İlham Əliyevin əfv sərəncamı müsbət qarşılanıb

  • 18 mart 2017, 09:45

Səadət Bənanyarlı: "Sərəncamı yüksək qiymətləndiririk”; Sərdar Cəlaloğlu: "İstənilən halda əfv mütərəqqi, humanist bir addımdır, ancaq...”

Martın 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi. Bundan başqa, 2 məhkumun ömürlük cəzası müddətli cəza ilə əvəzlənib.

Omlardan birinə, "Hacı Məmmədovun bandası” işi üzrə, DİN-in sabiq idarə rəisi Zakir Nasirovun cəzası 15 il azadlıqdan məhrumetmə ilə əvəz olunub. Daha bir nəfər icrası təxir olunmuş cəzadan azad olunub. 8 nəfər azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanların siyahısında blogger Əbdül Əbilov, AXCP fəalı Elvin Abdullazadə, "Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlar da var. "Meydan” TV-nin rəhbəri Emin Millinin qaynı Nazim Ağabəyov şərti cəzadan azad edilib. Əfv olunanlar arasında 19 xarici vətəndaş da var. Onlar İran, Pakistan, RF, Çin, Nigeriya, Türkiyə və Ukrayna təbəələridir.

Lakin REAL sədri İlqar Məmmədovun, Nida üzvü İlkin Rüstəmzadənin, AXCP üzvləri Seymur Həzi və Məmməd İbrahimin də azad olunacağı gözlənilsə də, bu, baş vermədi.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü hüquq müdafiəçisi Səadət Bənənyarlı "Yeni Müsavat”a açıqlamasında əfv sərəncamını müsbət qiymətləndirdi: "Hər halda bilirdik ki, siyahımızdan 4-5 nəfərdən artıq şəxs azadlığa buraxılmayacaq. Ancaq çox ümid edirdik ki, bizim siyahımızdakı cəmiyyəti maraqlandıran digər ictimai şəxslər də əfv olunarlar. Təəssüf ki, bu, baş tutmadı. Lakin onlarla, yüzlərlə insanın azadlığa çıxması, öz ailələrinə qovuşmaları çox müsbət haldır. Biz yenə də öz işimizi davam edəcəyik və digərlərinin də azad olunmasına çalışacağıq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, xüsusilə də İlqar Məmmədov, Əli İnsanovun azad olunmasını istərdilər: "Əli Həsənov artıq neçə ildir ki, həbsdədir. Onun işini nəzarətdə saxlayırıq. İstəyirəm ki, Əli İnsanovla bağlı məhkəmənin qərarı obyektiv olsun və bu insan azadlığa çıxsın. Bundan əlavə bizim siyahımızda Seymur Həzi və digərləri də var. Hər halda, siyasi motivlərlə həbs olunmaların qarşısının alınması bizim marağımızdadır. O cümlədən Qiyas İbrahimov və Bayram Məmmədovu da diqqətdən kənarda saxlamaq istəməzdim. Doğrudur, bu şəxslərin etdikləri xuliqanlıqdır və ancaq verilən cəza da həddən artıq sərtdir. Ona görə də bu şəxslərin azadlığa çıxmaları bizim üçün çox vacibdir”.

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, dəyişən heç nə yoxdur: "Əfv istənilən halda mütərəqqi, humanist bir addımdır. Cəmiyyətdə həmrəyliyin möhkəmlənməsinə, qarşıdurmanın zəifləməsinə xidmət edir. Ancaq məsələyə problemin həlli baxımdan yanaşsaq qeyd edim ki, bu, həll demək deyil. Bu gün kimlərsə əfv olunur, ancaq sabah yenə də qeyri-qanuni olaraq digərləri həbs olunacaq. 30 ildir ki, Azərbaycanda siyasi məhbusların, qeyri-qanuni həbslərin həcmi sabit qalır. Ona görə də Azərbaycan insan hüquq və azadlıqlarının vəziyyətinə görə beynəlxalq siyahılarda hər zaman axırıncı yerlərdə olur. Ölkədə də vətəndaş həmrəyliyi yoxdur. Bu vəziyyət dəyişməyənə qədər əfvlərin, amnistiyaların cəmiyyəti irəli aparan heç bir gücü olmayacaq. Xeyli sayda insan var ki, siyasi motivlərlə həbs olunub və bu gün də həbsxanadadır. Özüm həbs olunmuş, işgəncələrə məruz qalmış adam kimi, Azərbaycan hüquq-mühafizə orqanlarının istintaq işinin mahiyyətini çox yaxşı bilirəm. Azərbaycanda müstəqil məhkəmə olmadığı, hakimlər hüquqi baxımdan savadsız olduqları üçün heç zaman məhkəmə hökmünə bəraət qazandırmaq və onu düz qəbul etmək olmaz. Bu da onu göstərir ki, əfv sərəncamı verilməsi ilə yanaşı, həm də hüquq-məhkəmə sisteminin islahatlar aparılaraq, təkminləşdirilməsi lazımdır. Çox təəssüf ki, bu kimi islahatlar baş vermir. Parlamentin qəbul etdiyi qanunlar Azərbaycanı sivil dünyadan uzaqlaşdırıb orta əsrlərə aparır. Mövcud qanunla göstərir ki, Azərbaycanda insanların hüquq və azadlıqları məhduddur. Hətta bu qanunlar belə icra prosesi zamanı pozulur. Bu baxımdan hesab edirəm ki, əfv sərəncamını azadlığa çıxanların ailələrinə qovuşması və digər bu kimi hallar baxımından müsbət qiymətləndirsəm də, düşünürəm ki, bunun heç bir siyasi nəticəsi yoxdur. Adicə məişət cinayətlərini belə yoxlasan görərsən ki, onların da böyük əksəriyyətinə Cinayət Prosessual Məcəlləyə uyğun hökmlər çıxarılmayıb”.

Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, verilən əfv sərəncamını olduqca müsbət qiymətləndirir: "Cənab prezident mərhəmət prinsiplərinə söykənərək humanizm nümayiş etdirdi. Bu müstəqillik əldə etdikdən bu günə qədər verilmiş sayca 62-ci əfv sərəncamı idi. 2003-2017-ci illər arasında 4 minə yaxın məhkum, cənab prezidentin sərəncamı ilə azadlığa çıxıb. Bu, çox əhəmiyyətli bir rəqəmdir. Eyni zamanda hesab edirəm ki, Azərbaycanda cəzanın humanistləşdirilməsini nümayiş etdirən iradənin ifadəsidir. Son sərəncamı da bu qəbildən hesab etmək lazımdır. Xüsusilə də ölkə başçısının 10 fevralda imzaladığı ”Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı məhkəmə və hüquq islahatlarının aparılmasının mühüm bir istiqamətidir. Onu da qeyd edim ki, bu gün (dünən-red.) çox qısa bir müddətdə əfv sərəncamının icrası tam başa çatdırıldı. Bu, Penitensiar Xidmətin rəhbərliyinin peşəkarlığını göstərir. Son zamanlar aparılan işlər Azərbaycanda məhkəmə-hüquq islahatlarının daha da dərinləşməsinin göstəricisidir. Cəza çəkmə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yenilərinin tikilməsi bütövlükdə həm də Azərbaycan vətəndaşına verilən qiymətdir. Güman edirəm ki, bu gün azadlığa çıxan şəxslər bunun dəyərini düzgün qiymətləndirəcəklər".

Ə.Nuriyevə görə, bu vaxta qədər əfv sərəncamı ilə azadlığa çıxanların 99 faizi bir daha yenidən cinayət törətməyib: "Bu da onu göstərir ki, barəsində əfv qərarı çıxarılan şəxslər doğru-düzgün seçilir. Cənab prezidentin bu sərəncamı azad olunanların özlərinə, ailələrinə bayram hədiyyəsi olmaqla yanaşı, cəmiyyətimiz üçün də bir mesajdır ki, biz hər bir vətəndaşımıza dəyər veririk. Ona yenidən cəmiyyətin tam bir üzvü olması üçün şanslar veririk. Sərəncam onu da göstərdi ki, cənab prezident QHT-lərin, ombudsmanın, insan hüquqları müdafiəçilərinin müraciətlərinə də çox diqqətlə yanaşıb. Bu proses davamedici bir prosesdir. İnanıram ki, bundan sonra qanunvericilik daha da təkminləşdiriləcək və eyni zamanda amnistiya, əfv kimi institutların tətbiqi də bütövlükdə prosesin fasiləsiz xarakter almasının göstəricisidir”.

 

Əli RAİS

Oxşar xəbərlər