HEYDƏR ƏLİYEVİ ilk işə alan DTK polkovnikinə yubiley keçirilsin! - Vətəndaş təklifi / ÖZƏL

  • 08 noy 2018, 08:39

"Demokratik.Az" saytına maraqlı müraciət daxil olub. Gəncə sakininin ictimaiyyətə və ölkə rəhbərliyinə açıq müraciət - təklif məktubunda ulu öndərimiz mərhum Heydər Əliyevin də yaxşı tanıdığı bir DTK polkovnikinə 107 yaşı münasibətilə YUBİLEYİN keçirilməsinə təşəbbüs var. Söhbət, 1912-ci ildə Gəncədə anadan olmuş, SSRİ rəhbəri Stalinlə və Mircəfər Bağırovla da dostluq etmiş DTK polkovniki, mərhum Həsənov İbrahim Əli oğlundan gedir.

"Demokratik.Az" EKSKLÜZİV müraciəti nəzərinizə çatdırır:

"Hörmətli oxucular!

Ulu Öndər mərhum Heydər Əliyevlə və SSRİ dönəmində tanınmış DTK polkovniki ilə bağlı olan çox vacib bir xatirəni Sizlərin nəzərinə çatdırmaq istəyirəm...

Mənim mərhum atam sağlığında Gəncə şəhərində qızılgüllərlə məşğul olan az adamlardan biri idi. Camaat gülləri alıb artıra bilməsin deyə, bəzi gülsatanlar güllərin gözünü bıçaqla kəsib zədələyirdilər, o zaman. Atam isə güllərin artırılmasına, hamının evində qızılgül kollarının olmasına çalışırdı...

Mən 5-6 yaşlarımda atamdan ağac calaq etməyi öyrənmişdim. Bir gün atam evimizə müxtəlif gül növlərindən bir neçəsini alıb gətirmişdi. Çox fikirləşəndən, cəhd edəndən sonra, rəngli gülləri calamaq sirrini tapdım və bir neçəsini calaq etdim, bitdi və güllər də açdı...

1964-cü ildə orta məktəbin 5-ci sinfində oxuyurdum. Vaxtilə Naxçıvan Xalq Komissarları Sovetinin sədri işləmiş tanınmış polkovnik Həsənov İbrahim Əli oğlu Gəncə şəhərinə gəlmişdi. Şəhərdə gəzərkən təsadüfən atamla görüşüb bizdə qonaq oldu. O, həyətdə caladığım gülləri görüb, atama sual verdi ki, "bunları özün calayıbsan?", atam da "mən işdə olduğum üçün vaxtım olmur. Oğlum calayıb” - deyə cavab vermişdi:

"Axı, bu uşaqdır, deyəsən mənimlə zarafat edirsən!”. Atam isə "ciddiyəm əzizim!" - demişdi...

İbrahim müəllim mənə "bizim həyətimizdə bundan da yaxşı iş görə bilərsənmi?” deyə sual etdi. Mən də "bağınızı görməsəm, bu barədə fikirləşməsəm, heç bir söz deyə bilmərəm" - demişdim. Dedi; - "dərslərini yaxşı oxuyarsan, işin olmayanda, bazar günlərində də bizə gələrsən, istirahətini mənimlə birlikdə edərsən”. Razılaşdıq...

Adam özü çox sadə idi. Ancaq çox tələbkar, dediyi sözü sonadək tələb edərdi. Beləcə, sonrakı istirahət günü getdim onlara, görüşdük. Həyətdə güllər artıq səliqə ilə əkilmişdi, hamısı da çəhrayı güllər..

Mən fikrimi dedim: "Əgər mənə sərbəst hərəkət etməyə imkan versəniz, bizdə neçə rəng gül varsa, gələn istirahət günü gətirib calayaram. Sonra bir neçə gül ağacına iki rəng gül calayaram. Bir neçə ağaca ayrı-ayrı üç rəngdə gül calayaram".

Mənim bu sözlərimə İbrahim Həsənovun acığı tutdu, elə bildi ki, yalan danışıb onun yanında özümə hörmət qazanmaq istəyirəm. O, düz üç dəfə sözlərimə etiraz bildirdi. Dedim, vəd verdiyim işi yerinə yetirəcəyəm, iki aydan sonra da sizdən mütləq təşəkkürümü alacağam.

Caladığım güllər 45-50 günə açmağa başladı. Sonrakı istirahət günləri gedəndə İbrahim müəllim mənə sevincək deyirdi ki, neçə nəfər yoldaşlar gəlib, güllərə baxıb, məəttəl qalıblar ki, biz hələ belə hadisənin şahidi olmamışıq. Birinci dəfə mən onlara gedəndə kiçik şərt qoymuşdum, məni heç bir tanışının evinə gül calamağa yollamamağı xahiş etmişdim. O da çoxlu xahişlər olsa da, bunu məndən istəməmişdi...

1969-cu ildə İnstituta qəbul olduğumu öyrəndim. Sevinmişdim, bu xəbəri demək üçün adətim üzrə istirahət günü polkovnikin evlərinə getmişdim, evdə yox idi. Həyat yoldaşı Nina xanım İbrahim müəllimin Azərbaycana yeni gəlmiş birinci katiblə görüşə - Heydər Əliyevin çağırışı ilə Bakıya getdiyini bildirdi. Sonrakı istirahət günü onlara gedəndə müəllimlə görüşə bildim. Özü sözə başladı ki, Naxçıvanda Xalq  Komissarları Sovetinin sədri işləyərkən, Heydər Əliyevi o vaxt sıravi polis işçisi kimi işə o qəbul edibmiş. İbrahim müəllim Heydər Əliyevin olduqca qabiliyyətli və dərrakəli olduğu barədə saatlarla mənə danışdı. Dedikləri hələ də qulağımda səslənir. Azərbaycanımızın ən parlaq bir generalının - Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinə məhz İbrahim Həsənovun təşəbbüsü ilə keçirildiyini bəlkə də bu günədək çoxları bilmir...

Rəhmətlik İbrahim müəllimi SSRİ dönəmində ən yüksək vəzifə adamları da yaxşı tanıyırdı. Özü danışırdı ki, Stalinlə, Mircəfər Bağırovla da dostluq edirmiş. Dəfələrlə Azərbaycanın birinci katibi Mir Cəfər Bağırovla bir yerdə İ.V.Stalinin qəbulunda belə olmuşdu. İlk dəfəsində Stalin polkovniki silahsız görüb, soruşub ki, - "Sənin silahın hanı?" Cavabında, girərkən təhvil verdiyini deyib. Stalin: - "bir də buraya gələndə silahı təhvil vermə" - deyibmiş, İbrahim Həsənova...

İbrahim müəllim çox savadlı, bilikli biri idi. Söhbət edirdi ki, 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda Stalin müharibə zonalarından teleqram alan kimi ona da zəng edib soruşarmış, məsləhət alarmış ki, nə edək? Polkovnik də öz fikirlərini əsirgəmirmiş. Bütün bunlar İbrahim kişinin Stalinin yanında da xüsusi nüfuza malik olması deməkdir. SSRİ rəhbərliyi 2-ci dünya müharibəsində qələbə çalmaq üçün məhz İ.Həsənov kimilərinin fikirlərini öyrənirmiş, sonda yekun bir nəticə çıxarırmış...

Hamı bilir ki, 1955-ci ildə Xruşov Mərkəzi Komitəyə Birinci Katib keçəndən sonra M.C.Bağırovu məhkəməyə verdi, onu həbs etdirdi. Barəsində güllələnmək qərarı verdirdi. Yazımızın qəhrəmanı - polkovnik Həsənov isə vəzifəsindən uzaqlaşdırıldı.

O. sonralar Bakı şəhərinə gəlib, orta məktəblərdə müəllimlik etməyə başlayıb. 1964-cü ildən isə, Gəncə şəhərində Pedaqoji İnstitutda müəllimlik fəaliyyətinə təyinat alıb.

Sonralar bildim ki, 1969-cu ildə mərhum H.Əliyev görüşərkən, İbrahim Həsənova Gəncə şəhərinə birinci katib vəzifəsini təklif edibmiş. Amma, polkovnik imtina edib, ömrünün sonuna qədər müəllimlik etməyə qərar verib. Ömrünün sonunadək də mərhum Heydər Əliyevlə sıx dostluq edib...

Bir gün zarafatla müəllimə dedim ki, Heydər Əliyevə deyin, bizim bir balaca oğlan var, ona vəzifə verək. Sözü deməyimə peşiman oldum. Dəyərli polkovnik bütün əziyyətlərə özü qatlaşmışdı, öz biliyi, şücaətlərilə vəzifələrə ucalmışdı. Mənə də bunu məsləhət edib, demişdi: "O dünyaya gələndə mən səni də kişi görmək istəyirəm. Sənin ayrı yolun yoxdur. Hər şeyə özün nail olmalısan, bu dediyimə əməl etməlisən"...

Unuda bilmədiyim o şəxsiyyət 1912-ci ildə may ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 

1940-cı ildən1955-ci ilədək Naxçıvan Xalq Komissarları Sovetinin sədri işləmişdir.

1944-cü ilin oktyabr ayının 14-də SSRİ-də Dövlətinin mühafizəsinə görə "Kovalyov medalı” ilə təltif olunmuşdur.

1945-ci ilin  may ayının 9-da Almaniya dövləti üzərində "Qələbə”  medalı ilə təltif olunmuşdur.

1948-ci ilin fevral ayının 22-də SSRİ-də Hərbi Hava və Dəniz Donanmasının yaradılmasının "30 illik  medalı ilə təltif olunmuşdur.

İşlədiyi illər  ərzində göstərdiyi fəaliyyətə görə 1951-ci il aprel ayının 26-da "medal” ilıə təltif olunmuşdur. 1955-ci ilin sentyabrın 8-də polkovnik rütbəsində ehtiyata buraxılmışdır.

1956-cı ildə Bakı şəhərində Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsində işləmişdir.

1957-cü ildən 1963-cü ilə qədər Bakı şəhər məktəblərində müəllimlik etmişdir.

1964-cü il sentyabr ayının 7-dən Gəncə Dövlət Pedaqoji İnstitunda müəllimlik etmişdir. 1985-ci ildə Gəncə şəhərində vəfat etmişdir. 

Xahiş edirəm yazdıqlarım və bu dediklərimi ictimailəşdirəsiniz, onun barəsində araşdırmalar aparasınız. Belə ləyaqətli insanlarımızı hamı tanımalıdır.

İndi məni düşündürən odur ki, Dövlət Kəşfiyyat Komitəsinin qabaqcıl işçisi kimi, polkovnik Həsənov  ibrahim Əli oğluna YUBİLEY keçirmək olarmı?

2018-ci ilin may ayının 22-də isə, İbrahim Həsənovun 106 yaşı tamam oldu. 2019-cu ilin may ayının 22-də mərhum polkovnikin 107 yaşı tamam olacaq. Məncə, bu münasibətlə, bir YUBİLEY keçirmək Heydər Əliyevin rəğbət bəslədiyi bir polkovnikin timsalında neçə-neçə keçmiş DTK əməkdaşlarına sayğı ifadə etmək vacibdir. Belə tədbirlər Azərbaycanın bugünkü DTX əməkdaşlarının fəaliyyətində də stimullaşdırıcı rol oynaya bilər. 

İllər ötsə də xalq belə qəhrəmanları barədə bütün həqiqəti bilsə, onlara layiqincə qiymət verilsə yaxşıdı.

"Demokratik.Az" saytına özəl olaraq...

Şahverdiyev İsa Şəmil oğlu

07” noyabr 2018-ci il

Gəncə şəhəri


Oxşar xəbərlər