Prezident tapşırıq verdi, büdcə zərfinə dəyişikliklər edildi

  • 02 dek 2017, 11:24

2018-ci ilin büdcə vəsaitləri və ehtiyac meyarı artırıldı; səhiyyəyə, QHT-lərə, siyasi partiyalara və parlamentə əlavə vəsait ayrılacaq; Milli Məclis siqaret və qəlyanı qadağan, bir sıra qanunları isə qəbul etdi

Dekabrın 1-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatlar əvvəlcə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirə etdilər.

Qanun layihəsinə edilən dəyişikliklər barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirdi ki, Əmək və sosial siyasət komitəsində tütün məmulatlarının məhdudlaşdırılması ilə əlaqədar dünya təcrübəsi öyrənilib. Onun sözlərinə görə, bu ilin 16 may tarixində qanun layihəsi ikinci oxunuşda müzakirə olunan "Tütün məmulatlarının məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşa tövsiyə edilib. Hadı Rəcəbli bildirdi ki, müzakirələr zamanı səslənən rəy və təkliflər üzərində işlər aparılıb: "Elə müəssisələr var ki, obyektiv səbəblərdən tütün istehlakçıları üçün xüsusi şərait yarada bilmirlər. Ona görə də artıq bununla bağlı mülkiyyət sahibləri qarşısında tələb qoyulmur.

Amma bunun əvəzində tütündən istifadə ümumiyyətlə qadağan ediləcək. Belə olduqda işçilər artıq iş yerində tütündən istifadə etməyəcək və açıq havaya çıxacaqlar”. H.Rəcəbli dedi ki, ölkədə 20-44 yaşlı kişiləri 30 faizi siqaret çəkir. Belə ki, onların hər biri gündə 16 ədəd siqaret çəkir: "Siqaret çəkməyib tütün tüstüsündən əziyyət çəkən kişilər 67 faiz, qadınlar 31 faizdir”. H.Rəcəbli ölkə prezidenti İlham Əliyevin Yevlaxdakı çıxışında "Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycandan siqaret çəkənlərin ümumi sayı azalacaq” fikirlərini də xatırlatdı. Deputat Əhliman Əmiraslanov qanunun çox vacib və cəmiyyətin çoxdan gözlənilən qanun adlandırdı: "Qanun çox mükəmməl hazırlanıb və dünyanın inkişaf etmiş ölkələrində hazırlanmış qanunlardan heç də geri qalmır. Amma dünya təcrübəsi göstərir ki, qanunun icrasına ciddi nəzarət son dərəcədə vacibdir. Bu qanunun qəbulundan və prezidentin onu imzalamasından sonra ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının tütün məmulatlarının məhdudlaşdırılması konvensiyasına üzv olmaq üçün müraciət edə bilər. Belə qanunlar qəbulundan sonra ilk il 17 faiz siqareti atır, yetkinlik yaşına çatnmayanlar 25 faiz olur. Məsələn, ABŞ-da bu qanun qəbul olunduqdan sonra ilk miokard infarktından əziyyət çəkənlərin sayı 15 faiz azalıb”.

Ə.Əmiraslanov dedi ki, sulu qəlyanın da bu qanuna daxil edilməsi tamamilə düzgündür: "Sulu qəlyanda istifadə olunan maddələrin miqdarı heç də siqaretdəki komponentlərdən geri qalmır və orqanizm üçün son dərəcədə təhlükəli maddələrdir. Üstəlik, sulu qəlyan bir çox infeksion xəstəliklərin yayılmasına səbəb olur”.

Deputat Siyavuş Novruzov da qanun layihəsini müdafiə etdi. Amma əlavələrini də səsləndirdi: "Məsələn, aydın olmadı ki, qapalı yerlərdə tütün məmulatlarından hansı formada istifadə olunmalıdır, açıq formada necə? Rusiyada biri digərini məhkəməyə verib ki, aşağı balkonda siqaret çəkib, ona pis təsir edib”.

S.Novruzov dedi ki, açıq yerlərlə bağlı məsələ tam aydın deyil: "Avtobus dayanacaqları da, uşaq bağçasının, məktəbin qarşısı da açıq yerdir. Bakının gəzməli yerlərinə çıxsaq, görərik ki, restoranın qarşısında siqaret də, sulu qəlyandan da istifadə olunur. Oradan uşaq da keçir, qadın da, ağsaqqal da. Dünyanın hər yerində kameralar hazırlanır, orada siqaretdən istifadə olunur”.

S.Novruzov qeyd etdi ki, biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik, digər tərəfdən tütün məmulatlarından istifadəni qadağan edirik: "Təbii ki, hər şey vətəndaş üçündür. İnsanların sağlamlığı bizim üçün əsasdır. Amma bunu elə tənzimləməliyik ki, bu, gələcəkdə bizim büdcəmizə ziyan vurmasın. Eyni zamanda hər bir turist gələndə öz mədəniyyətini gətirir. Amma əgər ərəbin hər hansı istək və arzusuna uyğun olaraq ona yaşıl işıq yandırılacaqsa, ona qarşı qanunvericiliklə nəzərdə tutulan addımlar atılmalıdır”.

Spiker Oqtay Əsədov dedi ki, bu məsələlər qanunda əksini tapıb: "Digər tərəfdən, cənab prezident Balakəndə dedi ki, biz tütünü ixrac etmək üçün istehsal edirik”.

Deputat Fazil Mustafa da qanunun önəmindən bəhs etdi. Ancaq qeydlərini də səsləndirdi. Bildirdi ki, idman komplekslərinin həyətində siqaret çəkənlərlə bağlı konkret maddə yoxdur. Həmçinin Türkiyə filmlərini xatırladıb orada siqaretlə bağlı səhnələrdə məhdudiyyətlərin olduğunu vurğuladı. "Amma Azərbaycan filmlərinə baxırsan, Zaur siqareti yandırır, Təhminə də ardınca birini yandırır”.

Spiker isə "siqaret çəkənlərin də hüquqları var” deyə, reaksiya verdi. Həmçinin bildirdi ki, dünyanın hər yerində siqaret çəkənlərlə bağlı neqativ hallara rast gəlinir, ona görə də bu məsələləri birdəfəlik həll etmək mümkün deyil.

Bundan sonra qanun səsə qoyularaq qəbul edildi.

İclasın gedişində telefon zənglərinin gəlməsi spikeri əsəbiləşdirdi. O, üzünü deputatlara tutub "hamıda telefon var. Hərənizə bir zəng gəlir. Neçə dəfə demək istəmişəm, amma deməmişəm. Belə olmaz axı...” - deyə, xəbərdarlıq etdi.

Daha sonra İnzibati Xətalar Məcəlləsinə və "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Sözügedən dəyişikliyə görə, Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək. Belə ki, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimələnəcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edildi.

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır”. 

Bunu deputat Qüdrət Həsənquliyev söylədi. Dedi ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Deputat digər kanallara ayrılan vəsaitləri xatırlatdı: "Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

 "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsini birinci oxunuşda birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim etdi.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, Milli Məclis  Silahlı Qüvvələrə nəzarət etməlidir: "Heç bir halda Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz. Biz büdcədən Silahlı Qüvvələr üçün vəsait ayırırıq, lakin onların fəaliyyətinə nəzarət etmirik”. Deputat digər həssas məqama da diqqət çəkdi: "Qanunda birmənalı şəkildə qeyd olunur ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini, komandir və rəislərin qəbul etdiyi qərarları, əmr və sərəncamlarını icra edirlər. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri də Azərbaycan vətəndaşlarıdır. Buna görə də, dövlətə qarşı qiyam və yaxud dövlət çevrilişi cəhdi zamanı əsgər və zabitləri Konstitusiyaya zidd əmr və sərəncamları icra etməməlidir. Bununla bağlı qanuna müddəanın salınmasını təklif edirəm”.

Deputat Vahid Əhmədov təklif etdi ki, digər nazirliklərin və dövlət qurumların tabeliyində olan hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. O qeyd etdi ki, müstəqillik tariximizdə Silahlı Qüvvələrə tabe olmayan hərbi birləşmələrin dövlət çevrilişlərinə cəhdlərdə və digər bu kimi proseslərdə iştirakının şahidi olmuşuq: 

"İstər müharibə şəraitində, istərsə də dinc şəraitdə həmin hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. Onsuz da biz hazırda müharibə şəraitindəyik”. V.Əhmədov hərbi obyekt və mülklərin özəlləşdirilməsinə qarşı da çıxdı. Bildirdi ki, hərbi mülkiyyətin özəlləşdirilməsi Ali Baş Komandanın razılığı əsasında həyata keçirilməlidir: "Biz hazırda bu sahədə neqativ halların şahidi oluruq”. V.Əhmədov da Silahlı Qüvvələrə nəzarət mexanizmi barədə təklifi dəstəklədi: "İndiyə qədər şahidi olmadım ki, Hesablama Palatası hər hansı hərbi hissədə yoxlamaların aparılması və nəticələri barədə Milli Məclisdə hesabat versin”.

Deputatlar Fəzail Ağamalı, Tahir Kərimli, Sahib Alıyev, Zahid Oruc, Siyavuş Novruzov və digərləri də çıxış etdilər.

Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, qanun layihəsi hazırlanarkən Konstitusiya, Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyası əsas götürülüb.

Qanun layihəsi ilk oxunuşda qəbul edildi. Spiker ikinci oxunuşun 15 dekabrdakı iclasda olacağını bildirdi.

Günün ikinci yarısında iclas hökumət nümayəndələrinin iştirakı ilə davam etdirdi. 2018-ci ilin dövlət büdcəsi ilə bağlı hökumətə verilən vaxt tamam olduğundan irəli sürülən təkliflərin nə dərəcədə nəzərə alındığı hər kəs üçün maraqlı idi. Maliyyə naziri Samir Şərifovun çıxışından məlum oldu ki, hökumət bir sıra məsələlərlə bağlı deputatların səsini eşidib. Belə ki, 2018-ci il üçün Azərbaycanda ehtiyac meyarının həddi 14 manat, yəni 12 faiz artırılmaqla 130 manata çatdırılıb. Odur ki, 2018-ci il dövlət büdcəsində dəyişikliklər etmək zərurəti yaranıb.

Nazir dedi ki, Milli Məclisə təqdim olunan 2018-ci ilin büdcə zərfinin parlamentdəki müzakirəsi zamanı səslənən təkliflər barədə prezidentə məruzə olunub. Prezidentin göstərişi əsasında bir sıra məsələlərlə bağlı əlavə vəsaitlərin ayrılması barədə qərar  verilib. Belə ki, eşitmə qüsuru ilə yeni doğulmuş və ürək qüsuru ilə doğulmuş uşaqların müalicəsi üçün əlavə 4 milyon vəsait büdcə xərclərinə əlavə olunub. Növbəti ildən həmin xəstələrin müalicəsinə başlanacaq. S.Şərifov dedi ki, siyasi partiyalar üçün əlavə 500 min manat ayrılmaqla ümumi vəsait 3,1 milyon manata, QHT-lərə əlavə 600 min manat ayrılmaqla ümumi vəsaitin 5,6 milyon manata çatdırılması nəzərdə tutulur. Milli Məclisə isə 1 milyon 200 min manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

Bundan başqa ölkə prezidentinin tapşırığı əsasında Üzeyir Hacıbəyli adına simfonik orkestrinə, Naxçıvan Muxtar Respublikasına da əlavə vəsait ayrılacaq. Həmçinin təhsil sahəsinə ayrılan vəsait də artırılıb ki, bu da tələbə təqaüdlərinin verilməsinə imkan verəcək.

Ümumilikdə 2018-ci ilin büdcə xərcləri 141,3 milyon manat artırılıb. S.Şərifov onu da dedi ki, səslənən digər təklif və təşəbbüslər də hökumətin diqqətində olacaq.

Ümumilikdə gələn ilin büdcə xərcləri 21,047 milyard manat olacaq.

Spiker Oqtay Əsədov hökumətə deputatların təkliflərini nəzərə aldığı üçün təşəkkür etdi. Büdcə zərfi səsverməyə çıxarıldı və qəbul edildi.

İclasda "Dövlət rüsumu haqqında” qanuna da dəyişikliklər edildi. Qanuna əlavə olunan maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə - 

10 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlara 50 manat; 5 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 30 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat; 1 iş günü müddətində verildikdə isə 1 yaşınadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq. Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -

10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.

"Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb.

Cəzalarin İcrası Məcəlləsinə və Cinayət Prossesual Məcəlləyə dəyişikliklərin edilməsi də geniş müzakirələrə səbəb oldu.

Deputatlar Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Elşən Musayev, Rüfət Quliyev və digərləri bu barədə çıxış etdilər.

Deputat Çingiz Qənizadə cəzanın humanistləşdirilməsi istiqamətində atılan növbəti addımı təqdir etdi. Bildirdi ki, bir sıra hallarda sərt cəzaların verilməsi ailələrin dağılmasına, uşaqların sahibsiz qalmasına, onların tərbiyədən kənarda qalmasına, gələcəkdə cinayətkarların yetişməsinə səbəb olurdu. Odur ki, humanistləşmə istiqamətində atılan addımlar yalnız dəstəklənməlidir.

Elşad PAŞASOY

Oxşar xəbərlər