"Şəki Aqro indastris MMC"-ni kimlər və necə talayıb? MİLYONLARI UDAN BERMUD ÜÇBUCAĞI

  • 23 dek 2017, 10:06

 

 Hazırda həbsdə olan, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin və keçmiş biznessmen deputat Dünyamin Xəlilovun aşırı MAXİNASİYALARI büdcənin 100 milyonlarla dollarını illərlə havaya sovura bildi. Artıq cümlə-aləm bilir ki, adıçıkilən qohumlar MTN-in sabiq şefi Eldar Mahmudovun da "parlaq gücü”nə dayanaraq ölkə iqtisadiyyatına inanılmaz zərbələr vurdu. Bankirlə əlbir olmuş "TALANÇI ÇETE” milyonlarla dollarlıq büdcə vəsaitlərini müxtəlif adlar altında taladılar. Elə acgözcəsinə taladılar ki, həcmi "Ginnesin Rekordlar Kitabı”na düşə biləcək həddə çatdı. Vətəndaşlıq mövqeyini itirmiş həmən büdcə quldurlarının korrupsioner hərəkətləri tamahlarına yenik düşmüş vicdanlarını da, millətinə və dövlətçiliyə sədaqət hisslərini də bir heç edə bildi. Bununla, olan daha çox bizlərə oldu. Milyardlarla büdcə talanı ölkəmizin iqtisadi durumuna, hər bir azərbaycanlının da cibinə ziyansız ötüşə bilməzdi və ötüşmədi də...

"Demokratik.Az”-a bankirlə milyonçu deputatın mənimsədiyi milyonlar barədə EKSKLÜZİV şok bilgilər daxil olub. Əldə etdiyimiz məlumata görə, 2008-ci ildən 2015-ci ilədək (həbs olunanadək-red)  maxinator bankir Cahangir Hacıyev tez-tez Şəkidə qohumu Dünyamin Xəlilovun "qonağı” olurmuş. Eks bankir bəzən də rayona sevimli qudası, sabiq MTN şefi Eldar Mahmudovla birlikdə gedirmiş.

"Demokratik.Az”a danışan mənbəmizin bildirdiyinə görə, maliyyə xəyanətkarlarını Şəkiyə bağlayan da, bu rayonda tez-tez görünmələrinə səbəb də apardıqları maliyyə fırıldaqlıqları olub. Belə ki, Cahangir Hacıyevin sabiq deputat Dünyamin Xəlilovla birlikdə Beynəlxalq Bankın 100 milyonlarla dollar vəsaitini sil-süpür üçün həyata keçirdikləri "maxinasiya sxemi”ndə Şəkiyə də bir xeyli pay düşüb.

"Demokratik.Az” saytı xatırladır ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildən başlayıb. Buna qədər isə, Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub və həmin ildən 2010-cu ilədək parlamentin deputatı olub. Məlumata görə, iş adamının millət vəkili seçilməsində onun ictimai nüfuzunun artırılması təşkil olunub. Dünyamin Xəlilova "Şəki Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi yaradılaraq ictimai fəaliyyəti təmin edilib. Həmin müddətdə isə, D.Xəlilov "Şəki-İpək" ASC-yə, Şəki-Zaqatala bölgəsi üzrə fəaliyyət göstərən "Inter Security" özəl mühafizə şirkətinə, "Şəki Kərpic" MMC-yə sahiblik edib.Təsisçisi olduğu "General Construction" MMC vasitəsilə Şəki Olimpiya İdman Kompleksinin, Şəki Su-Elektrik stansiyasının tikintisini də həyata keçirməyə məlum hamiləri vasitəsilə "vəsiqə” qazana bilib. C.Hacıyevə məxsus "Şəki Bazar” və "Şəki Ət Kombinatı” ASC-ni də uzun müddət D.Xəlilov idarə edib. 

Əldə etdiyimiz yeni məlumat isə daha ilginçdir.

Şəki rayonu Orta Zəyzid kəndində yerləşən "Şəki Aqro İndastris” MMC-nin də 2006-cı ildən etibarən Dünyamin Xəlilov tərəfindən yaradılması iddia olunur. Aldığımız, lakin dəqiqləşdirə bilmədiyimiz bir məlumata inansaq, Ərkan adlı bir türk iş adamı da şəriklik adı ilə deputat tərəfindən aldadılıb və küllü miqdarda "bankrot”a uğradıldıqdan sonra ölkədən qovulub. O dəqiqdir ki, deputatla bankirin kredit maxinasiyalarında bu MMC-dən də istifadə olunub. 

Məlumata görə, adıçəkilən müasir südçülük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatı 2008-ci ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib. Rəsmi hesabata əsasən, bu sahibkarlıq subyekti Şəki rayonunda maladarlığın inkişafında aparıcı rola malikdir.

"Demokratik.Az”a danışan mənbələrin bildirdiyinə görə, maldarlıq təsərrüfatı dövlətin küllü miqdarda maliyyə dəstəyilə yaradılıb və kapital dəyəri, ilkin investisiya yatırımı 27 milyon olaraq qiymətləndirilib. Dünyamin Xəlilov deputatlığı dövründə bu təsərrüfatın "inkişaf etdirilməsi” adı ilə Cahangir Hacıyevlə sövdələşərək Beynəlxalq Bankdan və "Aqrarkredit” QSC – dən milyonlarla kredit çəkib və aldıqları pulların böyük hissəsinin asanlıqla "arxasına” keçib. Son illərədək digər borclarını da ödəməkdən yayınan deputatın həbsi isə əsas diqqəti onun girov qoyduğu bu kimi irihəcmli mülkiyyəti üzərinə yönəldə bilib. Gəzən dedi-qoduya görə, sabiq deputat ümumiyyətlə heç vaxt iri kapitala sahib olmayıb. Və Dünyamin Xəlilovun biznessmenlik əzəməti əslində Cahangir Hacıyevin öz kölgəsi olub. 

Xatırlayırsınızsa, aktivlərinin böyük qismi dövlətə məxsus (ABB) bankda "Cahangirlərin” dağıdıcı fəaliyyəti faş olarkən borclulardan ödənilməyən borclar geri istənildi. Ən diqqətçəkən borclu isə Dünyamin Xəlilov idi ki, həbsi qaçılmaz oldu. Bu minvalla "Aqrarkredit” QSC Beynəlxalq Bank - dan problemli kreditlərin ativlərin (borcların) əvəzində bir sıra şirkətlər kimi, "Şəki Aqro İndastris” MMC-ni də öz mülkiyyətinə keçirə bildi.

Təəssüf hissilə qeyd etmək olar ki, son proseslər "Şəki Aqro İndastris” MMC-ni "Dünyamin-Cahangir düyünü”ndən azad etsə də, başqa bir qrupun cənginə atıb. Demək olar ki, son illərdə də maldarlıq təsərrüfatının idarə olunmasında xoşagəlməz üsullardan istifadə olunur. Çünki...

Oğlunun dostu Məmməd Musayevin etibarından sui-istifadə edib? Yoxsa!!!

Məmməd Musayev

"Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev  "Şəki Aqro İndastris” MMC-yə nəzarəti məhkəmə qərarı ilə əldə etdikdən sonra idarəçiliyini oğlunun ixtiyarına buraxıb. Artıq neçə ildir ki, maldarlıq təsərrüfatı "Turanbank”ın -  Fuad Məmməd oğlu Musayevin nəzarətindədir. Daha dəqiqi, son illərdə atasının məsləhətilə "Turanbank” rəhbərliyi fermer təsərrüfatının zəruri kreditləşmə və sair maddi məsələlərin həllinə dair işləri həll edir. Məlumata əsasən, təkcə ötən ilin iyun-iyul aylarında (2016-da) "Turanbank” tərəfindən 400 min manat kreditin ayrılması həyata keçirilib. Aldığımız məlumatlara görə, bankın Marketinq və Satış Departamentinin direktoru Emil Mürsəlov özünə olan etibardan sui-istifadə edib. Belə ki, O, Musayevlərin xəbəri olmadan ağlasığmaz özbaşınalıqlara imza ataraq maldarlıq təsərrüfatının inkişafına süni əngəllər yaradıb, öz mənfəətini düşünərək vergi yayınmalarına, israfçılığa, işçilər arasında narazı mühitə və bir sıra qanunsuzluqlara yol verib. Amma Mürsəlovların əməlləri barədə yazdıqlarımıza nə prokurorluq orqanının, nə də "Turanbank"ın ciddi təpki verməməsi, yazılanları araşdırmaması onların heç də bixəbər olmadıqlarına dəlalət edən amildir.

Kreditin "səmərəli" xərclənməsi və geri ödənilməsində Emil Mürsəlovsayağı "nəzarət”

Emil Mürsəlov - "TURANBANK"ın başbiləni

Bu günlərdə Şəki Aqro İndastris” MMC-də yaşanan müsibət barədə saytımızda yayımlanan xəbərlərdə də Emil Mürsəlovun adına rast gəlinib. Bu şəxs Musayevlərin etibarından sui-istifadə hallarına rəvac verərək öz qəssab dostu Elşən Ağalarovu təsərrüfata icraçı direktor təyin etdirib. Bununla belə, qardaşı Elçini ştatdankənar üsulla bütün satış işlərinin başına gətirib, onu şirkətdə əsas söz sahibi edib. Əsasən gündəlik tədarük edilən 7-8 ton südün "Milla”-ya 80 qəpiyə satışını həyata keçirən maldarlıq təsərrüfatında sair yollarla pendir hazırlamağı, satmağı bacaran Elçin Mürsəlov qardaşının diqtəsilə hərəkət edərək bu kimi neqativ hallar yaradıb.

(Bu barədə geniş məlumatı bu linklərdən ala bilərsiniz - "Şəki Aqro İndastris” MMC-də DƏRƏBƏYLİK yaxud "Bəylik" pendirində XƏYANƏT izi! 

"Şəki Aqro İndastris” MMC-də ara qarışdı - işçilər təhdid olunur

 Məlumata görə, "qardaşlar” gündə 1-1,5 ton südün tərkibinin yağını çəkib əvəzində üzsüz südə ucuz yağ qataraq ziyanlı pendir hazırlayırlar. Mənbə iddia edir ki, bəzən südün tərkibi mastitli xəstəlik daşıyıcısı olan südlə də qarışdırılır. Bu isə pendir istehlakçılarına xəyanət, xüsusən təsərrüfatın imicinə bilə-bilə xələl gətirməkdir. 

"Demokratik.Az”-ın araşdırması zamanı o da müəyyən olunub ki, Emil Mürsəlovun addımları israfçılığa da yol açıb. Talançı başbilənlərin israfçılığı isə qəribəliklə iz buraxıb. Təsəvvür edin ki, Almaniyadan sifarişlə təsərrüfata gətirilən məşhur Holşteyn adlı cins malların seçimi maraqlı üsulla həyata keçirilib.

Belə ki, Almaniyaya bu məqsədlə yollanan Elşən Ağalarov inəkləri özəl xüsusiyyətlərinə görə yox, qəssab gözü ilə (ətlik) seçib. Yəni 100-lərlə inəyin seçimində Emil Mürsəlov və dostu mütəxəssisə nədənsə ehtiyac duymayıblar. Nəticə isə acınacaqlı olub. Belə ki, 2016-cı ilin avqustunda Almaniyadan gətirilən 230 baş cins malın yarıdan çoxu tezliklə Elşən Ağalarovun qəssab niyyətinin qurbanı olub. Heyvanlar bir ili tamamlamamış kəsimə məruz qalıb. Hazırda həmin sifarişdən yalnız 90 baş inək ayaq üstədir. Bu ilin oktyabrında da Elşən Ağalarovun Almaniya səfərində 65 baş mal sifarişi olub və qəssabın seçdiyi 30 baş inək artıq müəssisəyə gətirilib və yaxın günlərdə daha 35 inəyin də gəlişi gözlənilir. Düşünmək olar ki, əgər Emil Mürsəlov bugünədək təsərrüfatın davamlı inkişafını istəyibsə, nədən heç olmasa inək seçimini mütəxəssisə etibar etməyib? Axı, artıq acı nəticə də ortadadır və bu hal düşündürücü olmalı idi. Təəssüf ki, olmayıb və Mürsəlovları başqa mətləblər maraqlandırıb ki, onu da özü açıqlasa doğru olardı. Yoxsa bu yırtıcı zehniyyətlə Mürsəlovlar təsərrüfatı talamaqla yetinməyib, həm də BANKİR Musayevlərin nüfuzlarını xərcləyə - xərcləyə özlərini də şəxsi mənfəətlərinin qulu edib.

Xoşbəxtlikdən bu ünvanda belə özbaşınalıq halları artıq baş verməyəcək. Prezident cənab İlham Əliyevin 06.11.2017-ci il tarixli fərmanı ilə yaradılan "Azərbaycan Sənaye Korporasiyası” ASC bütün problemləri bundan sonra özü həll edəcək”. "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Beynəlxalq Bankdan aldığı, problemli aktivlərin borcların əvəzində əldə etdiyi bütün əmlaklar bu fərmanın icrası məqsədilə "ASK” ASC-nin balansına veriləcək  və "ASK” ASC öz fəaliyyətini, nizamnamə kapitalını bu yolla formalaşdıracaq. Bu barədə rəsmi xəbərlər də artıq mövcuddur. Ancaq maraqlıdır, görəsən yeni qurum maldarlıq təsərrüfatını təhvil alarkən talançılığın, özbaşınalığın hesabını kimdənsə soruşacaqmı?

"Demokratik.Az” olaraq bəyan edirik ki, yuxarıda sadalanan faktların işıqlandırılması tanımadığımız hansısa Mürsəlovlara, Elşən Ağalarovlara qərəzdən irəli gəlməyib. Qeyri-neft sektorunun inkişafının vacib və aktuallığı göz önünə gətirilərək, bu iri təsərrüfat subyektinin timsalında həyəcan təbili çalırıq. Hər bir sahibkar və ya hansısa kreditor bank mütləq öz işlərini ölkənin iqtisadi siyasətinə xələl gətirməyəcək tərzdə qurmalı, işlərində ictimai və inzibati nəzarətin varlığını unutmamalıdır. Buyazıda sadalanan əsas faktların araşdırılmasını, hüquqi qiymətin verilməsini isə təbii ki, aidiyyatı qurumların ixtiyarına buraxırıq.

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər