Qusar sakini Eldar Əzizovdan kömək istədi - BAŞÇIDAN BAŞÇIYA ŞİKAYƏT

  • 29 iyul 2018, 14:46

"Demokratik.Az"- a Qusar sakini tərəfindən maraqlı şikayət məktubu göndərilib. Daha doğrusu, illərdir ki, yerli İHB-nin qanunsuz hərəkətlərindən bezib, çıxış yollarını müxtəlif ünvanlarda axtaran müraciət müəllifi açıq məktubla həmyerlisi, hazırda Bakı İHB-nin müavini, Bakı merinin səlahiyyətlərini icra edən Eldar Əzizova müraciət edərək ondan da dəstək istəyib.

Qusar şəhəri Hacıməhəmməd küçəsi 10 saylı evdə yaşayan, 3 övlad atası, 14.04.1956-cı ildə Qusar rayonun Şirvanovka kəndində anadan olmuş, ali təhsilli, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu yazır:

"Hörməti və əziz Eldar müəllim.
Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənabları Sizə böyük etimad göstərərək, fəaliyyətinizi yüksək qiymətləndirməklə, Sizi Bakı şəhər İHB-nın 1-ci müavini vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən bəyənərək, səmimi qəlbdən təbrik etməklə, yeni yüksək vəzifədə uğurlar diləyərək, möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulayıram.
Ümüdvaram ki, bütün vəzifələrdə olduğu kimi yeni vəzifədə də, ölkə prezdentİ hörmətli İlham Əliyev cənablarının yüksək etimadını layiqincə, vicdanla, şərəflə  icra edəcəksiniz.
Sizin fəaliyyətiniz həmişə Dövlət səviyyəsində ölkə prezdenti tərəfindən yüksək qiymətləndirilmiş, cəmiyyətdə də böyük nüfuz qazanmısınız.
Həmyerlimiz olduğunuza görə ölkə prezdenti tərəfindən Sizə yüksək etimad göstərilərək, onun tərəfindən təyin edilmiş bütün vəzifələri layiqincə, vicdanla icra etməklə. xalqımızın yüksək etimadını qazanmağınıza görə Sizinlə fəxr edirik.
Hesab edirəm ki, Azərbaycan Respublikasının Hörmətli prezdenti İlham Əliyev cənablarının  yüksək etimadını bir daha doğrultmaqla, Bakı şəhər əhalisinə ləyaqətlə, vicdanla xidmət etməklə, Bakı şəhərində sabit və sakitliyin garantı olmaqla böyük nüfuz qazanacaqsınız.
Ona görə də, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənablarının yeni təyinatını ürəkdən bəyənərək daima dəstəkləyirəm.
Hörmətli Eldar müəllim!
Hörmətli, nüfuzlu həmyerlimiz olduğunuza görə mənim Sizdən bircə xahişim var :
Qusar RİHB-sı Şair Alxasov 1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində, əzab əziyyətlə, külli miqdarda vəsait xərcləmələ tikdiyim 5 otaqlı yaşayış evimi, 2 otaqlı hamam binasını, 2 otaqlı yardımçı binanı məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən,kompensasiya ödənilmədən, heç bir əsas-səbəb olmadan, mülkiyyətimdəki 0,46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə, hətta, söküntü vaxtı iştirakım olunmadan ekskavatorla sökdürməklə, bütün əmlakımı qəsdən məhv etdirməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaradılmaqla cinayət tərkibli hərəkətin baş verməsinə şərait yaratmışdır. Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan sui istifadə edərək, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verərək, mənə qarşı əsasız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə əsassız cinatət işi başladaraq, materialları Qusar rayon məhkəməsinə göndərmişdir. 3 il ərzində yüzlərlə lüzumsuz məhkəmə baxışından sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qərarı ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrin müvafiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə organlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyinə əsasən, Azərbaycan Dövlət bücəsi hesabından Maliyyə Nazirliyi vasitəsilə mənə vurulmuş maddi və mənəvi zərərə görə 1700 manat məbləğində pul vəsaiti təzminat şəklində ödənilmişdir.
8 ildən çox vaxt keçməsinə, dəfələrlə tərəfimdən edilmiş müraciətlərimə, xahişlərimə  baxmayaraq Qusar RİH-i mənə vurulmuş zərərə görə kompensasiya ödəməmişdir.Belə qanunsuz hərəkət ailə büdcəmizə külli miqdarda zərər vurmuşdur. 
Hörmətli Eldar müəllim!
Hörmətli, nüfuzlu həmy
erlimiz, Azərbaycan Respublikasında böyük hörmət sahibi olmağınızı nəzərə alaraq, Qusar RİHB-sı Şair Alxasovun qanunsuz,  şifahi tapşırığı əsasında ailəmizə vurulmuş zərərə görə kompensasiya ödətdirilməsinə köməklik etməyinizi Sizdən dönə-dönə xahiş edirəm. Ümüdvaram ki, köməyinizi əsirgəməyəcəksiniz".

Vətəndaşın müraciətində göstərilən faktlardan və internet resurslarından da məlum olur ki, şikayətçi Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu problemlərinin həlli istiqamətində illərdir "savaş" aparır. Məsələ məhkəmə müstəvisində də mübahisələndirilib. Narazılıqları ilə bağlı müxtəlif vaxtlarda elektron KİV-lərdə şikayətçinin şikayəti ictimailəşdirilib. Görünür, hər şeyə rəğmən, qarşı tərəfin və şəxsən icra başçısı Şair Alxasovun vətəndaşa soyuq aqressiv münasibətləri sonuncunu yenə öz rayonunun birinci adamına deyil, yuxarı instansiyalardan sonra həmyerlisi olan cənab Eldar Əzizova da xahişlər etmək məcburiyyətində qoyub.

Yəqin ki, illərdir süründürməçilik və biganəlik ucbatından əziyyət çəkən Qusar sakininin problemləri tezliklə Qusar İHB tərəfindən həll ediləcək. Və Şair Alxasov anlayacaq ki, rəhbərlik etdiyi rayonun sakinlərinin problemlərini həll etmək istəyi və şikayət ərizəsi yazılacaq ilk ünvan məhz Qusar İHB olmalıdır. Bunun üçün vətəndaşlara qarşı rəğbət və məhəbbət hissini bərpa etmək ən azından yerli məmurların vətəndaşlıq, insanlıq borcudur.

Bazar günü olduğundan Qusar İHB-nin mövqeyini öyrənmək cəhdlərimiz uğursuz alındı.

Qarşı tərəfin mövqeyinə yer ayırmağa hazırıq!   





 

"Demokratik.Az"

 

Oxşar xəbərlər