Akif Çovdarov mülklərini itirdi - BƏRAƏT istəyi rədd edildi

  • 30 may 2018, 09:30

"Nazirlikdə işləyən dövrdə dövlət tərəfindən bir ev verilib” deyən sabiq MTN generalının əmlakları üzərindəki həbs götürülmədi 

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. İlk prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: "Burda bəzi məsələlər var ki, dövlət sirri təşkil edir. Ona görə də kənar şəxslər zaldan çıxarılsın”. Çovdarov da vəsatətin təmin olunmasını istədikdən sonra vəsatət təmin olundu və apelyasiya  şikayətinə baxış da  qapalı keçirildi.

Mayın 29-da hakim Faiq Qasımovun sədrliyi ilə qapalı keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Çovdarov və digərlərinin apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, A.Çovdarov prosesə həkim müşahidəsində gətirilirdi. Son prosesdə çıxış edən Çovdarov barəsində bəraət  hökmünün çıxarılmasını istəmişdi.  Daha sonra dövlət ittihamçısı çıxış edərək apelyasiya şikayətlərinin qüvvədə saxlanılmasını tələb edib.

Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirdilər.

Yada salaq ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. A.Çovdarov hələ ilk məhkəmə prosesində üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ifadə vermişdi. 

A.Çovdarov qeyd edib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: "Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünki o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətinin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakı özləri alıb”.

İstintaq dövründə yayılmış rəsmi məlumatlarda Çovdarovun Bakının Nəsimi, Səbayel, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu, habelə  Qəbələ, Kürdəmir, Xızı, Abşeron, Şamaxı rayonlarında  mülkləri və torpaq sahələri üzə çıxmışdı. Məsələn, Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400.000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15.000 manat), Şamaxı rayonunun Nağaraxana kəndində dəyəri 750.000 manat olan mülk,  Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 1.800 manat), Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60.000 manat) və sair...

A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib.

Demokratik.Az

Oxşar xəbərlər