"Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın müjdəçisidir"
Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.
Demokratik.Az-ın
məlumatına görə, tikinti-bərpa işləri ilə tanışlıq zamanı yerli media nümayəndələrinə
müsahibə verən Əli Həsənov deyib:
"Aprel döyüşlərindən bir il keçir. Düzdür, bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə 1994-cü ildə düşməndən azad olunsa da, burada yaşamaq təhlükəli idi. Çünki
Lələtəpə yüksəkliyinin düşmənin əlində olması bu ərazilərdə təhlükəli vəziyyət
yaradırdı. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun aprel döyüşlərində qazandığı möhtəşəm qələbə sayəsində həmin yüksəklik
də işğaldan azad olundu və burada yaşamaq imkanı yarandı. İndi Prezidentin
tapşırığı və nəzarəti altında kənd bərpa olunur”.
Cocuq Mərcanlı kəndinin bərpasını Böyük Qayıdışın müjdəçisi adlandıran Əli Həsənov
qeyd etdi ki, burada aparılan tikinti işləri birbaşa Prezident İlham Əliyevin nəzarətindədir.
Kəndin bərpası məcburi köçkünlərdə də böyük ruh yüksəkliyi yaradıb. Bu gün
artıq bütün dünya Cocuq Mərcanlı adı, onun yenidən bərpa edilməsi, buranın Azərbaycan
torpağı olması barədə məlumatlıdır. Dövlətimizin başçısının ideoloji siyasətinin
nəticəsidir ki, azad olunmuş kəndin bərpası dünyaya səs salıb.
"Dünən telekanallar vasitəsilə yəqin ki, Ermənistanı da gördünüz. Əgər bir ölkə
ki, prezidentinin parlament seçkisində səs verməsini təşkil edə bilmirsə, həmin
prezident 8 dəfə barmağını cihaza tuşlasa da şəxsiyyəti təsdiqlənmirsə, bu ölkədən
nə danışmaq olar? Bəlkə də Sarkisyan ölkədən qaçmaq üçün saxladığı pasportu
verdiyindən kompüter bunu təsdiqləmirdi. İki pasport çıxardı, amma məndə olan məlumata
görə, hələ bir neçəsi də cibində idi. Görürsünüz, necə biabırçı vəziyyətdir,
orada yaşayan xalq da artıq o prezidentdən, o rejimdən bezib. Azərbaycan
Prezidenti də dəfələrlə erməni xalqına müraciət edib ki, o rejimdən yaxa
qurtarsın. Əgər normal həyat tərzi keçirmək, normal qonşuluq münasibətləri
saxlamaq istəyirsinizsə, bu ədalətsiz problemə son qoyun. Onsuz da mövcud rejim
bu problemi həll edən deyil”, – deyə Baş nazirin müavini bildirdi.
Əli Həsənov Cocuq Mərcanlıda salınan yeni qəsəbədə tikinti prosesinin sürətlə
getdiyini və açılış mərasiminin Milli Qurtuluş Günü ərəfəsinə planlaşdırıldığını
diqqətə çatdırdı.