"Evimi satıb pulu MTN əməkdaşlarına verdim"

  • 06 apr 2017, 20:00
Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi prosesə buraxılmayıb. 

Prosesdən sonra S.Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə bildirib ki, iclasda zərərçəkmiş şəxslərdən Elçin  Kərimov ifadə verib. O, SOCAR-ın əməkdaşı olduğunu bildirib. Qeyd edib ki, onu və digər zərərçəkmiş İlham İbrahimovu nazirlikdə bir gün saxlayıb, sonra sərbəst buraxıblar: "MTN əməkdaşlarından Rüfət adlı şəxs məndən altı karatlıq brilliant tapmağımı xahiş etmişdi. Mən də İlham İbrahimovdan xahiş  etmişdim. Çünki o qızıl alveri ilə məşğul idi. İlham bildirdi ki, onda həmin qızıl var. Mən həmin qızılı İlhamdan almaq üçün 200 min dolları manata çevirmək üçün banka getdim. Bu zaman MTN əməkdaşları məni tutdu. Bir gün saxlanıldıqdan sonra gördülər qanunsuzluq etməmişəm buraxdılar". 

Digər zərərçəkmiş Zeynal Şəfiyev bildirib ki, 2011-ci ildə ona saxta qızıl satması barədə MTN-ə məlumat daxil olduğu bildirib və həmin vaxt barəsində cinayət işi başlamamaq üçün evini sataraq 12 min dollar pulu MTN əməkdaşlarına verib.

Vəkil A.Tağıyev bildirib ki, hər iki zərərçəkmiş Sübahir Qurbanovu tanımadığını deyib. 
Proses günün ikinci yarısında davam etdirilir.

İttihama əsasən, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri  - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

"Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub”.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi də məhkəmənin sədri Həbib Həsənovun icraatında araşdırılır.
Oxşar xəbərlər