Qardaşı Şeyxin TV istəyindən danışıb

  • 01 okt 2016, 21:00
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın yaradılması barədə təklif irəli sürüb.

Şeyxülislam bu barədə dövlət başçısı ilə söhbət apardığını qeyd edib. Həmçinin, QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını da təklif edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə mövzu barədə Modern.az-ın suallarını cavablandırıb.

"Qafqazın şeyxi dini televiziyanın yaranması ilə bağlı təklif verib. Təbii ki, bu, bir fikirdir. Bu, o demək deyil ki, bu olacaq, ya olmayacaq. Nədənsə, islam adı gələndə bəziləri qıcıqlanır. Halbuki, dini televiziyada söhbət təkcə islam dininin yox, ümumi dinlərin təbliğindən gedir. Qonşu Rusiyada da dini televiziya var. Orada dini mövzular tez-tez tamaşaçılara təqdim olunur”, - deputat bildirib.

Onun sözlərinə görə, dini televiziyanın yaranması həm də dini məsələlərlə bağlı məsuliyyəti artırır:

"Bəzən dini mövzular müəyyən söhbətlərə səbəb olur. İslam dini kimi, digər dinlər də doğru təqdim olunmur. Ona görə də dini televiziya məsələsində Şeyx sadəcə, təklif irəli sürüb və təklifinə cavab istəyir. Əgər dini kanalın yaranmasına zərurət varsa, xalqımızın, dövlətimizin inkişafına xidmət edəcəksə, o zaman bu, niyə olmasın?! Fikrimcə, Şeyxin təklifi ətrafında məsləhətləşmələr mütləq olacaq”.

Jurnalistlərin dini kurslara cəlb olunması fikirlərinə gəlincə, deputat buna ancaq müsbət hal kimi dəyərləndirdiyi deyib:

"Dini kursların keçirilməsi müsbət hal ola bilər. Çünki jurnalist dini məsələlərdən agah olmalıdır ki, dindar müsahiblə həmsöhbət olmaq ona rahat olsun. Məgər, Azərbaycanda jurnalist kimi fəaliyyət göstərənlərin hamısı xristianlıq, buddizm, islam barədə geniş bilgiyə sahibdirmi?! Amma dini kurslar təşkil olunarsa, bu həm də jurnalistlərin istənilən din nümayəndəsi ilə həmsöhbət olmasına geniş şərait yaradacaq. Bütün dinlərin fərqli ayinləri, xüsusi bayramları var. Bu tədbirlərin, ayinlərin doğru şəkildə təqdim olunmasının nəyi pisdir?! Düşünürəm ki, burada qəbahətli heç nə yoxdur”.

Qeyd edək ki, Cavanşir Paşazadə Hacı Allahşükür Paşazadənin qardaşıdır.

 

Demokratik.Az

Oxşar xəbərlər