Aqil Abbas: “Mənim atamın goruna 932 nəfər söymüşdü”

  • 30 noy 2016, 08:09

Oqtay Əsədov: "Hadı Rəcəbliyə mən şəxsən demişəm ki, intervü verəndə görün kimə verisiniz” 

 

"Bu gün Azərbaycan parlamentində söyülən 3 deputat var. 

Sosial şəbəkələrdə məndən, Fəzail Ağamalıdan və Fazil Mustafadan çox söyülən yoxdur. Mənim atamın goruna 932 nəfər söymüşdü”.

Deputat Aqil Abbas bunu plenar iclasdakı çxışı zamanı deyib.  A.Abbas bu vəziyyətə seyrçi qalan həmkarlarını da qınayıb: "Mən parlament haqqında nə yazılırsa, ona reaksiya verirəm. Amma çox təəssüf ki, bizim həmkarlarımız deputat həmkarlarına yönələn təhqirlərə reaksiya vermirlər. Biri deyir, maaşım çoxdur. Çoxdur, alma da. Mənim dostum Tahir Kərimli deyir, maaş alanda utanıram. Utanma, başına dönüm, işləyirsən, maaşını alırsan. Belə vəziyyətlərdə hamınız yaxanızı qırağa çəkirsiniz, 5-6 nəfər cavab vermək məcburiyyətində qalır. Vahid müəllim (Əhmədov) deməyib axı, mənim maaşım özümə çatmır. Amma demədiyi sözə görə bəzi deputatlar çıxıb deyir ki, mənim maaşım çoxdur. Çoxdursa, onu deyən deputatların maaşını azaldın da”.

Spiker Oqtay Əsədov isə yerdən "halal olsun” deyə reaksiya verən Hadı Rəcəbliyə irad tutdu: "Hadı Rəcəbliyə mən şəxsən demişəm ki, intervü verəndə görün kimə verisiniz. Bu, nə xəstəlikdir? Bir çoxlarınız intervü verməyiniz üçün sinov gedirsiniz. İntervü verdiniz, saytlara baxın, görün dediklərinizi yazırlarmı?”

Deputat Fəzail Ağamalı isə "Aqil Abbas dəfələrlə burada solaxay çıxışlar edib. Onun hələ səviyyəsi çatmır ki, buradakı millət vəkillərinə dərs keçsin. Nəhayət, buna son qoyulmalıdır" söylədi.

Qeyd edək ki, bu fikirlər baş prokuror Zakir Qaralovun parlamentə göndərdiyi qanun layihəsinin müzakirəsi zamanı səslənib. Bu barədə Dövlət quruculuğu və hüquq komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib. Baş prokuror tərəfindən Cinayət Məcəlləsinə təklif edilən 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin yeni maddənin "Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. 

Qeyd edək ki, baş prokurorun digər layihəsi prezidentin şərəf və ləyaqətinin təhqir olunmasına qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutur. 
Müzakirələrdən sonra qanun layihələri qəbul olunub.

Elşad PAŞASOY
Musavat.com
Oxşar xəbərlər