"Referendum keçirilməsi böyük hədəflərə yönəlib" - Əli Əhmədov

  • 28 iyul 2016, 11:41
"Afrikanın Şimalında və Yaxın Şərqdə baş verən inqilablar və savaşlar, dəhşətli miqyaslar almış beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər və kütləvi insan faciələri dünyanın mənzərəsini dərindən və yəqin ki, birdəfəlik dəyişib. Başa düşmək çətin deyil ki, sadalanan dünya problemləri bütün dövlətlər kimi, Azərbaycanın qarşısında da ciddi çağırışlar irəli sürür”.
 
Bunu "Azərbaycan” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib. Ə. Əhmədov qeyd edib ki, dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmiz o proseslərin təsirindən sığortalanmayıb: "Nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil. Beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər. Dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür”.  
 
YAP sədr müavini bildirib ki, prezident İlham Əliyevin Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü buradan qaynaqlanır: "Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Bir sözlə, Konstitusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.
Oxşar xəbərlər