Siyasətdə din, dində siyasət...

  • 12 avq 2016, 09:24

İslam dinimizin siyasətə qarışmasına necə baxır?; Pənah Hüseyn: "Dünya bu məsələdə orta həddin tapılması üzərində mövcudiyyətini davam etdirir”

Fazil Mustafa: "Din 3 yerdə olmalıdır: insanın öz içində, məscidin içində və cəmiyyətin siyasətdən kənardakı mühitində”

Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdi, "gülənçilər” adlanan camaatın hərbi çevrilişdə iştirakı və onların məhz dini cərəyan olaraq tanınması yenidən dinin siyasətə gəlməsi məsələsini gündəmə gətirdi.  Müxtəlif ölkələrdə yerli siyasi quruluşa qarşı çıxan əksər təşkilatların məhz din adı altında təmsil olunması, "əl-Qaidə”, İŞİD, "Taliban” və digər terror təşkilatlarının belə din adından istifadə etməsi müasir dünyada siyasətdə dinin, dində siyasətin iştirakı məsələsini aktuallaşdırıb. 

Bir çox siyasi şərhçilər, ictimai xadimlər də müasir idarəetmə formasında dinin siyasətə müdaxiləsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini iddia edirlər. Bəs İslam dini bu məsələyə necə yanaşır?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müasir dünyada bu və ya digər formada dinlə siyasət arasında münasibətlər mövcuddur: "O cümlədən dünyəvi dövlətlərdə, cəmiyyətlərdə də bu və ya digər dərəcədə müəyyən təmaslar var. Məsələn, xristian dünyasında Roma papasının ciddi rolu qəbul olunur. Bir sıra dünyəvi dövlətlərdə dini qurumların rəhbərlərinin bu və ya digər formada rol oynadığı məlumdur. O cümlədən bir çox siyasi qruplar, qeyri-dövlət təşkilatları dindən forma kimi istifadə edirlər. Bunların içində ekstremist təşkilatlar da var. Hazırda dinin ifrat dərəcədə siyasətə qarışması, siyasət adamlarının dinə müdaxiləsi dünyada çox böyük problemdir. Bu, yeni dövr tarixin ən ağrılı məsələlərindən biridir. Prinsip etibarilə Azərbaycanda da, dünyanın bir çox müsəlman dövlətlərində də bu məsələlərdə dinə bir dəyər kimi yanaşılır və dünyəvi dövlət modeli üstünlük təşkil edir. Bu hüquqi dövlət modelidir və insanlar dini əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərdir. O baxımdan, hesab edirəm ki, istər siyasətin insanların dini həyatına ifrat müdaxiləsi, istərsə də dini qrupların ifrat dərəcədə siyasətə daxil olmaq cəhdi mənfi tendensiyalara gətirib çıxara bilər. Dünya bu məsələdə orta həddin tapılması üzərində mövcudiyyətini davam etdirir. Məncə, bu mənada dünyəvi dövlət modeli optimaldır”. 
 
Milli Məclisin deputatı Fazil Mustafa isə dinin cəmiyyətdə müəyyən rolunun olduğunu və bu baxımdan siyasətə təsir imkanlarının olduğunu istisna etmədi: 

 

"Siyasət cəmiyyət həyatı ilə bağlı məsələ olduğuna, din də cəmiyyətin ən aparıcı institutlarından biri olduğuna görə istisna deyil ki, siyasətə dinin qarışması və bunun müsbət və mənfi təsirləri ilə bağlı müzakirələr aparılmasın. O yerdə ki, dinlə dövlət ayrılır, dövlət institutları artıq demokratik təsisatlar kimi fəaliyyət göstərirlər, onda dinin müdaxiləsi cəmiyyətdə o qədər də təşviş yaratmır. Yəni hər şey dövlət tərəfindən ədalətli şəkildə tənzimləndiyi üçün ədalətin qoruyucusu rolunda din çıxış etmir. Din, sadəcə, mənəviyyatın qoruyucusu rolunda çıxış edir. Biz bir sıra xarici ölkələrdə bunu müşahidə edirik. O yerdə ki, dövlət ədaləti tam şəkildə qoruya bilmir, o halda din bu funksiyanı öz üzərinə götürdüyünü bəyan edir. Bu zaman isə din adından sui-istifadə edənlər at oynatmağa başlayır. Bu, olduqca təhlükəlidir. Ona görə də bunun qarşısının alınması üçün cəmiyyətdə ziyalıların, modern düşünən insanların, siyasi partiyaların güclü olması vacibdir”.

Deputat onu da vurğuladı ki, Şərq ölkələrində dini faktor olmadan siyasətin istiqamətlənməsi çətindir:"Diqqət edirsinizsə, Türkiyə kimi bir dövlətdə bəzən solçu düşüncəyə malik olan siyasi lider belə cümə namazında çıxış edir. O bunu bir ritual olaraq davamlı həyata keçirən insan olmasa da, keylənin rəğbətini  saxlamaq üçün bunu etməyi özünə borc bilir. Bu isə onu göstərir ki, həmin ölkədə dinin siyasətə təsiri çox güclüdür. Səs almaq üçün dindar kütlənin istədiklərini vermək baxımından addımlar atılması məqbul sayılır”. 

F.Mustafanın fikrincə, din 3 yerdə olmalıdır: "Birincisi insanın öz içində, ikincisi məscidin içində, üçüncüsü isə cəmiyyətin siyasətdən kənardakı mühitində - icma mühitində olmalıdır. Çox təəssüf ki, bizdə siyasətin içində din olanda bu, bərbad və eybəcər bir şeyə çevrilir. Siyasətdə müəyyən dərəcədə yalan danışmağa, aldadıcı manevrlər etməyə ehtiyac var. Amma dindarlıq üçün bu yalan problem yaradır. Bəzən siyasətçi bir dediyini sonradan danır. Ancaq onun dindar kimliyi olanda insanlar fərqli yanaşırlar ki, axı niyə yalan üzərində siyasət qurursan. O baxımdan, dini siyasətə gətirmək doğru deyil”.

Deputatın sözlərinə görə, din o zaman təhlükəli olur ki, cəmiyyətdə nadanlıq, xurafat, cəhalət hökm sürür:"Azərbaycan kimi cəmiyyətlərdə dinin siyasətdə aparıcı mövqe tutması sözün bütün mənalarında təhlükədir. Türkiyə kimi cəmiyyətdə bizə nisbətən az təhlükəlidir. Ancaq Əfqanıstanda, Pakistanda, Orta Asiya cümhuriyyətlərində təhlükədir. Azərbaycanda da dini siyasətə köçürəndə müəyyən təhlükələr ola bilər və buna yol verməmək üçün müəyyən addımlar atılmalıdır”. 

Nərgiz LİFTİYEVA
Oxşar xəbərlər