“Azərsu”dakı korrupsiya Bakını çökdürür...

  • 06 okt 2017, 07:11

Dövlətin 5 milyardını selə verib, suda batırdılar; Son 10 ildə milyardlar xərcləyən "Azərsu”nun köhnə kanalizasiya xətləri paytaxtda ciddi fəsadlar yaradıb; yağışlardan sonra baş kəndimiz iflic vəziyyətə düşüb; adı külli miqdarda büdcə vəsaitinin talanmasında hallanan Qorxmaz Hüseynov nə qanunları sayır, nə də ictimai qınağı vecinə alır


"Azərsu” ASC-dəki korrupsiya oyunları bu gün növbəti "bəhrəsini” verdi. Oktyabrın 4-də səhər saatlarında Bakıda yeni istifadəyə verilmiş yol çökdü, xoşbəxtlikdən həmin vaxt yolda avtomobil olmadığından can itkisi yaşanmadı. Lakin yeni təmir olunan Nizami rayonu, Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolda dərinliyi  iki metrə çatan çuxur əmələ gəldi ki, bunun təmiri həm xeyli vaxt, həm də vəsait tələb edir.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun çökməsinə səbəb kanalizasiya kollektorunun partlaması olub: "Bu gün (dünən-red.) səhər saatlarında Mehdi Abbasov küçəsində yolun asfalt örtüyünün çökməsi qeydə alınıb, təxminən iki metr dərinliyində bir quyu əmələ gəlib. Əməkdaşlarımız hadisə yerinə cəlb olunub və məlum olub ki, yerin altından kanalizasiya kollektoru keçir. Bu kollektorun istismar müddəti bitdiyi üçün dağılıb partlayıb, oradan axan çirkab sular yol yatağını yuyub, nəticədə yolda çökmə baş verib. Dərhal  aidiyyəti  üzrə məlumat verilib və ”Azərsu" ASC-nin əməkdaşları əraziyə gəliblər. Hazırda kollektorun bərpası istiqamətində işlər aparılır. Yol müvəqqəti olaraq bağlanıb, sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Bu kollektorun bərpası yekunlaşan kimi yolun bərpası istiqamətində tərəfimizdən addımlar atılacaq".

Son illər "Azərsu” ASC-yə dövlət büdcəsindən ayrılan milyonları, o cümlədən beynəlxalq təşkilatlardan verilən kreditləri göz önünə gətirsək, indi Bakının mərkəzi prospektində istismar müddəti bitmiş kollektor qalmamalı idi. Lakin yağan hər yağış ciddi problemlərlə yadda qalır və göyə sovrulan pulların məbləğindən xəbər verir.

Paytaxt Bakıda kommunal problemlərin baş alıb getməsi ilə paralel olaraq  bu qurum zərərlə işləyir. 2016-cı ildə "Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub. Bu qurumun Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub. Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir.  

"Azərsu ”ASC-nin ötən il üzrə zərəri 612,921 mln. manat olub. 2015-ci ildə bu rəqəm 550,660 mln. manat təşkil edib.

Qeyd edək ki, bu quruma dövlət ayırmaları da kifayət qədər ciddi məbləğlərlə ifadə olunur. Təkcə bu il "Azərsu”ya bir neçə istiqamətdə su və kanalizasiya xətlərinin çəkilişi üçün milyonlarla manat pul ayrılıb.

Belə ki, prezident İlham Əliyevin Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb.


Eləcə də ölkə başçısının Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində "Azərsu”ya 4 milyon manat vəsait ayrılıb.

Qeyd olunan iki sərəncam bu ilin avqust ayında imzalanıb.

Bu il həmçinin prezidentin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən "Azərsu” ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

Bu barədə "Azərsu” ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir. Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu” ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.

Sonuncu 14,7 milyon manatlıq yardım 13  ünvanda - Ziya Bünyadov prospekti boyu, Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Binəqədi şosesi boyu kollektorun tikintisi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi, Sabunçu rayonu ərazisində kollektorun tikintisi, Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi, Sabunçu rayonu "Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi, Ramana Südçülük Sovxozunun ərazisində, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu, Xətai rayonu Yusif Səfərov küçəsi boyu və Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi üçün ayrılıb.

Son yağıntılar zamanı Binəqədidə müşahidə olunan vəziyyət bu milyonların da korrupsiyanın qurbanına çevrilməsi ehtimalından xəbər verir.

Ümumilikdə, son illərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı  "Azərsu” ASC-yə ayrılan pulların məbləğinə və coğrafiyasına baxsaq, hazırda Bakıda və Abşeronda köhnə su və kanalizasiya sistemi qalmamalı idi. Bəs bu pullar haraya sovrulub ki, hər yağış yağarkən biz yollarda, ara küçələrdə suların yığılıb qaldığını görürük?

İqtisadçı ekspert Natiq Cəfərli mövzunu "Yeni Müsavat”a şərh edib. O bildirib ki, sözügedən quruma son illərdə milyardlarla manat vəsait ayrılsa da, qeyri-effektiv xərcləndiyindən hələ də zərərlə işləyir: "Dövlət büdcəsindən birbaşa ayırmalardan əlavə ”Azərsu" ASC-yə dolayı ayırmalar da olub. Yol tikintisi ilə bağlı və ya kanalizasiya xətlərinin təmiri ilə bağlı birbaşa büdcədən əlavə, xarici kreditlər şəklində də "Azərsu”ya  yüz milyonlarla dollar müxtəlif beynəlxalq maliyyə qurumlarından yardımlar ayrılıb.  Həmin layihələrin həyata keçirilməsində də çox böyük problemlər yaşanıb. Söhbət təxminən milyardlarla dollar vəsaitdən gedir. Son 10 ili götürsək, bəlkə də bu vəsaitlərin həcmi 5 milyarddan yuxarıdır. Söhbət vəsaitlərin böyük həcmindən əlavə, işin keyfiyyətindən gedir. Azərbaycanda artıq büdcə xərcləmələrində korrupsiyanın olması heç kimi təəccübləndirmir. Ancaq korrupsiya ilə yanaşı işin keyfiyyətsizliyi də böyük problemlər doğurur. Sovet dövründə Bakıda bir çox yerlədə yağış sularının axıdılması üçün olan xətlər kanalizasiya xətlərindən ayrı çəkilmişdi, sonradan yağış xətlərinin bir çoxu ləğv edildi və ya kanalizasiya xətlərinə birləşdirildi. Bu da böyük problemlər yaradır və yağıntı çox olanda həmin xətlər suyun axıdılmasını çatdırmır, nəticədə şəhəri su basır. Bütün bunlar qeyrı-şəffaf idarəetmənin, tenderlərin normal keçirilməməsinin və korrupsiya hallarının nəticəsidir. "Azərsu” bu qədər monopolist şirkət olmasına baxmayaraq həm dotasiya ilə işləyir,  zaman-zaman vergi borcları, digər dövlət nəzarətindəki təbii inhisarçılara olan borcları silinir. Büdcədən əlavə vəsaitlər ayrılır, xaricdən kreditlər alır. Bütün bunlara baxmayaraq, çox qeyri-effektiv və zərərlə işləyən dövlət müəssisəsidir". 

Bütün bu deyilənlər isə artıq "Azərsu” adlı dövlət inhisarçısının özəlləşdirilmə vaxtının çatdığından xəbər verir. Büdcəni çapıb talayan, üstəgəl, fəaliyyətsizliyi və zərəri göz önündə olan bir qurumun yalnız özəlləşdirilməsi dövlətə müəyyən fayda verə bilər.

Xatırladaq ki, "Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. O, bu quruma 2011-ci ilin 16 fevral tarixindən rəhbərlik edir. Q.Hüseynov bu müddət ərzində su təsərrüfatında ciddi dönüş edə bilməməkdə ittiham olunur. O, adı mətbuatda ən çox korrupsiyada hallanan məmurlardandır. Lakin indiyədək deyilənlər, yazılanlar barədə jurnalistlərə heç bir açıqlama verməyib. Dövlətin milyardlarla manat vəsaitinin talanmasında ittiham olunan Qorxmaz Hüseynov nə vaxtsa qanun qarşısında cavab verəcəkmi? Görünən budur ki, o, nə qanunları vecinə alır, nə ictimai qınağı.

"Yeni Müsavat” "Azərsu” ASC-nin mətbuat  xidməti ilə əlaqə saxlamağa çalışsa da, zənglərimizə cavab verilmədi. Qurumun mövqeyini dərc etməyə hazırıq. 

Oxşar xəbərlər