Sumqayıtda məktəbin ərazisi zəbt olunub?

  • 13 apr 2017, 18:20
Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunmaması ilə bağlı "Bizim Yol”a açıqlama verən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun təhsil naziri Mikayıl Cabbarova ünvanladığı məktub əlimizə keçib. Məktubun mahiyyəti müdirin ictimaiyyətə verdiyi açıqlamanı tamamilə təkzib edir. 

Nizami Namazovun nazirə müraciətində bildirilib ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları 10.04.2017-cı il tarixində sözügedən təhsil müəssisəsinin ərazisində olub, inşaatçılarla söhbət ediblər: "Onlar burada müvafiq tikintinin aparılması üçün Nazirlər Kabinetinin qərarının olduğunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsələdən xəbərdar olduğu bildirilib”. 

Məktubda yerli icra hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov da burada Nazirlər Kabinetinin qərarı ilə burada sosial tipli binaların tikildiyini qeyd edib.   

Şöbə müdiri nazirə məktubunda tikintinin aparılması üçün müvafiq sənədlərin hələ də Təhsil Şöbəsinə verilmədiyindən də şikayət edib. 

Vurğulayaq ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə informasiya sorğusu göndərmişik. Sorğunu verdiyimiz tarixdən iki gün keçsə də, nazirlik hələ də sorğumuza cavab verməyib. Burdan belə nəticəyə gəlmək olur ki, Təhsil Nazirliyi məsələni araşdırıb tədbir görməkdə aciz qalıb. 


Xatırladaq ki, aprelin 10-da bir qrup sakin Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 21 nömrəli məktəbin ərazisinin zəbt olunaraq qeyri-qanuni tikinti işlərinin aparıldığını iddia edərək etiraz aksiyasi keçiriblər. Elə həmin aksiyadan sonra məsələ gündəmə gəlib.
 
Demokratik.Az

Oxşar xəbərlər