ELMAR VƏLİYEV NİYƏ VƏ NECƏ VURULDU?

  • 05 iyul 2018, 18:44

Ötən gün Gəncədə baş verən qanlı olay ölkə gündəmini cənginə aldı. Şəhərin birinci adamı Elmar Vəliyev Gəncə İHB-nin önündəcə, saat 20:30 radələrində Yunis Səfərov adlı şəxs tərəfindən silahlı saldırıya sui-qəsdə uğradı. Nəticədə, başçının özü və mühafizəçisi Qasım Aşbazov ağır güllə yaraları alaraq Gəncədə özəl xəstəxanalara yerləşdirildi. 

Hadisədən sonra gecəyarısına qədər yerli KİV-lər gah Elmar Vəliyevin, gah da cangüdəninin "öldü" xəbərini tirajladı. Bunların tam əksinə də rast gəlindi. Tanınmış teleaparıcı Mirşahin Ağayevin rəhbərlik etdiyi REAL TV ard-arda qeyri-ciddilik sərgilənməklə Elmar Vəliyevə güllə dəymədiyini, gecəyarısı müşavirə keçirdiyini, bir az da uzağa gedib əməliyyat masasında olan məmurun "REAL"a danışdığını belə "bəyan" etdi. 

Nəhayət, hər ikisinin ağır yaralandığı və sağ olduqları rəsmi mənbələr tərəfindən təsdiqləndi. Hüquq mühafizə orqanlarının birgə bəyanatı ilə olay ətrafında yaranmış ümumi çaşqınlıq sərinlədi.

Həmişə olduğu kimi, bu qanlı kriminal hadisənin də fövqündə insan taleyi, olmuşa təəssüf hissləri dayanır. Biri dövlət məmuru olmaqla, adıçəkilən vətəndaşların həyatı və sağlamlığı daha öncə gəlir. Lakin, baş verən qəfil və gözlənil(ən)məz olaya ictimai maraq və müzakirələrin yan tərəfləri ən adi detalınadək araşdırılmalı, gələcəkdə belə halların baş verməməsi üçün dəqiq analizlər aparılmalıdır. Ağıllı birisi demişkən, bu hadisə bütün dikbaş məmurlara yaxşı bir mesajdır...

Dünən olaya müxtəlif rakurslardan BAXIŞ özünün pik nöqtəsinə yetişdi. Hadisəyə səbəb olan əsas amillərin, daha geniş təfərrüatın rəsmən ortada olmaması bir sıra yeni iddialara, hətta şaiyyə və dezinformasiyalara da gətirib çıxardı. Bu da təbiidir. Hadisə ictimai fiqurların, ekspert və deputatların dilində də müzakirə olundu.

Hadisə ətrafında ölkə ictimaiyyəti və yerli KİV-lər əsas vacib bir suala cavab axtarır.

"Gəncənin icra başçısına silahlı hücumun arxasında nə dayanıb, hadisə hansı səbəbdən baş verib?"

Bu suala cavab olaraq müxtəlif iddialar irəli sürülsə də, ilkin olaraq hadisəni törədən şəxsin siyasətçi olmadığı aydınlaşıb. Bununla belə, bəzi "ağıllılar" hadisəyə özəl siyasi don biçərək Rusiya vətəndaşı olduğuna görə baş verənləri "Rusiya projesi" kimi təhlil ediblər. Amma bu cür düşünənlər var ki, olayı siyasiləşdirib, hələ Mingəçevir İES-də baş verən nasazlığın təxribat xarakterli davamı kimi oxucuya təqdim etmək absurddur. Bu, Elmar Vəliyevin Gəncəyə dədə-baba malı kimi idari yanaşmasından doğan, bir şəxsin haqsızlıqlara qarşı törətmiş olduğu fərdi kriminal hadisədir.

Pasport məsələsinə diqqət edək.  

Xatırladaq ki, sui-qəsdi törədən şəxs ötən il bir polisi küt alətlə döyərək tapançasını əlindən alıb və Rusiyaya qaçıb. Ardından qısa müddətdə Rusiya pasportu alıb. Bunlar isə elə-belədən baş verməyib.

Yayılan məlumata görə, Səfərovun tapança əldə etməsinə səbəb ötən il Aşura ərəfəsində icra başçısını ölümlə hədələməsi rəvac verib. Nədənsə, icra başçısı təhdidə ciddi əhəmiyyət verməyib.

Gəncəyə təyinatından bu yana dini baxışları ilə inanclı insanlarda real qıcıq oyadan Elmar Vəliyevin kütləvi dini tədbirə (Aşuraya-red) qarşı çıxması onu bu yöndə də hədəf edə bilib. 

Y.Səfərovun dini inanclı şəxs olduğu deyilsə də, kriminal aləmə meyilliliyi də şübhə doğurmur. Yəni, sui-qəsd hadisəsi şəxs tərəfindən öncədən planlaşdırılıb.

Y.Səfərovun xarici ölkə vətəndaşlığını almasında əsas məqam cinayət əməli törətdikdən sonra onun həmin ölkəyə ekstradisiyasını hesablamasıdır. Amma hesablamaya da bilərdi. Pasportu almaqda ən sadə məntiq odur ki, silah hadisəsindən sonra, Rusiya vətəndaşı olmaq və Rusiyada yaşamaq həmin cinayət əməlinə görə məsuliyyəti, Azərbaycanda həmin şəxsin mühakiməsini heçə endirir. Digər suallı detalları isə yerli polis səhlənkarlığına da bağlamaq olar.

Hadisələrin ardıcıllığından bu iddia aydın görünür.    

Digər iddiaya görə isə, Yunis Səfərovun bacısı şikayətlə əlaqədar qəbulda olarkən başçı tərəfindən təhqir olunub. Nəticədə, qardaşı bacısının qisasını alıb...

Və ya həmin gün şəhərin mərkəzində taksi fəaliyyəti ilə məşğul olanların Elmar Vəliyev tərəfindən aşağılanmalarına dözməyən Yunisin bunu etdiyi də iddia olunur.

"Demokratik.Az"-ın məlumatına görə, istənilən versiya Elmar Vəliyevin şəxsində cəmləşən, gəlişindən bu yana şəhər əhalisinə neqativlik aşılayan mənfi xarakteri ilə əlaqədardır. Elmar Vəliyevin dəfələrlə sakinləri təhqir etməsi, ətrafındakıları incitməsi gündəmə gəlib. Zülümkar biri kimi iz buraxıb.

Hadisə NECƏ baş verib? 

Qanlı hadisə iyulun 3-də, saat 20:30 radələrində Gəncə İHB-nin önündə qeydə alınıb.

ŞƏKİLDƏ: Elmar Vəliyevin mühafizəçisi - Qasım Aşbazov

Belə anlaşılır ki, həmin vaxt Yunis Səfərov binadan çıxan icra başçısına sui-qəsd üçün kənarda gözləyib. Hadisə baş verən an Elmar Vəliyevi qoruyan mühafizəçisi Qasım Aşbazov önə atılıb və ilk atəş nəticəsində yerə yıxılıb. Bundan sonra Yunis Səfərov tətiyi iki dəfə sıxıb, Elmar Vəliyevi baş və qarın nahiyəsindən güllələyib. Sonra qaçmağa çalışsa da, polislər tərəfindən tərksilah edilərək tutulub.

Yayılan şaiyələrə görə, əməli törətdikdən sonra Yunis ətrafdakılara "mən qisasımı aldım" deyib. Əgər həqiqətən belə deyibsə, sui-qəsdçi Elmar Vəliyevdən kimin və nəyin qisasını alıb?

Bacısınınmı?...

Həmin gün təhqir olunduğu iddia edilən taksi sürücülərininmi?...

Axı, Səfərov öz niyyətini ötən il ortaya qoyubmuş...

Hələlik bu barədə yekun nəticə çıxarmaq çox tezdir. Amma dünən sosial şəbəkələrdə Yunis Səfərovun həyat yoldaşı olduğu iddia edilən Şərafət adlı xanımın səs yazısı yayılıb. Həmin səs yazısında olaya səbəb kimi ancaq dini inanc göstərilir. İddiaya görə, Y.Səfərov icra başçısından imam Hüseynin qisasını alıb.

Səsyazısından sitat:"Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb. Gəncə camaatının hayfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun...

Hadisəyə dini donun geyindirilməsi isə olduqca təhlükəli tendensiyadır.

Olanlara münasibət bildirərkən bir çoxları əsas maraqlı məqama da toxunub. Elmar Vəliyevin daim mühafizəçi ilə gəzməsi, işdən evə-evdən də işə daim polis maşınlarının müşaiyyəti ilə hərəkət etməsi tənqid olunub. 

Məhz bu nüanslar Elmar Vəliyevin əvvəldən belə xoşagəlməz hadisəyə özünün ehtimal verdiyini göstərir. Hətta, icra başçısının gülləkeçirməz maşınla gəzməsi faktı da dəfələrlə medianın gündəmi olub.

Dünən ən təfərrüatlı və maraqlı açıqlamanı isə "Yeni Müsavat"-ın canlı yayımının qonağı olan təhlükəsizlik üzrə tanınmış ekspert İlham İsmayıldan eşidə bildik. 

Ekspert öncə E.Vəliyevə qarşı sui-qəsdin gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, əgər bu gün media orqanlar "hansı məmura sui-qəsd edilə bilər” deyə bir sorğu keçirsə, ilk beşlikdə birinci yeri Elmar Vəliyev tutardı: "Hamıya məlumdur ki, Elmar Vəliyevin iş üslubu söyüş və təhqirdən ibarətdir. Sərt başçı olmaq, sərt tələblər qoymaq olar. Amma işin gedişatında söyüş və təhqiri bu həddə çatdırması bütün Azərbaycana məlum idi. Bu, tək gəncəlilərə yox, bütün Azərbaycana məlum idi. Gəncənin keçmiş polis rəisi Rasim Musayevlə bağlı belə bir insident baş vermişdi və gərginlik yaranmışdı. Elmar Vəliyev birinci hadisədən nəticə çıxarmamışdı. Elə bil bu, gözlənilən idi. Mən sanki gözləyirdim ki, Hacı Məmmədov tezliklə özünü öldürəcək, gözlənilən idi. Çünki həddindən artıq təhqiri kütləvi, nümayişkaranə şəkildə, hamının qabağında edib”.  

İlham İsmayıl E.Vəliyevə qarşı sui-qəsdin icra hakimiyyətinin binası qarşısında olması mövzusuna da toxunub. Deyib ki, icra başçısına, məmura "ən yaxşı” sui-qəsd yeri icra hakimiyyəti binasının qabağıdır: "Bilirsiz ki, mütləq bura gələcək. O, orda mütləq maşından düşəcək. Onu izləməkdənsə, hansısa obyektə getməkdənsə, ən yaxşı yer oradır. Bu, təkcə Gəncə ilə bağlı deyil.  Danışdıığımız bu söhbətlər kifayət edirdi ki, Elmar Vəliyevlə profilaktik söhbətlər aparılsın. Ya da birinci insidentdən sonra iş yeri dəyişdirilsin”.

Ekspert sui-qəsdə cəhd edən Yunis Cəfərovun bu hadisəni hansı səbəbdən törətməsi ilə bağlı suala belə aydınlıq gətirib. Deyib ki, daha öncədən insident onun özü ilə yox, bacısı ilə icra başçısı arasında baş verib: "Özü kriminala meylli adam idi. Vaxtilə bir mühafizəçi ilə dalaşıb. Bu cür hərəkətlərin cavabını kimlər verir? Bu tipli adamlar vəziyyətdən istifadə edirlər. Onlar üçün azadlıqda olub-olmamaq ön planda deyil. Əsas məsələ qisasın alınmasıdır”. 

Sonda, onu da bildirək ki, Gəncədə Elmar Vəliyevdən narazı olan kim varsa, hamı sui-qəsdi törədən Yunis Səfərovu qəhrəman olaraq görür. 

 


 

Hazırda Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

 

 

Elmar Vəliyevin Mərkəzi Klinika Gəncə Xəstəxanasında iki dəfə əməliyyat olunduğuna dair söyləntilər var. İcra başçısının baş nahiyəsindən əməliyyatı üçün vaxtilə İbrahim Tatlısəsi həyata qaytaran türk həkim heyəti də Gəncəyə gətirilib.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.

Beləliklə, ayın üçündə Gəncənin tam mərkəzində 3 güllə səsi eşidildi...

Güllələrin səsi hələ xeyli müddət Gəncəlilərin qulağında eşidiləcək...   

Osman Nərimanoğlu

"Demokratik.Az"


Oxşar xəbərlər