Azinforum.Az saytı təhqirlə məşğuldur? - Eldar Sabiroğlu məhkəməyə verəcək

  • 07 dek 2015, 16:23

Eldar Sabiroğlu: "Onlardan barəmdə işlətdikləri təhqirlərə cavab vermələrini tələb edəcəm”.

Sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Moderator.az-a açıqlamasında azinforum.az saytını məhkəməyə verəcəyini bildirib. E.Sabiroğlunun sözlərinə görə, buna səbəb həmin saytda onun barəsində təhqiredici məqalələrin yer almasıdır:

"Son vaxtlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barəsində qələmə aldığım yazılar bəzi mətbuat orqanlarında narahatlıq yaradıb. Bunun səbəbi müəmmalı olsa da, mən tənqidin tərəfdarıyam. Bu, bir əxlaq məsələsidir. Bununla yanaşı heç kimin ixtiyarı yoxdur ki, vəziyyətdən sui-istifadə edib yarınmaq, xidmət göstərmək naminə kimisə təhqir etsin. Qanunlarımız da buna yol vermir. Ancaq çox təəssüf ki, azinforum.az saytı Ramiz Mehdiyevlə bağlı yazılarıma görə, şərəf və ləyaqətimi alçaldan, şəxsiyyətimə toxunan bir sıra yazılar dərc edib.

Sözün doğrusu, mən belə bir sayt tanımırdım. Barəmdə yazılan təhqiredici məqalələrdən də xəbərsiz idim. Mən bu saytın mövcudluğundan dünən xəbər tutdum. Barəmdə yazılar məqalələri oxuyub dəhşətə gəldim. Insan da əxlaqi dəyərləri bu qədər itirə bilərmi? Sən mənim hansısa fikrimi tənqid edə bilərsən. Lakin sənin ixtiyarın yoxdur ki, sayt olaraq kimsənin şəxsiyyətinə toxunasan, olduqca tərbiyəsiz qaydada kimisə təhqirə məruz qoyasan.

Ramiz Mehdiyev haqqında dediklərim bəllidir. Bundan sonra da çıxışlarıma davam edəcəm. Ancaq bununla yanaşı, onun müdafiəçilərinin qanuna əməl etməsinə nail olmaq üçün məhkəməyə müraciət etməyi düşünürəm. Çalışacam ki, məni təhqir etdiyinə görə, şərəf və ləyaqətimi alçatdığına görə həmin saytın barəsində cinayət işi açılsın.

Ölkəmizdə mövcud olan söz azadlığının verdiyi imkanlardan istifadə edərək bir dövlət məmuru haqqında öz fikirlərimi söyləmişəm. Lakin bu əsas vermir ki, buna görə məni təhqir edəsən, bu tənqidi insanın şəxsiyyətini hədəfə almaqla cavablandırasan. Görünür, saytın əxlaqlı sözə, tərbiyəli və doğru tənqidə ikrah hissi ilə yanaşması onların həqiqi qələm sahibi olmalarını şübhə altına alır. Mən dövlətimin qanunlarına, məhkəmə sisteminin obyektivliyinə inanaraq bu addımı atıram. Və həmin "qəhrəmanlardan” məhkəmə qarşısında barəmdə işlətdikləri təhqirlərə cavab vermələrini tələb edəcəm.

Zaman bu cür jurnalistlərin tamamilə əleyhinədir. Cəmiyyət onları qəbul etmir. Görünür, belə jurnalistlər özlərinə o qədər arxayındılar ki, şəxsi istənilən təhqirə məruz qoymaqdan çəkinmirlər. Onların söykəndiyi məqam dövlətin qanunlarından üstün ola bilməz. Söz azalığından istidadə edib söyüş yağdırmaq heç bir çərçivəyə sığmır. Belə yarınmaq istəyən jurnalistlər özləri bilmədən də müdafiə etdikləri yüksək dövlət məmurunun hörməti ilə oynayırlar.

Mən qələmə aldğım yazılarda Ramiz Mehdiyevin fəaliyyəti ilə əlaqədar bir sıra faktlara istinad etmişəm. Əgər həmin sayt irəli sürdüyüm faktları təkzib edəcək arqumentlərə malikdirsə, buyursun onları ortalığa qoysun”.

 

Oxşar xəbərlər