Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE

  • 22 noy 2019, 22:33

Kəlbəcər rayonunun hazırki icra başçısının prezidenti və ictimaiyyəti aldatmasına dair iddialar dolaşır. Rayon sakinlərindən "Demokratik.Az"-a verilən məlumata görə, Aqil Məmmədov hansısa səbəblər üzündən öz tərcümeyi-halında bəzi məlumatları təhrif edib.

Aldığımız məlumata görə, 2006-cı ildən, Kəlbəcər İHB-də ilk vəzifəyə təyin olunarkən Aqil Məmmədov bəzi şəxsi məlumatlarını gizlədib. Belə ki, O, Prezident Administrasiyasını aldadaraq, Göygöl rayonunda yaşayıb, qeydiyyatda ola-ola, Göygöldə işləməsinə baxmayaraq, guya əvvəllər Kəlbəcər rayon İcra Hakimiyyətində də işləməsi barədə saxta arayış təqdim edib. Digər məlumatların özündə də qəribə məqamlar yer alır.

"Demokratik.Az" Aqil Məmmədovun Wikipedia-da və Kəlbəcər İHB-nin rəsmi saytında yayımlanan məlumatlarını təqdim edir:

"Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olmuşdur. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı "Ağdaban" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu "Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləmişdir.

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışmış, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləmişdir. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir".

Məlumatlardan göründüyü kimi, icra başçısının haqqında olan bilgilər başadüşülən ardıcıllıqda və dolğun deyil. Dosye bir çox çətin və mühüm suallara yol açır.

Aqil Məmmədovun 1987-ci ildə İdman Akademiyasından məzun olduğu qeyd olunur və anlaşılır ki, həmin ildən bu yana əmək fəaliyyətinin Kəlbəcərə aildiyyatı olmayıb. Yəni o, Kəlbəcərin işğalınadək Kəlbəcərdə daimi yaşamayıb. Belədirsə, doğulduğu Ağdaban kəndinin kolxozunda 1976-cı ilin sentyabrından hansı illərədək əmək fəaliyyətinin olması nədən göstərilməyib? Həmin illərdə sözügedənin 16 yaşı olub və asanlıqla iddia etmək olar ki, icra başçısının Əmək kitabçasında staj xatirinə həmin kolxozda formal olaraq 1993-cü ilədək işlədiyi (saxta) yazıla bilər. Hansı ki, bu barədə artıq iddialar formalaşıb.  

Aqil Məmmədovun hansı illərdə hərbi xidmət keçdiyi, hərbi mükəlləfiyyətinə dair xəbərə də rast gəlinmir. İcra başçısının idman akademiyasının məzunu olduğunu önə sürərək, onun hərbi xidmətə yararsızlığını indidən ortadan qaldırmaq olar. Amma əksini düşünənlər də var.

İcra başçısının Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu "Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləməsi kimi məlumatlar da bilərəkdən ümumiləşdirilib. Anlamaq olmur ki, həmin iş yerləri Bakı və Göygöldə (Xanlarda) hansı illəri əhatə edib. Eləcə də, ardıcıllıqda formallıq müşahidə olunur. Təsəvvür edin, idman idarəsinin rəisi birdən-birə "Məhsul" İC-də adi müəllimə çevrilir və daha sonra orta məktəbdə şagirdlərə idman dərsi keçir. Azərbaycan reallığında belə dibəvurma karyerası olduqca maraqlıdır. Amma bu da son deyil.

"Demokratik.Az-a daxil olan məlumatda bildirilir ki, Aqil Məmmədovu bəzi şəxsi məlumatlarını "gizlətməyə" vadar edən məqam 1993-98-ci illərdəki əmək fəaliyyəti ilə bağlıdır ki, bu barədə nə wikipediya, nə də başqa məlumat bazasında heç nə yazılmayıb. İnandırıcı səslənməsə də, Aqil Məmmədov 90-cı illərdə ayda 200 dollar almaq müqabilində, bir iş yerinin xatirinə hətta xaçpərəstliyi qəbul edib. Bu barədə başçını yaxından tanıyan Göygöl və Kəlbəcər sakinləri arasında müxtəlif dedi-qodular dolaşır, bildirilir ki, söhbət Aqil Məmmədovun ABŞ-ın Azərbaycanda fəaliyyət göstərmiş "ADRA" adlı QHT-də əməkdaşlığından gedir...

"Demokratik.Az"-dan: İctimaiyyət ölkənin bir çox icra başçısı haqqında ümumiyyətlə məlumat qıtlığı yaşamaqdadır. Bir çoxlarının dosyesində təhrifolunma halları var, bəziləri haqqında isə ümumiyyətlə hansısa məlumata rast gəlinmir. Natamam dosyelər də çaşqınlıq yaradır. Kimlikləri öz fəaliyyətləri qədər ictimai əhəmiyyət və maraq doğuran icra başçıları şəffaf olmadıqca, barələrində dolğun - düzgün məlumatlar vermədikcə cəmiyyətə və dövlətə qarşı səmimiyyətləri şübhəlidir. Təəssüf ki, belədir...

KEÇMİŞİNİ GİZLƏDƏNLƏR VƏ TƏHRİF EDƏNLƏR İSƏ, KEÇMİŞLƏRİNDƏN VƏ ƏMƏLLƏRİNDƏN QORXAN YALANÇILARDIR!

İcra başçısının şəxsi mövqeyini dərc etməyə hazırıq!

(Xəbər ötən il işıq üzü görmüşdü - təkrar dərc edilir)

Demokratik.Az   


Oxşar xəbərlər