"Referendum İlham Əliyevə ümumxalq etimadının testi idi"-YAP

  • 26 sen 2016, 20:53

"Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi”.

 

Demokratik.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, bu fikirləri YAP-ın müşahidəçilərinin verdiyi məlumat əsasında söyləyir: "Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.

 

Ə. Əhmədov bildirib ki, bu gün referenduma çıxarılan məsələlər Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır: "Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bugünkü referendum demokratik sahədə atılan uğurlu addımdır".

 

Ə. Əhmədov qeyd edib ki, "exit poll"arın nəticəsinə əsasən, əhalinin böyük əksəriyyəti referendumda irəli sürülən təkliflərə müsbət rəy verib: "Biz "exit-poll"ara inanırıq. Amma bütün hallarda MSK-nın açıqlayacağı nəticəni gözləyirik".

 

Demokratik.Az

Oxşar xəbərlər