Səlim Müslümovun Gəncə "TRİO"- su yeni naziri niyə QORXUDUR?! - KORRUPSİYANIN UZANTISI

  • 05 iyun 2018, 17:34


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev təyinatından bu yana nazirlik daxilində və tabeli qurumlarda apardığı köklü kadr islahatlarını davam etdirir. Mütamadi kadr dəyişikliyi barədə xəbərlər alırıq. Yeni gənc nazirin zəruri "islahat projesi" əsasən sələfi Səlim Müslümova xüsusi yaxınlığı ilə seçilən dağıdıcı və korrupsioner kadrları əhatə edir.

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, adıkeçən nazirlikdə maksimum şəffaflığa nail olmaq, qarşıda duran mühüm sosialyönümlü qərarların icrasını layiqincə gerçəkləşdirmək üçün yeni nazirin köhnə ənənələrdən və yaramaz kadrlardan qurtulması vacibdir. Lakin görünən odur ki, bu yolda irəliləyən cənab Sahil Babayevə müxtəlif maneələr, ciddi təpkilər də var. Aldığımız məlumata görə, Səlim Müslümov kənardan bəzi köhnə puldaşıyanlarını müdafiə etməklə, onların kürsüdə saxlanması ilə məşğuldur. İnandırıcı səslənməsə də, bu onda alınır. Bəs "vurulmuş" bir nazir bu qüdrəti özündə necə saxlayır, olduqca maraqlıdır.

Diqqətli oxucumuzun diqqətindən qaçmayan mühüm məqama yönələk. Nazir dəyişikliyindən dərhal sonra sabiq nazirin həbs oluna biləcəyi gündəmə gəldi. Və nazirliyə tabe DSMF-lərdən 2 milyard manatdan çox vəsaitin büdcədən kənarlaşdırılması iddiaları tirajlandı. Hələ də bu, ölkə mediası üçün öz ciddiliyini qorumaqda, araşdırma mövzusu olmaqdadır. Dünən yayılan iki xəbər isə fikirləri qurcalamağa yetdi. İddialar səsləndi ki, nazir "köhnə dəftərlər"i qapadıb ölkəni tərk etmək niyyətindədir. Bir də, Bakı şəhər Yasamal rayonunda yerləşən ƏƏSMN yanında DSMF-nin binasının üst qatındakı yanğın hansısa sənədləri külə döndərdi. Hansı sənədlərin yanması, yanğının necə baş verməsi dəqiqləşməsə də, fikirləri qəsd ehtimalına cəmləyir. Bəli, bu mövzular Səlim Müslümovun izi ilə irəliləyir, olaylar onun ali riyazi hesablamalarındakı dolaşıq çək-çevirləri qədər qəlizdir...Elə bir neçə saat öncə sükutu pozub tutarlı təkziblər söyləmək əvəzinə, Səlim Müslümov da bu sualı verdi: - "Bu pullar necə itə bilər?". Sualdan aydın olur ki, keçmiş nazirin özü də "itmək"lə mənimsəmək arasında ilişib qalıb. Hətta, rəqəm 2 milyard qədər böyük olmasa da...

Son gedişatlardan aydın olur ki, Səlim Müslümovun "şəxsi qvardiyası", avanqard tipli məmur komandası təkcə nazirlik daxilində məhdudlaşmayıb, bütün rayon DSMF-lərini bürüyüb. Fantastik yeyinti bumunda da region DSMF-lərinin xeyli payı var.

"Demokratik.Az"-a sızan məlumata görə, sabiq nazirin ən sadiq və ən pullu komandalardan biri Gəncədədir və Səlim Müslümov bir müddətdir ki, Gəncədəki qoca və ərköyün kadrlarının aşkar müdafiəsinə qalxıb.

Gəncə DSMF-lərinin "RÜŞVƏT TRİO"- su...

Səlim Müslümovun "Qaynar Qazan"ı...

Büdcə Hörümcəyinin korrupsiya ilə qızınan "Qaynar Qazan"ında illərdir çömçə bulayan məmurların varlığı Gəncəyə də uzanır.

Uzun zamandır Gəncədə sakinlərin başağrısına çevrilən, DSMF-nin Gəncə ş, Nizami və Kəpəz rayon filiallarının rəhbərləri hamiləri S. Müslümovla razılaşaraq, varlanmaq üçün aralarında "RÜŞVƏT TRİO"su yaradıblar. Sabiq nazir hələ DSMF-yə sədrlik etdiyi dönəmdən ona yaxınlığı şübhə doğurmayan Nizami Əhmədov və yaxın ətrafı çoxsaylı sənəd saxtalaşdırmaları həyata keçirməklə büdcənin küllü miqdarda vəsaitini talayıblar. Adıçəkilən öz müavini, sabiq nazirə qohum olduğu deyilən Bəyalı Əliyev və öz köhnə kreslosuna təyin etdirdiyi (Nizami rayon DSMF-yə-red) Mirxaliq Əliyevlə birlikdə illərlə korrupsiya və talançılıqla məşğul olublar. Hətta, cinayət tərkibi yaradan sənəd saxtakarlıqları reallaşdırıblar.

"Demokratik.Az"-ın məlumatına görə, Gəncə DSMF-lərinin bu "RÜŞVƏT TRİO"- su ötən ayın əvvəllərindən yaxanı ələ verib. Bu ilin aprelin sonundan nazirlik tərəfindən həyata keçirilən kompleks yoxlamanın nəticəsində Gəncə DSMFnin rəhbərliyi tərəfindən buraxılan ciddi maliyyə pozuntuları, əlillik sənədlərinin saxtalaşdırılması, ailələrə sosial yardımların verilmə prosesində və təqaüdlərin təyinatında ciddi korrupsiya faktları aşkar edilib. Cinayət tərkibli bilgilər yeni nazirə dərhal məruzə olunub. Lakin nazir cinayət tərkibli faktları respublika baş prokurorluğuna göndərməyə macal tapmayıb və işə sabiq nazir qarışaraq öz köhnə dostlarını "sehirli çubuğu" ilə müdafiə edib.

Məlumata görə, Səlim Müslümov və komandasından xələfinə təkcə Gəncə üzrə yüzlərlə saxta və problemli sənədlər miras qalıb. Lakin Səlim Müslümovun "Qaynar Qazanı"nın qapağını qaldırmaqda yeni nazirə hakimiyyətdaxili ciddi qüvvələr imkan tanımır.

Yeni nazir lazım olan həddə "təmizləmə" həyata keçirə bilmir. Görünür, bu baş verərsə, böyük bir XAOS dalğası təkcə Səlim Müslümovun özünü yox, həm də sistemləşdirdiyi Sosial Müdafiə Nazirliyini bütövlükdə ağuşuna ala bilər. Görünür, cənab Sahil Babayevi qorxudan, hələ ki, onu yarıtmaz kadrlara və "Səlimsevərlər"ə qarşı soyuqqanlı edən səbəb də budur...

Bu gün xəbər aldıq ki, adıçəkilən "TRİO" yeni nazirə qarşı fikirlər səsləndirirlər. Bu üçlüyə patronajlıq edən Nizami Əhmədov dost-tanışlarının yanında yeni nazirin ünvanına xoşagəlməz fikirlərlə diqqət çəkir.

Məlumat üçün onu da bildirək ki, hazırda Gəncə ş, Kəpəz rayon DSMF-yə rəhbərlik edən N. Əhmədovun 67 yaşı var və müqavilə əsasında əlavə iki ildir ki, vəzifəyə hərislik nümayiş etdirir. Dostuna bu şəraiti isə, sabiq nazirin şəxsən özü təmin edib.

Beləcə, "ağalarının" diqtəsilə DSMF şöbələrində pul "itirməklə" məşğul olanları bir-bir sıraya düzüb ifşa etməyin vaxtıdır...  

Demokrat Baba

İnanırıq ki, yeni nazir Səlim Müslümovdan qalmış zərərli məmurları öz tabeçiliyindən RƏDD edə biləcək...


Adıçəkilənlərin söz haqqı var!

"Demokratik.Az"


Oxşar xəbərlər