Onlar "Dirçəliş Günü” nü belə xatırlayır - Gəncədə danışdılar

  • 17 noy 2017, 11:14


Bu gün Azərbaycanda möhtəşəm tarixi bir gün qeyd olunur. Bugün 17 noyabr - Milli Dirçəliş Günüdür. Bu münasibətlə Gəncə şəhərində yaşayan bir neçə ziyalı "Demokratik.Az"-a maraqlı açıqlama verib.

 

  Tanınmış siyasətçi, hazırda Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri Salman İmanlı "Dirçəliş Günü”nü belə xatırlayır: ”Həmin gün bütün azərbaycanlıların həyatında olduğu kimi, mənim də həyatımda dönüş günü olub. Xalq hərəkatının liderləri Bakıda milli oyanışa rəhbərlik edir, biz də inqilablar şəhərində - Gəncədə bu prosesə dəstək verməyə çalışırdıq. Həmin dönəmdə şəhərin vətənpərvərləri bir araya toplaşmağa başlamışdı. Xüsusilə tələbələrin aktivliyini xatırlayıram. Həmin gün gəncəlilər paytaxtın müstəqillik sədalarından ruhlanaraq, yerli milli oyanışın təməlini qoydular. Nəticədə bir neçə gün sonra hərəkatın fəal üzvləri Məhəmməd Əmrahovla İlham Zakiroğlu inzibati binanın damına çıxaraq SSRİ bayrağını yırtıb atmışdılar, yerinə də üçrəngli bayrağımızı asmşdılar. Bu qürurverici hadisə idi. Mənə görə, 17 noyabr müasir Azərbaycanın azadlıq eşqindən doğan və bundan sonra daim gələcəyimizi nurlandıracaq bir günəşdir.

"Demokratik.Az" saytı Gəncədə bayraqdar kimi tanınan Məhəmməd Əmrahovun da fikirlərini alıb. Bayraqdar bildirib ki, 17 noyabr dirçəliş günü inqilablar şəhərinə - Gəncəyə öz müsbət töhfəsini verib. "Ölkənin ikinci böyük şəhərində həmin hadisələr elə sürətlə alovlanmağa başlamışdı ki, o vaxtki sovet qoşunu da əliyalın əhalidən qorxmağa başlamışdı. Noyabr hadisələrində Gəncə İH önündə izdiham var idi. Mən dostum Vüqarla və bir neçə gənclə "azadlıq - azadlıq", qışqıra qışqıra şəhərin mərkəzi icrayə binasının damına çıxdıq. Özümüzlə üçrəngli bayrağımızı götürmüşdük. Köhnə rus bayrağını dirəkdən qopardıb cırdıq atdıq bir kənara, bayrağımızı yerinə asdıq. Bayraq havada uçaraq o vaxtki rustərəst Bağır Bağırovun başına düşmüşdü. Yuxarıdan meydana boylandıq ki, hamı dalğalanan doğma bayrağımıza baxıb bir az daha coşdu və həmin gün mənim ən xoşbəxt günüm oldu. 17 noyabr-Dirçəliş Günü bizim xalqın anlı-şanlı tarixidir".  

Həmin günlərin canlı şahidi və iştirakçılarından biri də Vidadi Səməndovdur. "Demokratik.Az”-a danışan Səməndov o illərdə tələbə olduğunu deyir: ”tələbə olduğuma görə, düşünürəm ki. "Meydan Hərəkatı”nda xüsusən gənclərin iştirakı təmin olunurdu. Bakının bütün Universitetlərində tələbələr arasında güclü ideoloji təşkilatlanma prosesi gedirdi. Mən o günə boylananda özümü inqilabçı kimi görürəm, çünki hamı kimi mən də 70 illik repressiv sovet müstəmləkəçiliyindən azad olmaq üçün yola çıxmışdım. Həmin ilin noyabrında meydan hərəkatında məlum liderlərin çıxışlarının şahidi olmuşam. Deyim ki, hərəkata kortəbii qoşulmuşdum, əsla yox. Mən 1918-ci ildə əldə etdiyimiz Demokratik Xalq Cümhuriyyətinin tarixini yaxşı bilirdim. O gündən bu yana, mənim üçün millət vətən sevgisi yaşam meyarımdır. Milli mənafeyimiz mənə görə hər şeydən üstündür. Müstəqilliyimizi isə nəyin bahasına olursa olsun qoruyub saxlamalıyıq. 17 noyabrdan başlayan "Meydan Hərəkatı”nı milli ideoloji Akademiya adlandırardım. Məhz həmin gün müasir Azərbaycan tarixinə və xalqımıza tanış olan parlaq tarixi şəxsiyyətlər yetirib. "Milli Dirçəliş” günümüz və müstəqilliyimiz var olsun!!!

Demokratik.Az olaraq hər kəsi Milli Dirçəliş Günü münasibətilə təbrik edirik.

Demokratik.Az 

Oxşar xəbərlər