Məktəbli formasını necə seçməli?

  • 30 avq 2017, 08:45

Məktəbli formalarının qiyməti 40-45 manat arası dəyişir, ancaq müxtəlif mağazalarda 60-65 manata da satılır

"Allı-güllü, iri, ağır, üzərində əcnəbi dillərdə müxtəlif yazılar yazılmış, bahalı çantalar almaq mənasızdır. Uşağın fiziki parametrlərinə uyğun sadə, yüngül, ucuz çantalar alınsa yaxşıdır. Ağır çantaları məktəbdə də lazımsız vəsaitlərlə yükləyəcəklər. Uşağın qamətini deformasiya edir. Sintetik materialdan hazırlanmış paltarlar almayın. Nisbətən baha da olsa, təbii materialdan olan paltarlar alın. Onsuz da il boyu geyinəcək. Uşağa düzgün oturma qaydalarını (vərdişi) öyrədin. Evdə öyrədin ki, məktəbdə də müəllimlər davam eləsin. Yoxsa qamətində problemlər yaranacaq”.

Bu məsləhətləri valideynlərə həkim, pediatr Vaqif Qarayev öz facebook hesabında yazaraq bildirib. Yeni dəb ili ərəfəsi valideynləri düşündürən və narahat edən əsas mövzulardan biri də məktəbli geyimləridir. "Keyfiyyətli geyimi haradan, necə almaq olar” kimi suallar bu gün bütün valideynləri düşündürür.

Orijinal məktəbli formalarının üzərində Bakı Tikiş Evinin yarlığı olur. Ancaq təəssüf ki, bu formaların saxtaları da satışda var və onların üzərinə bu yarlıqlar elə vurulub ki, onu orijinaldan ayırd etmək çətindir. Bu məktəbli formalarının qiyməti əslində yuxarı siniflər üçün 40, aşağı siniflər üçün isə 45 manatdır. Ancaq biz müxtəlif mağazalarda bu məktəbli geyimlərinin 50, 60, 65, bəzən isə daha ucuz 30-35 manata satıldığını görürük.

Fabrikdə tikilmiş məktəbli geyimlərini haradan alaq ...

Картинки по запросу Etibar Əzimov məktəbli formaları

"Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin rəisi Etibar Əzimov məktəbli formalarında işlədilən parçaların Avropa laboratoriyasından sertifikatı olduğunu dedi: "Bizim mallarımızın, parçalarımızın keyfiyyəti çox yüksəkdir. Çünki biz onu Türkiyədən alırıq və bu parça üçün Avropa laboratoriyasının sertifikatı var. Bizim ”Qaynar xətt"imiz var: 597-45-39. Bu telefona zəng etməklə hər kəs özünə yaxın məntəqəni öyrənib məktəbli geyimlərini oradan ala bilər. Bizim məktəbli forması satılan 15 satış mərkəzimiz var. İkisi Sumqayıtda, biri Xırdalanda, digərləri isə Bakının ən ucqar rayonlarındadır. Məsələn, Qaradağda, Mərdəkanda, Buzovnada və digər ətraf qəsəbələrdə satış təşkil etmişik ki, insanlar məktəbli forması üçün şəhərin bu başından o başına getməsinlər. Biz məktəbli formasını paketin içərisinə qoyub veririk. Paketin üzərində bütün satış mərkəzlərimizin ünvanları və telefon nömrələri yazılıb. Kimsə gedib başqa yerdən məktəbli forması alıbsa, biz təbii ki, ona zəmanət vermirik. Düzdür, bu məktəbli formalarına "Bakı Tikiş Evi”nin adını yazıblar. Amma o geyimləri kilo ilə haradansa alıb gətirirlər və bilirlər ki, "Bakı Tikiş Evi”nin malları yaxşı gedir, ona görə də bizim adımızı yazırlar. Bu yarlıqları o qədər dəqiq kopyalayıblar ki, onu adi gözlə ayırd etmək olmur".

3 yolla saxta məktəbli formasını tanımaq olar...

E.Əzimov bildirdi ki, diqqətlə baxmaqla aldığınız məktəbli formasının saxta olub-olmadığını bilmək olar: "3 yolla saxta məktəbli formasını tanımaq olar. Birincisi, qiymət ucuzdursa, məlumdur ki, bu saxta maldır. Çünki bizim bütün mağazalarımızda qiymət vahiddir. İkincisi, parçaya toxunanda bunu bilmək mümkündür. Üçüncüsü isə saxta məktəbli formalarının tikişi əyri, keyfiyyətsiz və sanki başdan eləməklə yanaşılıb. Bu üç nüansa diqqət etməklə saxta məktəbli formasından qaçmaq olar. Çünki uşaqlar bizim genefondumuzdur. Bizim bu şeylər üçün müəlliflik hüququmuz var. Amma bizim bu hüququmuzu pozurlar. Bu, yerli istehsaldır və burada 700 qadın çalışır. Biz məhsul istehsal edirik, amma anbarda qalır. Çünki kənardan saxta forma gətirirlər, üstünə ”Bakı Tikiş Evi" yazıb camaata satırlar. Bizim bütün bəlamız bundadır. Bu geyimləri mağazalarda alarkən sertifikat tələb etsinlər. Əgər satıcı sertifikat göstərə bilsə, demək ki, bu bizim fabrikə məxsus məktəbli geyimləridir. Qiymətlərimiz isə dəyişməz olaraq qalır: 40 manat aşağı sinif uşaqlar üçün kostyumlarıdır, 46 manata isə yuxarı sinif kostyumlarıdır".

Картинки по запросу Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov geyim bazarından çoxlu sayda şikayətlər aldığını bildirdi: "Çox təəssüf ki, Azad İstehlakçılar Birliyi bu məsələ ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırsa da, heç bir effektli nəticə əldə olunmayıb. Mən birmənalı şəkildə tərəfdarıyam ki, məktəbli formaları hansı ölkədə olur-olsun tikilsin, Azərbaycana gətirilsin, onun standartları müəyyən olunsun. Qiymət bahadır və istehlakçılar narazılıq edirlər. Çox təəssüf ki, bu sahədə monopoliya aradan götürülmür. İstehlakçıların hüquqlarının müdafiəsi haqında qanuna görə istehlakçının hüququ var ki, malın sertifikatını tələb etsin”.

Qeyd edək ki, saxta geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri yarada bilər. Buna görə də valideynlər məktəbli formalarını seçərkən diqqətli olmalıdırlar.

Günel MANAFLI

Oxşar xəbərlər