“Biz gələn turistlərə qarşı mədəni davranmalıyıq”-Əhməd Qəşəmoğlu:

  • 06 avq 2016, 10:38

 

Ərəblər niyə sevilmir?
Son aylarda Azərbaycana ərəb turistləri kütləvi şəkildə axın edir. Məlumatlara görə, təkcə iyul ayında ölkəmizə 70 mindən çox ərəb gəlib. Onların bəziləri Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Fas, Əl-Cəzirə və digər ölkələrdən gələn ərəblərdir. Əlbəttə ki, ekspertlərin də qeyd etdiyi kimi, onların ölkəmizə gəlişi yerli iqtisadiyyat və turizmin inkişafı üçün dəyərli və sevindirici haldır. 

Lakin onların gəlişini isti qarşılamayan, bunu təhlükə hesab edən, paytaxtda iki addımdan bir qara çadralı qadınlarla qarşılaşmaqdan narahat olanların da sayı kifayət qədər çoxdur. Və bu fakt təkcə ölkəmizə aid deyil, ümumən dünyanın demək olar ki, bütün ölkələrində ərəblərin gəlişindən vətəndaşlar narahat olurlar. Avropa ölkələrində miqrant ərəblərin kütləvi şəkildə deportasiya ediləcəyi barədə məlumatlar yer almaqdadır. 

Bəs görəsən, ərəblər niyə sevilmir? Səbəb nədir - bu, onların geyimi, xarici görünüşü, yoxsa son illərdə ölkələri sarsıdan neqativ olaylarda ərəblərin adlarının hallanması  və yaxud ərəb inqilabları, həmin prosesdə baş verənlərlə bağlı informasiyalar  insanları onlara qarşı bu cür yükləyir?

Mövzuya aydınlıq gətirmək üçün sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənməyə çalışdıq. Sosioloq qeyd etdi ki, ərəblərin indiki halda ölkəmizə axını təhlükəli deyil: "Ərəblərin sevilməməsi ilə bağlı müxtəlif faktlar var. Əvvəla, son 10 illiklərdə, xüsusən də 90-cı illərdən sonra sivilizasiyaların  toqquşması Qərbdə İslama, müsəlman aləminə qarşı müəyyən gizli təbliğat getməkdədir. Ərəblər də bu baxımdan daha gözə çarpandır. Məsələn, biz bəzən öz geyimimiz, kostyumumuzla bilinmirik kimik, amma ərəblər dərhal bilinir, bu məsələnin bir tərəfidir. Artıq bizim Qərbdə olan gənclərimiz də sağ-solda tez-tez müsəlmanlar, ərəblər haqqında neqativ fikirlər eşidirlər. Sovet dövründə Moskvada ”türk-tatar" sözü indi bizdə səslənən ərəb sözü kimi idi. Bəzi dünyagörüşü zəif olan tələbələrimiz də "türk-tatar” sözünə soyuq baxırdılar, başa düşmürdülər ki, özləri də türkdürlər. 
Son vaxtlar ərəblərin Avropaya güclü axını, miqrasiyası insanları qorxudur, bu da təbiidir. Əgər bizə də Türkiyədə olduğu qədər miqrant,  qaçqın gəlsə, müəyyən problemlər yarada bilər. Həmişə qaçqın və köçkünlərə, miqrantlara, tələsik gələnlərə qarşı bir kompleks olur. Son vaxtlar Qərb aləmində tez-tez baş verən terror hadisələrinin arxasında müsəlman familiyasının olması da ümumən ərəbə qarşı münasibəti dəyişir. 

Amma indiki vaxtda Azərbaycana gələn ərəblərin sayı qorxulu deyil, əksinə, turizmin inkişafı baxımından fayda verir. Biz gələn turistlərə qarşı mədəni davranmalıyıq. Əgər istəyiriksə ki, ölkəmiz turizmdən də gəlir əldə edə bilsin, turistə qarşı mədəniyyət formalaşdırmalıyıq".

Xalidə GƏRAY
Oxşar xəbərlər