Islahatlar genişlənir! Hansı nazirlər “ixtisar” ediləcək?

  • 26 fev 2017, 12:17

Sərdar Cəlaloğlu: "Strukturların sayının azaldılması prosesi çoxdan başlayıb”

Əli Orucov: "Köhnələr hakimiyyətdən getmək istəməyəcəklər”

 

Azərbaycan prezidentinin ciddi struktur və idarəetmə islahatlarına başlayacağı barədə məlumatlar yayılıb. Hesab olunur ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyinin, bundan əvvəl digər nazirlik və dövlət komitələrinin ləğv edilməsi, bir-birinin fəalliyyətini təkrarlayan qurumların birləşdirilməsi bu islahatların başlanğıcıdır. Gələn məlumatlara görə, vitse-prezidentlik institutunun yaradılması və bunun tərkib hissəsi kimi I vitse-prezidentin təyin olunmasına adekvat olaraq, Nazirlər Kabinetinin tərkibinə yenidən baxılacaq. 
"Yol xəritəsi”nə uyğun olaraq baş nazirin müavinlərinin sayı azaldılacaq, bir-birilərinə paralel sayılan strukturlar birləşdiriləcək. Ehtimal olunur ki, Nazirlər Kabinetinin tərkibinə daxil olan strukturların sayı 44-dən 20-dək azaldılacaq.

"Hökumət idarəetmənin yükünü azaldacaq”

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə bildirib ki, baş nazirin müavinlərinin sayının azaldılması və Nazirlər Kabinetinin tərkibinə yenidən baxılması vitse-prezident postlarına olan təyinatlarla bağlı deyil. S.Cəlaloğlunun sözlərinə görə bu, Nazirlər Kabinetinin daxili nizamnaməsi əsasında müəyyən edilən normadır: "Əgər kadrların idarəetmə sistemi yüngülləşdirilirsə, dövlət büdcəsindən idarəetmə yükü qaldırılırsa, yəni, idarəetmə xətti azaldılarsa, bu zaman baş nazirin müavinlərinin sayı azaldılır, bir sıra nazirliklər, şöbələr, komitələr ləğv edilir. Bunlar vitse-prezidentlik institutunun qurulmasıyla bağlı olan məsələ deyil. Azərbaycanda başlayan iqtisadi böhran hökuməti məcbur edir ki, ixtisarlar aparsın, idarəetmə yükünü azaltsın. Buna görə də strukturların sayının azaldılması prosesi çoxdan başlayıb. Məsələn, Nəqliyyat Nazirliyi ləğv edilib Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi, bir sıra komitələr ləğv edildi. Bir çox idarələr də bu yolla ləğv edilməlidir və ləğv ediləcək. I vitse-prezidentin təyin olunmasından qabaq Nəqliyyat Nazirliyi ləğv edildi, bu, ölkədə baş verən iqtisadi böhranla əlaqədardır. Bu hadisəni yeni siyasi institutun yaranmasıyla əlaqələndirmək doğru deyil. Strukturların sayının azaldılması prosesi çoxdan başlayıb. İxtisarlar davam edəcək. Amma mümkündür ki, I vitse-prezidentin təyin olunmasından sonra proses sürətlənsin. Hətta, baş nazirin müavinlərinin sayının artırılması da, əlavə nazirliklərin yaradılması da mümkündür. Yəni, bu, vitse-prezidentliklə bağlı məsələ deyil, hökumətin iqtisadi böhrana adekvat olaraq idarəetmə yükünü azaltmaq cəhdləriylə bağlıdır”.
"Hakimiyyət daxilində ciddi müxalifət formalaşacaq”

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə deyib ki, Nazirlər Kabineti indiyədək fəaliyyətsiz qurum olub. Kabinetin "qocalar evi”nə oxşadığını deyən AMİP yetkilisinin sözlərinə görə bu baxımdan kabinetin mobilliyini və çevikliyini yaratmaq lazımdır ki, işlək bir qurum olsun: "Bunun üçün müəyyən addımlar atılmalıdır, atılacaq. Amma atılan addımlar I vitse-prezidentin güclənməsinə xidmət edəcək. Tədricən onun komandası formalaşdırılacaq ki, bu da hakimiyyət daxilində ciddi müxalifətin yaranmasına əsas verəcək. Köhnələr hakimiyyətdən getmək istəməyəcəklər, öz postlarını qoruyub-saxlamağa çalışacaqlar. Onların əllərində də böyük təsir və maliyyə imkanları var, bu baxımdan qarşıda ciddi proseslərin baş verəcəyini əvvəldən demək mümkündür. Əgər I vitse-prezident ölkəni böhrandan çıxarmaq üçün ciddi addımlar atacaqsa, bu zaman nəyəsə nail olmaq mümkün olacaq. Əks halda, adların dəyişməsi heç bir problemi həll etməyəcək. Amma ilk çıxışında birinci vitse-prezident Mehriban Əliyeva çox iddialı danışdı, böyük vədlər verdi, üzərinə öhdəliklər götürdü. Qarşıdakı bir neçə ay ərzində bu təyinatın uğurlu olub-olmaması özünü açıq formada göstərəcək”. (cebhe.info)

 

Oxşar xəbərlər