"...edə bildiyimdən çox şey tələb etmək olmaz"-İlham Rəhimov

  • 15 dek 2016, 14:13

«Həmişə demişəm, indi də təkrar edirəm: işgüzar adam statusundansa hüquqşünas ailm kimi məşhur olmağa üstünlük verirəm»

 

İlkxeber.org saytı görkəmli elm adamı, respublikanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor və biznesmen İlham Rəhimovla müsahibə dərc edib.  

Müsahibənin preanbula hissəsində qeyd olunur ki, yeni dünya düzəni barədə bizdə və xaricdə səslənən fikirlərə, beynəlxalq təşkilatların, o cümlədən də BMT-nin zəif ölkələrə ikili münasibət sərgiləməsinə, Azərbaycana qarşı haqsız münasibətlərin olması, bu fonda ictimai-siyasi elita nümayəndələrimizə yönəlik haqlı və haqsız iradlara görə əksər hallarda oxucu və beynəlxalq ictimaiyyət tərəddüddə qalır.

Sayt yazır ki, İlham Rəhimovun özünə və iş ortaqlarına qarşı da zaman-zaman dövriyyəyə buraxılan dezinformasiyları da nəzərə alaraq, belə qərara gəldik ki, daha geniş oxucu auditoriyasına ətraflı məlumat verək: "İndiki halda ən münasib variant müsahibənin rus dilində yayımlanmasını tərcih etdik!"

Müsahibəni təqdim edirik:

— Rusiyanın «Arqumentı i faktı» qəzetinin iddiasına görə, yeni dünya düzənini Donald Tramp, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin müəyyən edəcək: «Dünya yenidən güclü liderlərə ehtiyac hiss edir. Rusiyada Putin, Türkiyədə Ərdoğan və ABŞ-da Tramp. Onların üçü razılığa gəlib dünyada yeni düzən yaratmalıdır». Siz bu üçlüyün dünya düzəni üçün nələrisə edə biləcəklərinə inanırsınız?

— Əgər onlar birlikdə olsalar, bu isə çətin ki mümkün olsun, dünyada müəyyən sabitlik yaradıla bilər. Amma «Arqumentı i faktı» qəzetinin haqqında danışdığı yeni dünya düzənini yaxın vaxtlarda təsəvvür etmək çətindir. Dünya yetərincə pozulub. V.Putin və R.T.Ərdoğan gerçəkdən uzun illər özlərini müstəqil və iradəli lider kimi göstərib. Trampa gəlincə, hələ onu dövlət başçısı olaraq güclü lider kimi görməmişik. Hələ seçki kampaniyası vaxtı demişdim ki, Tramp gözlənilməz və impulsiv adamdır. Belə adamlar siyasətdə səhv edə bilər. O, prezident kimi fəaliyyətə başlayanda bu səhvləri görəcəyimizə əminəm. Bundan başqa, Avropa İttifaqı, Çin, Hindistanın iştirakı olmadan dünyada sabitlik mümkün deyil. Ona görə adıçəkilən liderlər hətta istəsələr belə, dünyada yeni düzənin subyektləri ola bilməzlər. Hərçənd bu üçlük istəsə, dünyada konkret münaqişə problemlərini tənzimləmək üçün çox şey edə bilər. Yeni dünya düzəni mümkündür. Amma bunun üçün dünya birliyi BMT-nin yeni Nizamnaməsini qəbul etməli, orda ziddiyyətlər və aydın olmayan müddəalar olmamalıdır. Hazırkı Nizamnamə artıq köhnəlib və onun müntəzəm olaraq böyük dövlətlər tərəfindən zəif ölkələrin ziyanına pozulduğunu və ya edilmədiyinin şahidi oluruq.

—  Son günlər Moskva ilə Ankara arasında münasibətlərin istiləşdiyi müşahidə edilir. Maraqlıdır, Avropa Türkiyəni özündən uzaqlaşdırır, Rusiya isə əksinə, Türkiyə ilə yaxınlaşır. Məsələn, Jirinovskinin Türkiyəyə səfəri çərçivəsində Ərdoğan və xarici işlər naziri Çavuşoğlu ilə görüşünü, onlara təqdim edilən yeni Rusiya-Türkiyə ittifaqı barədə 16 fəsillik layihəni, Rusiyanın xarici işlər naziri Lavrovun yaxın günlərdə Türkiyəyə planlaşdırılan səfərini göstərə bilərik. Hadisələrin sonrakı inkişafını necə görürsünüz?

— Mən Moskva ilə Ankara arasındakı indiki münasibətləri «istiləşmə» yox, münaqişə öncəsi dövrə qayıdış adlandırardım. Avropa heç vaxt Türkiyəni Avropanın bir hissəsi hesab etməyib, Ankara ilə münasibətlərdə səmimi olmayıb, halbuki Türkiyə hər zaman Avropa ilə yaxınlaşmağa səy göstərib. Rusiyanın Türkiyə ilə münasibətlərinə gəlincə, bu ölkələrin və onların xalqlarının siyasi, iqtisadi, mədəni cəhətdən bir-birinə ehtiyacının olması şəksizdir. Jirinovskinin Türkiyəyə səfərini, xüsusən Ərdoğanla görüşünü şəxsən mən anlaya bilmirəm. Əvvəla, ona görə ki, bu şəxs Rusiyanın siyasətinə ciddi təsir etmir. İkincisi, onun çıxışlarında hər zaman Türkiyənin və xalqımızın ünvanına dediklərini unutmaq olmaz. Bir sözlə, o, istər Türkiyədə, istərsə də Azərbaycanda qəbul edilməyə və  göstərilən hörmətə layiq şəxs deyil.

—  Moskva ilə Ankara arasındakı dostluq münasibətlərinin müsbət məcraya yönəlməsi Qarabağ münaqişəsinin həlli üçün yeni perspektivlər aça bilərmi?

— Dəfələrlə demişəm ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Qarabağ probleiminin həllinə müsbət təsir edə bilər.

 Gəlin mövzunu dəyişək. Biznesdə uğur qazanmaq üçün hansı çətinliklərdən keçmisiniz. Dönüb geriyə baxanda bu uğurlar barədə nə düşünürsünüz? Bu nədir — bəxtin gətirməsi, tale, yoxsa… Bizneslə məşğul olmaq ideyası necə yarandı və onu necə həyata keçirdiniz?

— Desəm ki, biznesdə uğur qazanmaq üçün çətin yol keçmişəm, bu, çox da inandırıcı olmaz. Bunu tam səmimi deyirəm. Mənim biznes tərəfdaşlarım Qod Nisanov və Zarax İliyev isə 90-cı illərin əvvəllərində Moskvada omonçuların dəyənəyi altında çətin yol keçiblər. Mənim biznesmen olmağım tale idi, bunu bilə bilməzdim. Axı 15 ildən çox Ədliyyə Nazirliyi sistemində çalışmış, paralel olaraq sevimli məşğuliyyətim – elmlə məşğul olmuşam.

— Yeri gəlmişkən, uzun illərdir, Qod Nisanov və Zarax İliyevlə biznes tərəfdaşısınız. Onlar haqda təəssüratınız necədir?

— Onlar çox dürüst, vicdanlı, sadiq və peşəkar biznesmenlərdir. Əgər belə keyfiyyətləri olmasaydı, çoxdan ayrılardıq. Xüsusi vurğulamaq istəyirəm: biz bir-birimizə çox inanırıq və indiyədək aramızda tərədaşlar arasında çox vaxt baş verən heç bir anlaşılmazlıq olmayıb.

— Mətbuatın yazdığına görə, Siz kriminal avtoritet Rövşən Lənkəranskinin köməyi ilə azərbaycanlıları zorla başqa bazarlardan "Food City”yə köçürmüsünüz. Hətta guya bu topdansatış bazarında gizli zirzəmilər varmış, onlardan işgəncə yeri kimi istifadə olunurmuş və bu otaqlara azərbaycanlı satıcıları salırmışlar. Bütün bunlar nə qədər həqiqətə uyğundur?

— Bu yazılanlarla tanışam. Azərbaycanda bunun böhtan olduğunu bilir və hansı mənbədən gəldiyini anlayırlar. Təəccüblüdür ki, bizə iftira atmaq istəyən mətbuat orqanı yazı dərc ediləndən hardasa 24 saat sonra Qod Nisanov haqqında mədhedici material dərc etdi və bununla etitaf etdi ki, yeri gəlsə, öz fikirlərini 180 dərəcə dəyişməyə qadirdir. Güman edirəm ki, niyə belə olduğunu hər kəs başa düşür.

— Bu yaxınlarda Azərbaycan mətbuatında daha bir məqalə getmişdi: «Azərbaycan milyarderinin xəsisliyi və Prak Sota nümunəsi». Məqalə müəllifi gileylənirdi ki, Azərbaycanda dünya səviyyəsində məşhur milyarderlər olsa da, onlar xarici milyarderlərdən fərqli olaraq, öz soydaşlarına pul xərcləmir. Müəllif iddia edir ki, sonuncu dəfə xeyriyyəçiliklə böyük mesenat Hacı Zeynalabdin Tağıyev məşğul olub…

— Bu məqalə ilə tanışam. Məncə, əgər bu problem müəllifi maraqlandırırdısa, bu suala cavab tapmağa cəhd etməli idi: nədən həmvətənimiz olan məşhur biznesmenlər öz vətəninə sərmayə qoymur? Əgər bu məqalənin müəllifi onların iştirakı ilə jurnalist araşdırması aparsaydı, onda hər şey aydın olardı. Hacı Zeynalabdin Tağıyevə gəlincə, unutmaq olmaz ki, o, bizdən fərqli olaraq pulu xaricdə yox, öz vətənində qazanırdı.

— Sizin böyük xeyriyyəçilik fəaliyyətinizdən məlumatlıyıq, eləcə də, doğulduğunuz Tovuz rayonunun Cilovdarlı kəndinin imkansız ailələrinə yardım etdiyinizi və o ərazinin abadlaşdırılmasına pul ayırdığınızı, hətta kənd sakinləri üçün müasir tipli xəstəxana tikdirdiyinizi bilirik. Ancaq soydaşlarınızın sizdən umacağı daha çoxdur. Yəni onlar Azərbaycana daha böyük məbləğdə sərmayə qoymağınızı gözləyir.

— Məndən edə bildiyimdən çox şey tələb etmək olmaz.

— Bəlkə,  ölkədə normal investisiya mühiti olmadığı üçün Azərbaycana ciddi investisiya qoymursunuz?

— Haraya və nə qədər pul qoymağı üç nəfər həll edir: Mən, Qod Nisanov və Zarax İliyev. Qərar razılıq əsasında qəbul edilir.

— Başqa xalqın nümayəndəsi kimi Rusiyada bizneslə məşğul olmaq Sizə çətin deyil?

— Qətiyyən yox, amma problemlər də olur.

— Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

— İdman, elm, yaxın adamlarla ünsiyyət.

— Məşhur olmaq cənab İlham Rəhimov üçün nə deməkdir? Həyatda daha nəyə nail olmaq istərdiniz?

— Həmişə demişəm, indi də təkrar edirəm: iş adamı statusundansa hüquqşunas-alim kimi tanınmağa üstünlük verirəm. Sualınızın ikinci hissəsinə gəldikdə, mən xasiyyətcə belə adamam: əgər nəyəsə başladımsa, onu mütləq sona çatdırmalıyam, həm də ən yaxşı variantda. Həyatda başqa nəyə nail olmaq istəyərdim – bunu ancaq özüm bilirəm, başqa heç kim.

— Sizin üçün ən dəyərli nədir?

— Müstəqillik, sərbəstlik, azadlıq. Sosial vəziyyətindən və siyasi baxışlarından asılı olmayaraq, ürəyim istəyən adamlarla görüşmək və ünsiyyətdə olmaq. Ən əsası, niyyətin səmimi, nəcib və açıq olsun.

— Övladlarınız barədə nə deyə bilərsiniz? Onların da Sizin kimi bizneslə məşğul olmasını istərdiniz?

— Mən heç vaxt heç kimi istədiyim işlə məşğul olmağa məcbur etmirəm. Bu, övladlarıma da aiddir.

Xanoğlan Əhmədov
İlkxeber.org
Oxşar xəbərlər