İltimas Məmmədov niyə həbs edilmir? – Vidadi Zeynalov

  • 06 may 2017, 17:29

"O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi”

"Mən istintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi. Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir?”

Bu sözləri məhkəmədə Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov deyib. O, mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə verib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda o bildirib ki, ifadə vermək istəməyib, çünki ifadə verənlərin dediklərindən görünür ki, o, heç bir cinayət əməli törətməyib:

"İlkin ifadəmdə göstərdiyim kimi rəhbərliyin göstərişlərini yerinə yetirmişəm. Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim etdilər. Buna görə də ifadə verirəm ki, kimsə düşünməsin qorxduğum üçün ifadə vermirəm. Çoxu mənim çıxışımı səbirsizıiklə gözləyirdi. Deyəcəklərim çoxdur, lakin özümü yormaq istəmirəm. Səbəbkar özü vicdan əzabı çəkəcək. İstəmirəm kiməsə problem yaransın. İttihamın yazdığı rəqəmlərlə razı deyiləm və etirazımı bildirirəm. Məhkəmədə bir az ədalət olsa, 1+1 = 2 olaraq yazılar. Əgər etməyəcəksə, sağ olsunlar. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanda olan digər şəxslər də bu günü gözləyir”.

"Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur”

Vidadi Zeynalov deyib ki, o, bank, maliyyə, xəzinə ilə bağlı qanunların hazırlanmasında iştirak edib:

"Evlərimi satıb İqtisad Universitetini təmir etdirmişəm. Beş dərs vəsaiti yazmışam. Xarici jurnallarda məqalələrim dərc olunub. Dövlət qulluğundakı xidmətlərimə görə, prezident tərəfindən medalla təltif olunmuşam. Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Günahım odur ki, mənə əlavə tapşırıq veriləndə gərək qəbul etməyəydim. Buna görə övladlarımın gələcəyinə ləkə gətirdim. Buna görə xalqımdan və prezidentdən üzr istəyirəm. Allah günahımdan keçsin. İstintaq dövründə dəymiş ziyanı ödəmək istədim, imkan vermədilər.

Vaxtilə mənə və qardaşıma deyilmişdi ki, "Bu ölkədən köçüb gedin. Burada siz ancaq çoban, ya balıqçı ola bilərsiniz. Vaxt gələcək peşman olacaqsınız”. Lakin buna əhəmiyyət vermədik. Mən əgər günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxaradım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yardılsın. Əgər buna da razı deyillərsə, indidən desinlər, biz də müştəri axtarmayaq”.

"Yoxlama aparanları yaxşı tanıyıram”

Vidadi Zeynalov deyib ki, həmin dövrdə hesablamalar dollarla olduğu halda ittiham aktında manatla yazılaraq qiymətlər 25 faizə qədər şişirdilib:

"Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar. Maliyyə Nazirliyi iki şey bilir – yoxlama və hesab çıxarmaq. Əgər işlərini düzgün qursaydılar, ölkədə maliyyə vəziyyəti belə olmazdı. Bu qədər ağa qara yazmaq allahsızlıqdır. İttiham aktın oxuyanda səhvləri yox, düzü axtarmağa məcbur olmuşdum. Bunlar baş vermiş hadisəyə istintaq orqanın münasibətini göstərir”.

V. Zeynalov səhhətinin yaxşı olmadığını deyərək fasilə verilməsini xahiş edib. Buna görə, iclas mayın 10-na təxirə salınıb.

Xatırlatma…

Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.

B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər