“Fətullah Gülən masondur”-Sərdar Cəlaloğlu danışdı

  • 04 sen 2016, 22:27

"Hakimiyyət strukturlarında, Milli Məclisdə, YAP-da olan gülənçilər həbs olunacaqsa...”

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Ankaraya səfəri başa çatsa da mövzuya medianın diqqəti hələ də qalır. Qeyd edək ki, Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb. Bu görüşdə nazir bildirib ki, FETÖ ilə mübarizədə  Azərbaycan Türkiyənin yanındadır.

 
Ramil Usubov  birgə mətbuat konfransında bəyan edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bunun qarşılığında Əfqan Ala deyib ki, Türkiyə ilə Azərbaycan qarşıdakı dövrdə də məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi,  görüləcək tədbirlər məsələsində tam iş, fikir birliyində  olacaq.
Azərbaycanın daxili işlər nazirinin səfərini və bu səfərdən sonra gözləntiləri "Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc isə bildirib ki, nazirin Türkiyəyə səfəri Azərbaycanın təhlükəsizliyi üçün də çox  əhəmiyyətli idi.
 
Z.Oruc eyni zamanda diqqəti başqa bir mühüm məqama da cəlb edib. O deyib ki, təhsil məkanında uğur qazanan və yaxud bu sistemdən keçənlərin hamısını gülənçi elan etmədən Azərbaycan bu məsələdə öz təhlükəsizlik maraqlarını düzgün müəyyənləşdirməyi bacarmalıdır: "Ramil Usubov dərin dövlət adamıdır, ölkə rəhbərinə sədaqətlidir və prinsipialdır, heç kəsə qarşı süni şəkildə ittihamlara yol verilə bilməz, eyni zamanda gülənçi olduğu sübuta yetirilən heç kəsə də güzəşt  edilməz”.
 
Ekspertlər isə bildirir ki, hakimiyyətə yaxın deputatın bu açıqlaması çox mühümdür. Rəylərə görə, iqtidar tərəfindən gerçəklik düzgün qiymətləndirilərək  ölkədə süni gərginlik yaratmaq cəhdlərinin qarşısı alına bilər. Həmçinin hakimiyyətin resurslarından yararlanıb kimlərsə yalandan gülənçi ovuna çıxıb, dövlətin gücünü əsas hədəfdən yayındıra bilməz. Bu da indiki həssas məqamda ölkəyə çox lazımdır.
 
Mövzunu "Yeni Müsavat”a şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, FETÖ problemi həqiqətən Azərbaycanın təhlükəsizliyi baxımından aradan qaldırılmalıdır: "Fətullah Gülən dünya masonluğunun tərkib hissələrindən biridir. İslam və türk dünyasının masonluq qanadının aparıcı simalarındandır. Masonluğun əsas elementlərindən biri odur ki, onlar nə din, nə millət, nə dövlət, nə sərhəd tanıyır. Fətullah Gülən hərəkatının Türkiyədən sonra ən çox fəaliyyət göstərdiyi ölkələrdən biri Azərbaycandır. Bu onu göstərir ki, gülənçilərin ən çox yerləşdiyi ölkələrdən biri də Azərbaycandır. Bu hərəkatın iş prinsipini izləyəndə görürük ki, onun gücü cəmiyyətdən çox hakimiyyət daxilində ifadə olunur. Masonlar da hakimiyyət vasitəsilə öz məqsədlərinə çatmaq üçün həmişə hakimiyyətdə təmsilçilik qazanırlar. Azərbaycanda gülənçilər, masonlar hakimiyyət daxilində, müxalifətdə, QHT sektorunda bu və ya başqa şəkildə kök salıb. Bu cür qüvvələrin böyük əksəriyyəti müxtəlif hakimiyyət strukturlarındadır. Belə bir vəziyyətdə Azərbaycanın hüquq-mühafizə orqanlarının Türkiyənin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi və əməkdaşlıq şəraitində işləməsi Azərbaycanın təhlükəsizliyi baxımından vacibdir. Gələcəkdə hakimiyyət strukturlarında, Milli Məclisdə, YAP-da olan gülənçilər həbs olunacaqsa, bunu iqtidardaxili çəkişmə kimi qəbul edə bilmərik. Amma o da mümkündür ki, kimlərsə yaranmış şəraitdən öz rəqiblərini sıradan çıxarmaq üçün istifadə etməyə çalışsın. Bax, hüquq-mühafizə orqanları belə məsələlərdə diqqətli olmalıdır ki, günahı olmayanların FETÖ-çü damğası ilə sıradan çıxarılması halları yaşanmasın”.
 

"Yol vermək olmaz ki, əslində FETÖ-çü olanlar izi azdırmaq üçün FETÖ ilə heç bir əlaqəsi olmayanları hədəfə alıb onların həbs edilməsinə nail olsunlar”

 
S.Cəlaloğlu deyib ki, o, Fətullah Gülənin kitablarını axtarır ki, oxusun, orada nələr yazıldığını öyrənsin: "Mən Gülənin kitabını oxusam o deməkdir ki, FETÖ-çüyəm, Hitlerin ”Mayn kamf" əsərini oxumuşamsa faşistəm, bir erməninin Azərbaycan haqda yazdıqlarını oxusam belə çıxır ki, erməniyəm? Bu baxımdan hesab edirəm ki, həqiqətən də araşdırmalar ciddi aparılmalıdır, FETÖ-çü olduğu faktlarla sübuta yetirilməyən adamlar qətiyyən həbs olunmamalıdır. Məsələn, Əli Kərimlinin köməkçisi Faiq Əmirli hətta Fətullah Gülənin hansısa kitabını oxuyubsa, buna görə onun həbsi düzgün deyil. Faiq Əmirlinin FETÖ-çü olduğunu, ora xidmət etdiyini sübuta yetirən dəlillər yoxdursa, o, həbs edilməməlidir".
 
Partiya sədrinin sözlərinə görə, Gülən məktəblərində oxumayan heç kəs Gülən hərəkatında deyil. Gülən hərəkatının əsas qayəsi beyinlərin yuyulmasından ibarətdir ki, o da məhz Gülən məktəblərində həyata keçirilib: "O məktəbdən keçməyən kimsə Gülən hərəkatına daxil edilmir. Bir adamın Gülənçi olduğunu bilmək istəyirsinizsə, öncə baxın görün orta təhsili, ali təhsili harada alıb, vəzifə pillələrinə, deputatlığa hansı sürətlə yüksəlib.
 
Azərbaycanda "nurçu evləri” deyilən evlər var. Şübhəsiz ki, DİN və digər orqanlar bu cür evlərin harda olduğunu bilirlər. DİN-də və digər təhlükəsizlik orqanlarında şübhəsiz ki, ciddi faktlara əsaslanan informasiyalar və siyahılar var. Çalışmaq lazımdır o siyahılara FETÖ ilə əlaqəsi olmayan adamlar daxil edilməsin. Azərbaycanda Gülən məktəblərini oxuyan adamların hamısı o hərəkatın təsiri altında olan insanlardır. Onların bəziləri konkret olaraq Hərəkatın üzvüdür, bəziləri isə ikinci dərəcəli planda yer alırlar, onlardan lazım olanda kütləvi səhnələrdə istifadə edilir. Onu da deyim ki, Gülən məktəblərini oxuyan hər kəsi həbs eləmək düzgün deyil. O adamları həbs etmək, qanunla cəzalandırmaq lazımdır ki, onun FETÖ-çü olduğu faktlarla sübuta yetirilsin. Qəzetlərdə bu mövzuda çıxan məlumatlara hüquq-mühafizə orqanları barmaqarası baxmamalıdır, ciddi araşdırmalar aparılmalıdır".
 
S.Cəlaloğlu vurğulayıb ki, Azərbaycanın daxili işlər nazirinə Türkiyədəki həmkarı tərəfindən əsasən Türkiyədə həyata keçirilməsinə cəhd edilən darbenin Azərbaycandan kimlər tərəfindən dəstəklənməsi ilə bağlı dosye verilə bilər: "Dosyedə kimlərin həmin darbeyə maddi, mənəvi, siyasi, hüquqi dəstək verdiyi və verə biləcəyi, o plana daxil olduğu və ya daxil ola biləcəyi əksini tapa bilər. Belə bir dosye verilibsə, dövlətin təhlükəsizliyi baxımından əhəmiyyətə malikdir və yəqin ki, müvafiq tədbirlər görüləcək.

"Ergenekon” və "Balyoz” əməliyyatlarını keçirənlərin FETÖ-çü olduğu, həmin əməliyyatların vətənpərvər insanlara, Atatürkçülərə, əslində dövlətə qarşı keçirildiyi indi sübuta yetirildi. Bu gün Azərbaycanda yol vermək olmaz ki, əslində FETÖ-çü olanlar izi azdırmaq üçün FETÖ ilə heç bir əlaqəsi olmayanları hədəfə alıb onların həbs edilməsinə nail olsunlar. Bu baxımdan ölkənin daxili işlər nazirinin prosesə çox ciddi yanaşması zəruridir".
 
Demokratik.Az
Oxşar xəbərlər