Baba Vəziroğlu: "Orta cinsi üstün bilərdim"

  • 10 yan 2017, 12:59
Bu gün Baba Vəziroğlunun doğum günüdür. Şairi təbrik edirik.

Jurnalistlər əla bilirlər ki, Baba müəllimlə müsahibə heç də asan başa gəlmir. Danışmaqla da arası yoxdur... Ona baxanda nədənsə həmişə mənə belə gəlir ki, bu insan yalnız və yalnız düşünmək və yazmaq üçün doğulub. Amma sevdiyi insanların əhatəsində olanda, hərdən ürəyi açılır. Heç kimi sıxmadan, ruhunu incitmədən, bezdirmədən saatlarla danışa bilər. Çox şükürlər olsun ki, bizə müsahibəsi zamanı da ürəyi açıldı. Müsahibəmiz çox maraqlı alındı. Buyurun, oxuyun və son sözü siz deyin:


- Sizcə, bizdə qadın olmaq yaxşıdır, yoxsa kişi?
- Yox... nə ondan, nə bundan. Seçim imkanı məndə olsaydı, ara cinsi üstün bilərdim, rus qrammatikası təbirincə, orta cinsi... Bizim bu fani, gidi dünyada onların işi "xod" gedir...

- Müsəlman qəbristanlığında dəfn olunmaq istəyirsiniz?
- Yox, istəmirəm... İstəyirəm ki, şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə uyuyum. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın...
Əsl müsəlman qəbri isə itib-batmalı, torpaqla bir olmalıdır... Sonuncu müsəlmanı çox-çox illər öncə "Müsəlman qəbri" romanında öldürmüşəm, torpağa dərin-dərin quylayıb məzarını da itirmişəm. Çünki... bu dünyada yeganə müsəlman idi...

- BabVəz əzizdir, yoxsa Baba Vəziroğlu?
- Mənə şəxsi eqomla bağlı əziz heç nə yoxdur, elecə də adımla bağlı. Adımın hansı çeşidli formatlarda deyilişi, yaxud yazılışı heç eynimə də gəlməz. Adlarda mistika axtarmaq ağıllı adamlara yaraşmaz. Əsas məğzdir...
Mənə əziz olan hər şey əzizlərimlə bağlıdır. Onların adı bəlli bir ovqatda köklənməyim üçün əsas açar rolunu oynayır... Öz adım isə mənə heç nə demir...
Ad başdaşı üzərinə həkk olunmaqdan savayı daha faydalı bir işə yaramaz.

- Oğlunuz nəvənizdən balacadır. Kim gecikdi?
- Bu dünya siyasi partiya iclası deyil ki, kimsə tez (siravi partiya üzvləri) gəlsin, kimsə (rəhbərlik) geciksin... Hər şeyin, hər kəsin öz yeri, öz məqamı. Bu mizan-tərəzini Ali Rejissorun özü müəyyənləşdirir, biz olsa-olsa, onun miskin aktyorlarıyıq.

- Ətli-qanlı xanımlardan xoşunuz gəlir, yoxsa incə-mincə?
- Mən maksimalistəm - ya hər şey, ya heç nə... ya lap çox, ya da heç nə ... İndi siz deyin: mən hansı çəki dərəcəsində qadınlara "bolet" (azarkeşlik) eləyirəm?!.

- Elə həftə olubmu ki, bütün günlərini xəyanət etmiş olasınız?
- Xəyanət?... Siz günlərdən, həftələrdən danışırsınız. Mən bütün ömrümə cavabdehəm. Ki, nə sözümə, nə əqidəmə, nə məmləkətimə, nə dostlarıma, nə oxucularıma dönük, etibarsız çıxmamışam. Oğurluq itə necə yaraşırsa, xəyanət də insana elə "yaraşır". Xəyanət insanın mənəvi iflası, sonudur.
Hə... siz "xəyanət" deyəndə anatomiyaya dair bilgilərimi test etmək fikrindəsinizsə, bəlli televiziya şoularında bunun tanınmış ekspertlərin iştirakı ilə müzakirə mövzusuna çevirməyiniz məsləhətdir.

- "Facebook"da 5000 dostunuzdan neçəsi xanımdır?
- Demək olar ki, hamısı qadındır. Amma onların içində kişilər də var. Dostların içində yox ha, qadınların içində kişilər də az deyil. Qadın kimi baxa bilmədiyim xanımlar "facebook"da dostluq siyahımın ikicinsli olmasını tam təmin edir.

- Elə bir xanım olubmu ki, sizin şeirinizi sevdiyinə görə özünüzü bəxtəvər hesab edəsiniz?
- Mən istəyirəm ki, yalnız özümü sevsinlər, məndən kənara yönələn sevgini qəbul etmirəm, qısqanıram. Çevrəmdəki hər şey dəyişər, itər, yox olar, təzədən yaranar, yalnız özüm təkrarsız və bənzərsizəm. Doğrudan da, "məndən bir də olmayacaq". Şöhrət gəlib-gedər, maşın xarab olar, bağ quruyar, vacib əlaqələr kəsilər və sevgi bitər. Yalnız mənə olan sevgi bitməz, tükənməz. Mənim üçün şeirlərim həm də maddidir, komfortun bir komplimentidir və onlara olan sevgidən nəinki bəxtəvər olaram, heç eynimə də gəlməz. Sevginiz belə boldusa, yalnız mənim özümü sevin!

- Azərbaycan kişilərinə xanımlar haqqında nə deyərdiniz? Nə məsləhət verərdiniz?
- Kişilərə deyərdim ki, qadınlarla pis hava ilə barışdığımız kimi barışmaq lazımdır. Pis havaya neyləyə bilərsən ki? Uzaqbaşı, evdən çölə çıxmazsan. Kişilərə bir də onu demək istəyirəm ki, qadınlarla mübarizə, mübahisə, mücadilə aparmayın. Bu, böyük və soyuq bir küçəni xırdaca elektrik sobasıyla qızdırmaq cəhdi kimi mənasız və faydasız bir işdir.

- Çox danışmağı sevmirsiniz. Bu nə ilə əlaqəlidir? Danışmağa həvəsiniz yoxdur, deyəcəklərinizi onsuz da deyən var, yoxsa qızılınızın çox olmağını istəyirsiniz?

- Dünyada danışılası təzə heç nə qalmayıb. Bu qənaətə indi gəlmişəm. 100 ildir danışmıram, təzə bir söz eşitmək arzusuyla ancaq dinləyirəm, nə yazıqlar ki, kamım ürəyimdə qaldı. Susmağın da, sən demə, bir qara qəpiklik qiyməti yox imiş. Qızılları ancaq danışanlara verdilər. Heyif... vaxtında bilsəydim, dünyanın ən yekə deyingəni olardım. Fəqət "gecdir daha"...

- Vaz keçə bilməyəcəyiniz demirəm, vaz keçmək istəmədiyiniz nemət var?
- Vaz keçilməyək bir şey varsa, o da bu dünyanın özüdür. Çünki vaz keçilməsi mümkünsüz olan nə varsa, elə bu dünyadadır. Elə siz deyənlər də, lap elə mən deyənlər də...

- 62 yaşdan sonra kişi hansı yaşda xanımla birlikdə olmaq istəyir?
- Abdulla Şaiqin gözəl bir təmsili var: "Tülkü həccə gedir"... yadınızdadır? Hələ bu nağıllara inanırsınız? Mən daha inanmıram!

- Biz sizi çox istəyirik, siz də bizi çox istəyin, Baba müəllim.
- Mənə görə insani münasibətlər eyni küçədə ikitərəfli yol hərəkəti prinsipi ilə qurulur. Birtərəfli hərəkət zolağında qarşılıqlı ünsiyyət, hörmət, bərabərlik normaları mövcud deyil.
Sevgi də qarşılıq sevir. Əgər doğrudan da, sizin mənə sevginiz olarsa, qarşılığında sevgi görəcəksiniz. Əmin olun ki, mən də sizi çox sevirəm. (publika.az)
Oxşar xəbərlər