanıb və qarşı tərəfin mövqeyi öyrənilməyib. Materiallar birtərəfli, yalnız bir qrup şikayətçiyə istinad edilərək hazırlanıb. MMC təmsilçilərinin özlərinin təşəbbüs göstərməsi, mövqelərinin işıqlandırılmasına yönəlik cəhdləri də nəticə verməyib: İnformasiya Agentliyi onların mövqeyini dərc etməkdən boyun qaçırıb. Komissiya üzvləri qərara gəliblər ki, geniş araşdırma aparılması üçün "Azərbaycan Reallığı” İA üzrə iş MŞ-nin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilsin.

BDU-nun dosenti Rəşid Cabbarovun "Təzadlar” qəzetinə qarşı şikayətinin araşdırılması şikayətçinin üzürlü olaraq iclasa qatıla bilməməsi səbəbindən təxirə salınıb, müzakirə növbəti iclasa saxlanılıb.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq "Demokratik.az” Xəbər Portalına qarşı şikayəti də baxılmamış saxlanılıb.

Şikayətçiyə məlumat verilib ki, "Demokratik.az” Xəbər Portalının adı MŞ İdarə Heyətinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə "qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.

Bakı şəhəri, Binəqədi rayonu Q. Bəxşiyev adina 179 nömrəli tam orta məktəbin direktoru Bayaz Novruzovanın "Femida.az” saytına qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, şikayət ərizəsində əks olunan iddialar özünü doğrultmur. Xəbər portalının təmsilçiləri balansı gözləmiş, şikayət məktubu əsasında hazırlanmış məqaləni dərc etməzdən öncə qarşı tərəfin də mövqeyini öyrəniblər.

"Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın "BakuNEWS.az”, "Median.az”, "Xalqxeber.az” saytlarına qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, xəbər saytları jurnalın azyaşlı auditoriya üçün hazırlandığını nəzərə alaraq, orada yanlış anlaşıla biləcək ifadələrin dərc edilməsini tənqid ediblər. Tənqidi, ictimai mövqedən çıxış edərək sərgiləsələr də, balans prinsipini pozublar, tənqid etdikləri obyektin mövqeyini öyrənməyə təşəbbüs göstərməyiblər. Komissiya adı çəkilən xəbər saytlarının təmsilçilərinə tövsiyə edib ki, iradları nəzərə alaraq, balans prinsipini gözləsinlər. /TRENR.AZ/

MŞ-nin saytında yer alan 01 noyabr 2018-ci il tarixli qərarından

"Demokratik.Az"-dan: Xatırladaq ki, MŞ-nin şikayətlər üzrə komissiyası 24 oktyabr 2018-ci il tarixdə Göygöl SSİ-nin müdiri İlqar Məhərrəmovun "Demokratik.Az" saytına qarşı şikayətini həqiqətən araşdırıb. "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlunun özünün də iştirak etdiyi həmin iclasda media orqanına qarşı "ciddi xəbərdarlıq" qərarı elan edilib. Sonradan sayt "xəbərdarlıq" qərarını doğru hesab etməyib, bu barədə şuraya qarşı tənqidi material işıqlandırıb, narazılığını bildirib.

Buna cavab olaraq MŞ 01 noyabr 2018-ci il tarixli yığıncağında «demokratik.az» saytı ilə bağlı 24 oktyabr 2018-ci il tarixli rəyinin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair qərar qəbul etmişdi.

Qərarını  da onunla əsaslandırmışdı ki, MŞ son iki ay ərzində demokratik.az saytına iki dəfə ciddi xəbərdarlıq edib. Ancaq sayt bundan nəticə çıxarmaq əvəzinə, MŞ-nın qəbul etdiyi qərarları saxta və repressiv adlandırıb.

Yuxarıdan göründüyü kimi, Mətbuat Şurası tənqidimizə qarşı dözümsüzlük edərək, nöqsanlarını aradan qaldırmaq əvəzinə, növbəti dəfə saxta qərara qol çəkməklə bizə qarşı kinini, qərəzini yenidən ifadə edib. MŞ tarixində ilkə və NONSENSə gedib - "Demokratik.Az" saytı MŞ tərəfindən eyni gündə və eyni şikayət üzrə iki qərarla cəzalandırılıb. 24 oktyabrda saxta "ciddi xəbərdarlıq" və "qara siyahı" - ya salınma reallaşıb. İndi özümüz bilmirik, biz 24 oktyabrda "ciddi xəbərdarlıq" almışıq, yoxsa adımız köhnə tarixə "qara siyahı"- ya da soxuşdurulub?

"Əhsən"! MŞ bunu da etdi - bir şikayətə iki saxta qərar, özü də eyni günə...

İnanaq ki, Mətbuat Şurasının bu savadsızlığına tezliklə bir aydınlıq gətiriləcək. Ya "reket"çilik qərarı, ya da "ciddi xəbərdarlıq" qərarlarından birini özləri geri çəkəcək...

(digər məsələlərə də tezliklə aydınlıq gətirəcəyik)

Demokratik.Az

Oxşar xəbərlər