“İrəvanı vura bilən silahlara malikik”-ekspert rəyi

  • 01 okt 2016, 09:48

Azərbaycanın müdafiə-sənayesi Ermənistanın "İsgəndər” sevincini əlindən alır 

 

Sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda bir diviziyon (4 kompleks) "İsgəndər” raketi nümayiş etdirilməsindən sonra Azərbaycanın da "İsgəndər” raketləri və bundan daha güclü silahlarının olub-olmaması məsələsi ətrafında müzakirələr gedir. 

Hərbi ekspert Üzeyir Cəfərov bu barədə açıqlamasında bildirdi ki, bu mövzularla bağlı bəzən yazılarda, fikirlərdə həddən artıq şişirtmələrə və qeyri-peşəkarlığa yol verildiyini görməmək mümkün deyil. Azərbaycanın silahlı qüvvələrində "İsgəndər” raketləri olmasa da müasirliyinə, gücünə görə ondan geri qalmayan silahlar var. 

Elə məsələlər var ki, onun barəsində ümumi danışmaq, konkretləşdirməmək hərbi sirr baxımından, dövlətin maraqları nöqteyi-nəzərindən vacibdir: "Dövlətin rəsmi açıqladığı nədirsə, yalnız onun barəsində geniş, konkretləşdirilmiş formada şərhlər vermək, yazılar yazmaq lazımdır. Silah, hərbi texnika imkanlarımız barədə kim ağlına nə gəldi danışmamalıdır.   
"İsgəndər” raketləri heç də Ermənistanın silah-sursat, texnika sarıdan Azərbaycandan önə keçməsi demək deyil. Bundan həyəcanlanıb diletant açıqlamalar verməyə ehtiyac yoxdur. 
Azərbaycanın silahlı qüvvələrinin silah arsenalı həcminə, keyfiyyətinə və müasirliyinə görə Ermənistanın silah arsenalından dəfələrlə üstündür, öndədir. Bizdə ən müasir raket sistemləri, hava hücumundan müdafiə sistemləri var ki, Ermənistan tərəfindən atılan istənilən raketi sıradan çıxarmağa qadirdir. Azərbaycan o silahların, texnikanın cüzi bir hissəsini indiyə qədər hərbi paradda nümayiş etdirib. Hamısını nümayiş etdirməyə ehtiyac yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan raket-artilleriya qurğuları istifadə olunsa, Ermənistanda daşı-daş üstə qoymaz. Azərbaycan ordusunun malik olduğu ən son silah və texnika işə salınarsa, Ermənistanın itkiləri 4, hətta 5 dəfə çox olacaq. Bizim təkcə Naxçıvanda əlahiddə qoşun növü bu gün Ermənistanın bütün ordusundan qat-qat güclü silahlanıb. Ordumuzun arsenalında olan silahlar Ermənistanı bir neçə dəqiqədə yer üzündən silməyə qadirdir. Ona görə də heç bir narahatlığa əsas yoxdur".

Hərbi ekspert onu da dedi ki, son rəsmi açıqlamalara görə, Azərbaycanda Müdafiə Sənayesinin yeni bir sahəsi - raketqayırma sənayesi formalaşmaqdadır və bazası da artıq yaradılıb. Azərbaycan 280 kilometr məsafəyə uça bilən raketlərin istehsalını layihələndirib. Ümumiyyətlə, ilin sonuna qədər 125 adda yeni hərbi məmulatın hazırlığı və istehsalı nəzərdə tutulur ki, bu da ölkənin müdafiə sənayesini çox yüksək bir səviyyəyə çatdıracaq. 
Azərbaycanın Türkiyədən alacağı yarımballistik raketlər dağıdıcı gücünə görə heç də Rusiyanın Ermənistana verdiyi silahlardan geri qalmır: "Rəsmi açıqlamaya görə, Azərbaycan Belarusdan 300 kilometrlik məsafəni hədəf alan yeni raket qurğusu alır. Bugünlərdə Bakıda keçirilən "ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun ”Volatavto" şirkəti bu barədə açıqlama verib. Bildirilib ki, 2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq. Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib.

"ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində müdafiə sənayesi naziri deyib ki, 280 km məsafədə ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi ilə bağlı dünyanın bir neçə aparıcı şirkəti ilə danışıqlar gedir. 

Bakıdakı sərgidə diqqətçəkən hərbi sursatlardan biri də "QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombası olub. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan bu "qanadlı” bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Təyyarədən atılan bomba 100 km-ə qədər uça bilir. Yəni hədəf müəyyən edildiyi halda hərbi təyyarə bombanı təyyarə üçün təhlükəsiz ərazidə havaya buraxır və sonra bomba özü təyin edilmiş hədəfə doğru uçaraq onu məhv edir. Göründüyü kimi, Azərbaycan düşmənin "İsgəndər” təhdidlərinin qarşılığında özünün arsenalında olanların cüzi hissəsini nümayiş etdirir. 

Söz yox ki, ölkəmizin silah arsenalında Türkiyə, İsrail, Pakistan istehsalı olan daha dəhşət saçan silah-sursatlar var. Son məlumata görə, Türkiyənin "Roketsan” şirkəti aldığı sifariş əsasında "Qasırğa T-300" reaktiv sistemlərinin Azərbaycana verilməsini başa çatdırıb. Məlumata görə, həm 2015, həm də 2016-cı illərdə Azərbaycana ”Qasırğa T-300" reaktiv sistemləri çatdırılıb. Azərbaycana nə qədər "Qasırğa T-300" reaktiv sisteminin satıldığı açıqlanmır.

Etibar SEYİDAĞA 

Oxşar xəbərlər