İslamiadanın bağlanış mərasimi yekunlaşdı

  • 22 may 2017, 23:46

İslamiadanın Bakı Olimpiya Stadionunda bağlanış mərasimi ilə bağlı tədbir start götürüb.

Demokratik.Az xəbər verir ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub.

Bununla, İslamiadada 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.

Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi.

22:50

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub.

Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyib: "Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı".

İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar.

Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyir ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.

"Lakin son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə Birinci vitse-prezident bildirir.

Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın geniş qəlbi adlandırır və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edir.

"Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edir.

23:08

 

Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

Demokratik.Az

Oxşar xəbərlər