Gəncə İHB-nin "AVTOBANDİTLƏR"İ ilə Marşrut və Taksilərə DÜT-DÜLÜ

  • 04 iyun 2019, 10:50

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və "Gəncə Nəqliyyat" MMC-nin gündəlik fəaliyyəti uzun müddətdir ki, qeyri-qanuni əsaslara, məqsədli özbaşınalıqlara dayanır.

Prezident cənab İlham Əliyevin 25 yanvar 2016-cı il tarixli fərmanı əsasında yaradılan və əsas səlahiyyətləri Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində nəzarətçilik olan bu qurum bütün yasal qaydaları və səlahiyyət imkanlarını aşaraq əslində bir qrup vəzifəlinin şəxsi maddi maraqları ilə idarə olunur. Ötən 3 ildən artıq müddət ərzində buraxılmış nöqsanları nəzərə alsaq, qurumun xoş gözləntiləri doğrultmadığını, əksinə haram işlərə bulaşdığını, korrupsiya və rüşvət mexanizmi kimi formalaşdırıldığını söyləmək olar. 

"Demokratik.Az"-ın məlumatına görə, İHB-nin tabeliyindəki bu qurum fəaliyyətə başladığı gündən mövcud fərmanın mahiyyətini pozaraq Rabitə, Nəqliyyat və yüksək Texnologiyalar Nazirliyinin əsas səlahiyyətlərini (lisenziyalaşdırmanın, fərqlənmə nişanlarının və marşrut xəttləri üzrə hərəkət sxemlərinin rəsmi təminatı-red) mənimsəyərək irili-xırdalı sərnişindaşıyan bütün avtomobillərdən rüşvət yığır. Burada inzibati nəzarət tam yaddan çıxarılıb.

Saxta sənədləşmələrlə başları aldadılan və qorxudulan taksi sürücülərindən və şəhərdaxili marşrut xəttlərindəki 100-lərlə avtobusdan ildə 100 minlərlə manat vəsait mənimsənilir. Sürücülərin və şirkətlərin böyük əksəriyyəti vergi ödəmələrindən, məcburi DSMF öhdəliklərindən yayındırılır, əvəzində çirkli pullar kimlərinsə cibinə axır. Bu qurum Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin dövründən bu yana rəsmi dələduzluqla məşğuldur. 

Qurum Gəncə 1 saylı Regional Nəqliyyat Departamentinin hüquqi mövcudluğunu və əhəmiyyətini öz yarıtmaz və uğursuz fəaliyyətilə qəsdən iflic edib. Əsas qurumla yerli qurum arasında kəskin ziddiyyətlər və fəaliyyətsizliklər hələ də düzəlmir. Həm ictimaiyyət, eləcə də qanunları anlayan taksi və marşrut sürücüləri illərdir onlara paylanan "fərqlənmə nişan"larını saxta adlandırır. Fərmandan irəli gələn digər nəzarət olunası hallar da tam pozulur.

Hazırda bütün şəhəri qanunsuzluqları ilə cənginə almış Nəqliyyat İdarəsinin funksiyalarının yerinə oturdulması istiqamətində Gəncənin yeni icra başçısı Niyazi Bayramov da nədənsə acizlik, iradəsizlik nümayiş etdirir. İldə bir neçə dəfə rəhbərini dəyişən idarəyə və eyni zamanda idarədaxili "MMC"-yə hazırda Niyazi Bayramovun yeni adamı rəhbərlik edir. Ümumilikdə rəhbər və bir neçə işçisindən başqa, köhnə idim dəyişməz qalıb. 

Beləcə, hesab etmək olar ki, Gəncə İHB-nin avtobanditlərinin çalışmaları və qamarladıqları pullar sayəsində həm aponentlərinə, həm qazıqladıqları taksi və marşrutlara və özlərinə eyni "mükafat" düşür - DÜT-DÜLÜ!

Nərd oynayanlar isə yaxşı bilir ki, "düt-dülü" ikinin qoşasına deyilir.

İnanaq ki, Gəncə İHB öz tabeliyindəki korrupsiyalaşmış bir qurumun öz səlahiyyətləri çərçivəsində fəaliyyətinə maraqlı olacaq...

(mövzu diqqətimizdədir)

 

Demokratik.Az 

Oxşar xəbərlər