İsgəndər Həmidov Surət Hüseynova nə deyibmiş?

  • 21 iyun 2016, 15:30

Sabiq baş nazir Surət Hüseynovun 2004-cü il martın 19-da "Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallıya verdiyi müsahibə yenidən gündəmə gəlib. Artıq demək olar ki, hər il iyun ayında 1993-cü ilin iyun hadisələrinin yenidən gündəmə gətirilməsi ənənəvi hal alıb. Bu məqsədlə sosial şəbəkələrdə paylaşılan bəhs etdiyimiz müsahibənin başqa bir tərəfi diqqət çəkib. 


Belə ki, ümumilikdə 1993-cü ilin iyun hadisələrindən söhbət getdiyi müsahibədə S.Hüseynov milli azadlıq hərəkatının liderlərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidov və keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində  aşağıdakıları bildirib: "RahimQazıyevlə həmin İsgəndər Həmidov mənim yanımdan çıxanda, İsgəndər gördü ki, camaat onlara pis baxır, kişi kimi dedi ki, ay camaat, bizə niyə belə baxırsınız, biz çıxıb orada artistlik edirik ki, o rayonu belə aldıq, bu kəndi belə azad etdik, alan oğlan isə budur, biz ancaq artistlik edib, bunu öz adımıza çıxırıq. İsgəndər bu sözü 500-600 adamın içində deyib. Mən də orada demişəm ki, a kişi, mənə ad lazım deyil, qoy ad sizin, ancaq torpaq millətin olsun”.

Məsələ ilə bağlı İsgəndər Həmidovun da münasibəti öyrənilib. İ.Həmidov "Yeni Müsavat”a bildirib ki, bu, ağ yalandır: "Belə bir söhbət olmayıb. Bu tamamilə yalandır. Surət hansı torpağı alıb ki? Müharibədə hamımız iştirak etmişik. Bəs yaxşı, Surət Hüseynov harada torpaq alıb? Əksinə, Tərtərdə, Goranboyda müvəffəqiyyətlərimiz olub ki, orada da bu məsələlərlə heç Surət Hüseynovun əlaqəsi də olmayıb. İsgəndər Həmidov elə söz deməyib. Olmayan şeyi necə demək olar ki, başa düşmürəm. Mən hər zaman demişəm ki, Qarabağ müharibəsində hər kəsin özünün əməyi var. Ancaq bir daha bildirirəm ki, belə bir ifadə işlətməmişəm. Həmin zamanlar mən heç Surəti görməmişəm. Onu həmin vaxtlar televiziya vasitəsilə izləyirdim. Heç olmasa yalan danışanda bunu məntiqlə danışmaq lazımdır”.

Məsələ ilə bağlı Moderator.az saytı Rəhim Qazıyevin fikirlərinə yer ayırıb.Saytın yazdığına görə,sabiq Müdafiə naziri söyləyib ki,  İsgəndər Həmidov elə bir ifadə işlətməyib: "Ümumiyyətlə, artistliklə heç nə almaq olmazdı, artistliklə ancaq camaatı güldürmək, dəmlətmək olar. İsgəndər Həmidov heç vaxt elə ifadə işlətməzdi. Biz müharibə aparmışıq, müharibəni nə mən təkbaşına aparmamışam, nə də başqa birisi. Müharibədə hər kəsin öz xidməti olub. Çox təəssüf edirəm ki, Surət kimi adam müsahibəsində belə bir fikir səsləndirib. Əgər həqiqətən belə söz olubsa, Surət gəlsin üz-üzə dayanaq, həmin 500-600 nəfəri yığıb sübut eləsin. Mən bir daha deyirəm ki, İsgəndər Həmidov mənim yanımda elə söz deməyib. İsgəndər Həmidovun ağzından belə söz çıxdığının şahidi olmamışam. Ümumiyyətlə, İsgəndərin elə söz deməsinə belə heç vaxt inanmıram. Əgər doğrudan da Surət Hüseynovun dediyi kimi biz artistlik edirdik, torpaqları Surət alırdısa, mənim ona bir sualım var. Surət Hüseynov baş nazir olduğu bir il üç ay ərzində bizim o dövrdə özünün də iştirakı ilə aldığımız torpaqları niyə düşmənə verdi? Yaxşı, biz artistlik edirdik, ancaq o kişi torpaq alırdı, bu çox gözəl, bəs niyə yol verdi ki, torpaqlar işğal olunsun? Həmin vaxt Heydər Əliyev rəsmi elan etmişdi ki, bütün hərbi strukturları və Qarabağ məsələsini Surət Hüseynova həvalə etmişəm. Surətin baş nazirliyi dövründə o rayonların hamısı verildi və Azərbaycan silahlı qüvvələrinin qabaqcıl hissələri Xankəndinin 40-50 km-də dayandı. Surət Hüseynov bu suala cavab versə yaxşı olar”.
 
Demokratik.Az  

Oxşar xəbərlər