Lənkəran MERO-da rüşvət tragikomediyası: "Saçlarını yol gətir!"...

  • 11 avq 2017, 12:32

Həyatımızı bəzəyən çox şey var. Həyatımızı korlayan şeylər də az deyil. İnsan övladı həyatını bəzəmək üçün nələrə əl atmır ki,...

  Lakin insanın ən böyük bəzəyi onun ləyaqəti, şərəfi, vicdanıdır. Bu bütün dövrlərdə , bütün xalqlarda belə olub. Əsl insan bu keyfiyyətləri itirdikdə gözdən düşür, qınaq obyektinə çevrilir.

   Peşə əxlaqı, peşə etikası da bunların sırasında önəmli yer tutur. Hüquq-mühafizə  fəaliyyəti də dövlətimizin ictimai-siyasi həyatının mühüm sahələrindəndir. Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksində bu fəaliyyət hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəxsi, mənəvi və  işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılı olduğu bildirilir.

     "Yalnız bu keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqəti olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər”.- kodeksdə belə deyilir. Əməldə, təcrübədə bunun əksi ilə rastlaşdıqda vətəndaşın hansı hisslər keçirdiyini anlamaq çətin deyil.

    DİN-in 08.04.2005-ci il tarixli 180 nömrəli əmri ilə təsdiq edilmiş kodeksin 2-ci maddəsində deyilir: ”Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir”.

        Beləliklə, polislər daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andı pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi , bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.

      Vətəndaş və yaradıcı insan kimi Kodeksdə yazılmış bu sözlərin insanların ürəyindən gələn sözlər olduğunu təsdiqləyə bilərəm. Azərbaycan vətəndaşı öz polisinə güvənir. Onun polis haqqında öz anlayışı mövcuddur və vəzifə başında əxlaq anlayışına əməl etməyən bəzi polisləri bu xalqın düşmənləri ilə bir tutur.

      Nədir polis əxlaqı? Yenə də həmin kodeksə müraciət edək. Polis işçisi ”insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməlidir”.

      Bu hər dəfə belədirmi? " Əgər polis əməkdaşı vəzifə başında kodeksdə təsdiq olunmuş müddəalara riayət etmirsə, özü qanunu pozur və ya cinayət törədirsə, onlara müraciət edən vətəndaşları təhqir edirsə, rüşvət alırsa... onda onları hansı cəza gözləyir? Ümumiyyətlə, gözləyirmi? Əlbəttə ki, bu, qəliz, mürəkkəb bir mövzudur. Bunlara nəzarət edəcək güc strukturları mövcuddur. Baxmayaraq ki, ictimai nəzarət deyilən bir anlayış da vardır.Lakin hər kəs polis paltarı geyinmiş insanlara söz demək, irad tutmaq iqtidarında deyildir. Və buna öz hgəyatına təhlükə kimi qəbul edə bilər. Lakin polis əməkdaşları peşə etikasına riayət etmədikdə, özü qanunları pozursa, bu, üzə deyilməsə də qınağa, gülüşə, istehzaya, hətta nifrətə bələ layiq görülür.Demək, Azərbaycan polisinin illər ərzində formalaşmış müsbət obrazına ləkə gəlir, insanlar arxalanmalı, köməyinə ümid etməli olduğu vəzifə sahiblərinə inamını itirir. O, sadəcə, gözdən düşür. Polis səlahiyyət həddini aşırsa, özü istənilən cəzaya layiq görülür.Bu, nifrət və kindir. Polis işçisi bundan artıq cəzaya layiq görülə bilməz.

        Sözlərimə qüvvət üçün Lənkəran rayonunda şahidi olduğum bir hadisəni qeyd etməyi özümə borc bildim. Qonaq olduğum rayonda ev sahibi maşınını texniki baxışdan keçirmək üçün mənim onunla getməyimi xahiş etdi. Lənkəran "Mero”sunun rəisinin polis polkovnik- leytenantı Tariyel Məmmədov olduğunu bildirdim. O əvvəllər Gəncə Merosunun rəisi işləyib. Mən də Gəncə şəhər sakiniyəm. Onun bu şəhərdə fəaliyyətindən də az-çox xəbərdaram. Lakin Lənkəranda gördüklərim sözün həqiqi mənasında məni şoka saldı. Polis işçilərinin pul qazanmaq naminə hansı "improvizasiya”lara əl atması düzü məni doyunca güldürdü. Hərçənd, polis işçilərinin özlərini saldığı vəziyyət məni kövrəltdi də. Hisslərimi gizlətmək üçün qonağı olduğum şəxsdən aralandım.

       Mənə qəribə gələn insanların idarədə polislər haqqında nalayiq ifadələr işlətməsi oldu. Heç kim onlara cavab vermir, polislər bu adamlara heç baş qoşmurdu da. Yaxınlaşıb onların biri ilə söhbətr etməyə cəhd etdim. ”Sizin ”... deyib kükrəyən bir yaşlı dayıdan niyə belə hərəkət etdiyini soruşdum. Eşidərlər-dedim.

       "Elə bilirsən eşitmirlər,- dayı daha da coşdu. –"Onlara pul lazım idi onu da aldılar.İstəyirsən, bir də söyüm.. Pe...pe-lar”!Tez dayını ağzını tutdum .Qolundan tutub eşiyə çıxardım. Sağa-sola baxıb şahidin olub-olmamasını yoxlayırdım ki, kənardan birinin "Kişi adamdı bu. Dilinə quzu kəsim” dediyini eşitdim (Sonradan öyrəndim ki, bu dayı da elə "Mero”nun işçisidi). Kim kişi idi. Nə üçün kişilər kişisi sayılırdı daha onu anlamağa vaxtım olmadı.

      Bir polis mayoru səsə çölə çıxdı. Guya ki, nəsə başqa işi vardı.Bir-iki dəfə "öhö-öhö” edib kabinetinə yaxınlaşdı. Elə içəri təzə girmişdi ki, başqa birisi səsini başına atdı. - ”Kül sizin başınıza! Dədənizdən qalıb bu idarə? Hökümət bu boyda bina tikib ki, siz oturub pul qazanasınız özüvüzçün? –dayı kimi nəzərdə tuturdu anlamaq qəliz məsələ oldu. Ona nə demişdilər , o niyə nalayiq sözlər işlədirdi, soruşmağa cürət etmədik. Bu dəfəki dayı o birisindən də hirsli çıxdı. Ona da heç kim baş qoşmadı. Marağımı saxlaya bilmədim.Yanındakı bir cavandan soruşdum-Bu dayı niyə  belə eləyir görəsən?

       Cavab həqiqətən də gülməli oldu. - "Hər yerin maklerini görmüşdük, polisin maklerin birinci dəfədi görürük. Maşının texniki baxışının vaxtından bir-iki gündür ki, ötüb. Başım toya qarışdı,vaxtını  ötürdüm. Maşınsız gəlmişəm. Yolda onsuz da tutub cərimələyəcəkdilər. Bu rəis (açıq otaqdan polis kapitanını göstərir ) deyir mümkün deyil, get maşınını gətir.Mən 60 km yol gəlmişəm, 60 km da qayıtmalıyam ki,maşını gətirim.Dedim rəis ,gəl hörmətini  edim, işi düzəlt.Onsuzda baxışın dövlət rüsümu 20 manatdı,siz 40 manat alırsız. Rəis də dedi ki, mümkün deyil, vəssəlam. Demə burda dəllallar var imiş. Biri məndən 5 manat alıb işimi düzəltdi”.

     Bəs niyə əsəbləşirsən, işin düzəlib  də? - ona dedim. - "Söhbət onda deyil,qardaş. Bu idarəni bazara döndəriblər.Vətəndaşa,üzr istəyirəm, hüquqsuz məxluqa baxan kimi baxırlar”.

        Bəs niyə söyüş söyürsən ki? – deyə soruşdum. ”Bəs neyləyim,öldürüm,döyüm? Balalarımı da yetim qoyum? Dünyanın hansı ölkəsində polis işçisi belə işlər görür? Məndən qabaqkı da 5 manat verib getdi”.

        Gözlərimi aşağı dikdim. Baxmağa bir yer, bir kəs qalmamışdı. Gözlərim üçün ən sakit, baxmalı yer elə ayaqlarım idi. Sakitcə eşiyə çıxdım. Onsuzda məni həddən artıq maraq göstərdiyim üçün qaralamışdılar.

      Fikirləşdim-görəsən, günahkar kimdir? Rüşvət verən, yoxsa rüşvət alan? Dövlətin idarəsində nalayiq söyüşlər söyənlər, yoxsa özünü söydürənlər?

    -Hər halda hər iki tərəfdə günah var, -dostum dedi, sanki ürəyimdəkiləri oxuyurdu – Mən sakitcə yaxınlaşdım, qanunla işimi gördüm, heç kim də məni incitmədi.

       Və köks ötürüb maşının qazını basdı!..

 Ruhulla Zahidov

 Yazıçı-jurnalist

"Demokratik.Az"dan:

Lənkəran MERO-da baş verənlərdən anlamaq olur ki, uzun illər Gəncə 9 saylı Rayonlararsı Qeydiyyat İmtahan Şöbəsində vətəndaşlara qənim kəsilərək görülən xidmətlər müqabilində rüşvət toplayan, bu yolla da varlanaraq adını az qala rəsmi milyonçular siyahısına saldırmağı bacaran polis polkovniki Tariyel Məmmədov hələ də öz əməllərindən çəkinməyib. Bu üzdən Lənkəranlıların bir çoxu hesab edir ki, cənab Məmmədovun Gəncədən Lənkərana gətirilməsi sadəcə hansısa korrupsioner virusun, özünəsöydürən polisin yerdəyişməsindən başqa bir məna daşımır. Bilirik ki, ümidlərimiz puça çıxacaq. Amma hər bir halda, ölkədə fəaliyyət göstərən MERO-larda baş alıb gedən analoji biabırçılıqlara son qoyulacağına, General Ramiz Zeynalovun şəxsən özündə belə bir kəramətin oyanacağına ümid edirik.

 

Adıçəkilənlərin də söz haqqı var!

 

"Demokratik.Az"

Oxşar xəbərlər