“Dövlət yardımı internet mediasının durumunu...” - Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin
deputatı Əflatun Amaşov apa-ya müsahibə verib
Demokratik.Az müsahibəni təqdim edir.
- Əflatun müəllim, 2016-cı il Azərbaycan mediası üçün hansı məqamlarla yadda
qalandır?
- 2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan olmadı. Böhran media
bazarına da təsirsiz ötüşmədi, hərçənd pozitiv məqamları da az deyil.
Azərbaycan 20 ilə yaxın idi ki, belə vəziyyətlə üzləşməmişdi, jurnalistikamız
da həmçinin. Amma ümumən, mediamız böhran şəraitində ayaqda qala bildi. Belə
bir immunitetin olması vacibdir. Demək ki, vəziyyətə adekvat reaksiya
formalaşıb. Bu, sevindirici haldır.
Digər pozitiv cəhət Azərbaycan mediasında monolitliyin müşahidə edilməsidir.
Söhbət «aprel müharibəsi» zamanı ortaya qoyulan mövqedən gedir. Bu mövqenin
dövlətçilik maraqları ilə uzlaşmasını xüsusi vurğulamaq lazımdır. Media
orqanlarımız əksəriyyət etibarilə ucuz sensasiya dalınca qaçmadı. Müdafiə
Nazirliyinin informasiya verilməsinə məsul struktur bölməsi ilə işlərini
koordinasiya edilmiş şəkildə qurdu. Cəmiyyətə vətənpərvərlik hissini kifayət qədər
dolğun aşıladı. Bir sözlə, onlar ictimai rəyi düzgün şəkildə yönləndirən
monolit komanda kimi çıxış etdi. Cəbhə xəttində əvvəlki illərdə yaşanmış gərginliklər
zamanı biz bu peşəkarlıq nümayişini az-az görmüşdük. Hətta aşkar problemlər də
var idi. Amma bu dəfə vəziyyət müsbətə doğru çox dəyişdi. Hesab edirəm ki, əldə
edilən nəticə nikbinliyə əsas verir.
Azərbaycan jurnalistləri sentyabrda keçirilmiş ümumxalq səsverməsinin -
Referendumun, eləcə də prosesə hazırlıq dövrünün işıqlandırılmasında da
yaxından iştirak edərək vahid mövqe nümayişi ilə yadda qaldılar. Öz işlərinə
kifayət qədər peşəkar yanaşdılar. Artıq qətiyyətlə demək olar ki, mediamızın
seçki, referendum kimi taleyüklü hadisələri vətəndaşlarımıza çatdırmasında ənənə
formalaşıb. Bu ənənə obyektivliyə, dəqiqliyə, qərəzsizliyə əsaslanan peşəkarlıq
nümayişi ilə bağlıdır.
2016-cı il Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynamış «Kaspi» qəzetinin
135 yaşı tamam oldu. Nəşrin yubileyinin yüksək səviyyədə keçirilməsini milli mətbuatımızın
ənənələrinə verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, yubileyin
qeyd edilməsi ümumilikdə cəmiyyətimizin mətbuatın missiyasına həssas yanaşma tərzini
daha da gücləndirmək baxımından vacib idi.
Yola salmaqda olduğumuz ildə Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresi
kimi mötəbər hadisəyə ev sahibliyini həyata keçirdi. Bu, ölkəmizin dünyadakı
nüfuzu baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin tədbirdəki dolğun
və məzmunlu çıxışı, söz və ifadə azadlığı ilə bağlı səsləndirdiyi məqamlar Azərbaycanın
dünyaya çağırışı kimi qəbul edildi. Ölkəmiz media sahəsindəki beynəlxalq
miqyaslı toplantılara layiqli ev sahibliyi imicini bir daha nümayiş etdirdi.
- 2016-cı ili rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurasının fəaliyyəti
baxımından necə dəyərləndirərdiniz?
- Mətbuat Şurası özünün Nizamnamə tələblərinə uyğun fəaliyyət göstərdi. İş
proseduru dəyişməz qaldı. Şikayətlərin araşdırılması, qərar və rəylərin qəbulu,
müxtəlif tematik tədbirlərin, anım və yubiley toplantılarının, təqdimatların,
birgə müsabiqələrin təşkili - hesab edirəm ki, ortada kifayət qədər dolğun mənzərə
var. Mən bu barədə geniş danışmaq istəmirəm. Çünki Mətbuat Şurasının 2016-cı
ildə gördüyü işlərə dair hesabatı olacaq.
Ümumən onu deyə bilərəm ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra beynəlxalq
miqyaslı nüfuzlu tədbirlərə qatıldılar, ölkəmizin media cameəsini layiqli şəkildə
təmsil etdilər.
Mətbuat Şurası Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycan üzrə təşkilatçılığını
öz üzərinə götürdü. Bildiyiniz kimi, ölkəmizdən də festivalda iştirak edənlər və
mükafata layiq yer tutanlar oldu. Şura Bakı Dövlət Universiteti ilə birlikdə həmin
laureatların təltifi ilə bağlı geniş toplantı təşkil etdi.
Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə
reallaşdırdığı «İfadə azadlığı və media azadlığı» layihəsinin də uğurlu
alındığı qənaətindəyəm. Layihə çərçivəsində biz jurnalist peşəkarlığının müxtəlif
istiqamətlərinə, diffamasiya məsələlərinə bir daha nəzər yetirdik. Ayrıca Azərbaycan
jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdi. Onlar Avropa
Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və
bacarıqlarını təkmilləşdirdilər.
9 noyabr 2016-cı il tarixdə Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və
İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma
memorandumu imzalandı. Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri,
ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını
müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media
orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər,
şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini
həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə
başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli
hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi
informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media
layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək
edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini
tapıb. Bütün bunlar son dərəcə vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən
10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın
möhkəmlənməsi üçün kifayət qədər pozitiv məqamlarla yadda qaldı.
- Sizcə, Azərbaycan mediasının hansı problemləri 2017-ci ilə daşınır. Bu
istiqamətdə hansı xarakterik cəhətləri vurğulamaq mümkündür.
- Medianın iqtisadi cəhətdən özünü təsdiqləyə bilməməsi hələ də problem kimi
qalmaqdadır. Düzdür, dövlətimiz bu sahədəki çətinliklərin aradan qaldırılmasını
öz üzərinə götürüb. Həyata keçirilən tədbirlər göz önündədir. Amma medianın özü
də təşəbbüslərlə çıxış etməlidir.
Az əvvəl peşəkarlıqla bağlı müsbət meyllərə nəzər saldım. Ancaq bütün bunlar
yetərli deyil. Biz dünya mediasına inteqrasiya etməyi düşünürüksə, daha peşəkar
olmalıyıq. İlk növbədə jurnalistlərimiz xarici dil biliklərinə yiyələnməlidirlər.
Düşünürəm ki, məsələyə sistemli yanaşmağa ehtiyac var. Çünki informasiya işi
ümumən ölkənin milli təhlükəsizliyi qədər vacib məsələ kimi qarşıya
qoyulduğundan bu işi həyata keçirənlərin tam hazırlıqlı olmaları şərtdir.
Mediamızın, xüsusən də çap mediasının və internet saytların reklam məsələsi də
aktuallığını saxlamaqdadır. Burada həmin kütləvi informasiya vasitələri ilə
sahibkarların marağının uzlaşdırılmasına ehtiyac var. Mövcud istiqamətdə də
sistemli iş aparılmalıdır.
Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır. Dövlət Təhlükəsizlik
Xidməti tərəfindən aparılan əməliyyatlar nəticəsində bəzi KİV rəhbərlərinin və
onlara yaxın şəxslərin saxlanılmalarının yaratdığı mənzərə bunu deməyə əsas
verir. Mətbuat Şurası hər zaman belə neqativ hallara qarşı mübarizə aparıb. Təəssüf
ki, qurumun ictimai qınaq tədbirindən nəticə çıxarmayanlar yenə də var. Media
ictimaiyyəti olaraq adımıza ləkə gətirən bu sayaq mənfi təmayüllərin aradan
qaldırılmasında maraqlı olmalıyıq və daha çox çalışmalıyıq.
- Əflatun müəllim, 2017-ci il üçün media gözləntilərinizi bilmək maraqlı
olardı.
- Əlbəttə, ilk gözləntim cənab Prezidentin sərəncamı əsasında inşa edilmiş
binanın jurnalistlərin ixtiyarına verilməsidir. Bu, təkcə mənim deyil,
bütövlükdə həmkarlarımızın hər birinin arzusudur. Uzun müddət kirayə həyatı
keçirmiş biri kimi evsizliyin nə olduğunu gözəl bilirəm. Tanrı haqqı çatan hər
kəsi arzusuna qovuşdursun. Düşünürəm ki, Azərbaycan dövlətinin
jurnalistikamızla bağlı bu sayaq diqqət və qayğı nümunəsi davamlı olacaq.
Milli Məclisdəki çıxışlarımda da internet medianın dövlət tərəfindən maliyyələşməsinin
vacibliyini bildirmişəm. Gözləntim budur ki, nəhayət 2017-ci ildə biz bu prosesə
başlayaq. Çünki internet medianın potensialı böyükdür. Bu potensialdan «Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası»nın istiqamətlərinə uyğun faydalanmaq son dərəcə zəruridir. Digər
tərəfdən, dövlət yardımının bu sahədə çalışan həmkarlarımızın sosial vəziyyətini,
KİV-lərin maddi-texniki durumunu yaxşılaşdıracağı qənaətindəyəm. Zənnimcə,
KİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğvinin yenidən şahidi olacağıq.
Daha bir mühüm gözləntim informasiya təhlükəsizliyi konsepsiyası ilə bağlıdır.
Əlbəttə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası var. Sənəd kifayət qədər
təkmildir. Orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da yer alıb.
Ancaq məsələyə daha fundamental yanaşmağa ehtiyac var. Çünki informasiya təhlükəsizliyi
yalnız milli təhlükəsizliyin bir elementi kimi qəbul edilməməlidir. Bu, özü
ayrılıqda bir sahədir. Arzu edərdim ki, 2017-ci ildə informasiya təhlükəsizliyi
konsepsiyası qəbul edilsin.
Fürsətdən istifadə edib jurnalist həmkarlarımı qarşıdan gələn yeni il və Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə indidən təbrik edir, onların
hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram..