Vəliyevlərin SÖYÜŞ RİTORİKASI - Axı yalan və təhqirdən kündə yapılmaz!

  • 07 iyul 2018, 15:33

Bir neçə gün öncə Gəncənin icra başçısına qarşı sui-qəsd hadisəsi öz aktuallığını qoruyur. Lakin və təəssüf ki, olayın mahiyyəti və başvermə amilləri müzakirə olunduqca bir sıra təhqiredici ifadələrə, kobud işlənən şərhlərə, yersiz təriflərə də rast gəlinir.

Əsasən sosial şəbəkələrdə xəbərlərə fikir yazanlar hadisəni törədən Yunis Səfərovdan özlərinə əsl qəhrəman obrazı belə düzəldirlər. Təbii ki, bunun fərdi emosional, real sosial-psixoloji səbəbləri var.

Danılmaz olan o ki, qanlı olaya fərdi münasibət sərgiləyənlər əslində bir dövlət məmurunu qurşunlara hədəf edən, ağır cinayət əməli törədən bir adamın ətrafında deyil, sui-qəsdə məruz qalanın illərdir Gəncədə yaratdığı anormal, təhqiredici və acı idari metodlarına qarşı həmrəylik göstərirlər. Bu həqiqəti bir çoxları danmağa cəhd etsə də, sonuc nə yazıq ki, belədir.  

Amma narahatlıq doğuran mühüm bir məqam var ortada. Elmar Vəliyevə qarşı simpatik yanaşanlar, ona doğma və yaxın olan adamlar da ictimai rəyə yönəlik təhqiredici adekvat replikaları ilə sanki sosial gərginliyin daha da artmasına meyl edirlər. Arzuolunmaz olayın şokundan və acısından zərərçəkənləri başa düşmək olar. Və bu cür psixoemosional durumda icra başçısının bir yaxınının insani hisslərlə təhqir səsləndirməsini, üzüntüsünü ifadə etməsini, hətta günahlı ünvana ağır şərh yazmasını ən doğal duyğusu və haqqı hesab edək. Amma bunu bir xəbərci və ya saytlar vasitəsilə edib, ifadələrinlə cəmiyyəti tətikləyirsənsə...

Bəlkə də olaydan bəri birdən-birə Vəliyevlərə təriflər yağdıranlar süni ajiotaj yaratmağa and içib?

Dünən "Gününsəsi.info"ya fikir bildirən Şahmar Vəliyevin təhqiredici erməni kəliməsi mediada yayılar-yayılmaz cəmiyyətdə haqlı qıcıq oyatdı. İcra başçısının qardaşı soyuqqanlılığı bir kənara qoyub, söz tapa bilmədiyi qısa açıqlamasında tez-tez kimlərisə "erməniləşdirmə" hisslərinə qapıldı. Nədənsə, deməyə təhqir əvəzi ifadə etdiyi erməni sözcüyü yadına düşdü. 

Sitat: "Söz tapmıram, danışmağa, Elmara güllə atanı "Milli Qəhrəman” elədilər.  Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.

ıqlamada anlaşılır ki, göstərilən hədəf həm də mediadır. Bu isə haqsızlıqdır və hansısa jurnalistə erməni demək təhqirdir. Çünki, rəsmən elan olunduğu kimi, bu terror olayı ətrafında heç bir media qurumu, hansısa jurnalist müqəssiri "Milli qəhrəman" elan etməyib axı?!...

Bir daha təkrarlamaq yerinə düşər ki, Yunisi qəhrəmanlaşdıran onun cinayət əməli deyil. Sadəcə, icra başçısından narazı kütlə cinayətin motivinə yanaşmada sui-qəsdin insanlığa və ya dövlətə qarşı cinayət kimi deyil, şüur altında Elmar Vəliyevin özünün yox, əməllərinin, Gəncədəki zülmün güllələnməsi kimi sintez edir.  Ancaq şübhəsiz ki, ortada bir cinayət var, cinayətkar(lar) da layiqli cəzasını alacaq!   

Şahmar Vəliyevin ardından, Elmar Vəliyevin digər qardaşı da oxşar emosiyalarla açıqlama verdi. Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev hadisəni törədən Yunis Səfərovun anasının erməni olduğu ritorikasını təkrarladı. Hətta, hadisəni törədənin anasının Rusiya xüsusi xidmət orqanına işlədiyini də iddia etdi.

 

Bunun üzərinə, Yunis Səfərovun doğum şəhadətnaməsinin surəti yayıldı, adıçəkilənlərin erməni olmadığı, gəncəli olduqları aydın oldu. Və Rusiyada yaşayan ananın cəsus olmasını əminliklə söyləmək və bunu ictimailəşdirmək isə, yəqin ki, hərbi prokurorun əsəb gərginliyindən doğan siyasi səhvi oldu.

Demokratik.Az olaraq mühüm məqamı aydınlaşdırmağa çalışdıq. 

Yuxarıda da səsləndiyi kimi, görəsən Vəliyevlərin konkret ünvan(lar)a səsləndirdiyi erməni kəliməsi təhqirdirmi? Bu kimi ehtiyyatsız ifadələr mənfi nəticələr doğurarmı?

"Xural" qəzetinin baş redaktoru, tanınmış jurnalist, media üzrə ekspert Əvəz Zeynallının "Demokratik.Az"-a bildirdiyinə görə, deyilən erməni ifadəsi əlbəttə təhqirdir. Və ən əsası, hərbi prokurorun açıqlaması özlüyündə vəzifə səlahiyyətlərini aşmadır. Bu xəbəri yaymağın nə dərəcədə doğru olmasına gəlincə, Əvəz Zeynallı bildirdi ki, 400 minlik bir şəhərdə illərdir davam edən haqsızlığı, zülmü danmaq, belə açıqlamaları ictimaiyyətə sırımaq qeyri-ciddilikdir və belə qıcıqverici xəbərlər yeni müzakirələr açır.

Turan İnformasiya Agentliyinin rəhbəri, Mehman Əliyev isə erməni kəliməsini təhqir hesab etmir.

"Kimlərsə, milli münaqişədəyik deyə, özünə erməni deyilməsini təhqir hesab edə bilər. Amma kimisə hansısa xalqın adından çağırmaq elə beynəlxalq qanunvericiliyə görə də təhqir deyil. Digər halda, bu, ünvanlanan şəxsə atılmış böhtan ola bilər və artıq aydınlaşıb ki, yalan məlumatdır. Hərbi prokuror isə ümumiyyətlə fikir səsləndirməli olan adam deyil. Belə açıqlamalar Vəliyevlərin özünü nüfuzdan salır" - deyə Mehman Əliyev bildirib.

"Bu kimi açıqlamaları ictimailəşdirməyin ajiotaja, mənfi nəticəyə səbəb ola bilərmi" - sualına cavabında Mehman Əliyev mənfi nəticəni istisna edir.

Sonda, dramatik olaydan bu qənaətə gəlinir ki, yalan və təhqirdən cəmiyyətə kündə yapılmaz! Hadisələrin axarında soyuqqanlı olmaq, bütün reallıqları qəbul edib önümüzə baxmaq ən doğru olandır.

Osman Nərimanoğlu

Demokratik.Az

 

 

Oxşar xəbərlər