YAXŞI RUSİYA – ZƏİF RUSİYADIR? “Biz Putinin iflasına imkan verməməliyik”

  • 27 dek 2015, 12:13

Mənzil qərargahı Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi (İnternational Energy Agency) bu yaxınlarda məlumat verib ki, Brent markalı neftin qiyməti son yeddi ilin ən aşağı həddinə kimi geriləyib və əgər İranın üzərindən sanksiyalar götürülərsə, onda "qara qızıl”ın qiyməti perspektivdə daha da ucuzlaşa bilər. Çünki Səudiyyə Ərəbistanı bazarda öz payını saxlamaq məqsədi ilə hər şeyi edir və bu isə öz növbəsində iri neft hasilatçısı ölkələri üçün təsirsiz ötüşməyəcək. Ən çox ziyan çəkən ölkə isə Rusiya olacaq.

Bu məlumat neftə böyük ehtiyac duyan ölkələr üçün xoş xəbər olduğu halda, neft ixrac edən ölkələr üçün isə əksinə – fəlakətin yaxınlaşdığının xəbərçisidir. Yəqin ki, neft hasilatçıları içərisində bu xəbərlə bağlı ən böyük narahatçılığı Kreml yaşayır.

Prezident Vladimir Putin hələ bir il əvvəl neftin qiyməti 100 dollar olanda, məğrurcasına beynəlxalq ekspertlərə bəyan edirdi ki, hər şey qaydasındadır – Krım maliyyələşdirilir, Qərb sanksiyaları məhdud təsir göstərir, yeni islahatlar nəzərdə tutulur, pensiyalar vaxtında ödənilir, istehlakçılar razıdırlar və hər şey nəzarət altındadır. Lakin neftin qiyməti düşməyənə kimi, belə vəziyyət yalnız bir neçə həftə davam etdi.

- Zəif Rusiya – yaxşı Rusiyadır?

On il bundan öncə Rusiya prezidenti bildirdi ki, hər şey neftin qiymətindən asılı olaraq inkişaf edir. Bunula yanaşı o, əlavə etmişdi ki, inkişafın yalnız bir istiqaməti var - irəliyə doğru getmək. Amma görəsən Putin yaddan çıxarırdı ki, Sovet İttifaqının uzunmüddətli qürubu prosesi nəticəsində böyük imperiyanın dağılması, 1986-cı ilin yayında neftin qiymətinin düşməsi ilə başlayıb?

O dövrdə Səudiyyə Ərəbistanı neftdən bir vasitə kimi istifadə etməklə, İranla mübarizə aparırdı. Paralel olaraq, Amerika prezidenti Ronald Reyqan isə "şər imperiyası”na qarşı silahlanmanın artırılması üçün bir sıra strateji vasitələrin köməyindən istifadə edirdi.

Bu gün isə neftin qiymətini ilk növbədə bazarın gücü aşağıya doğru yuvarladır. Kreml və Putin sistemi üçün, bu, az təhlükə törətmir. Bu məsələ ilə əlaqədar olaraq, Berlin və Vaşinqton özlərinə sual verməlidirlər – zəif, böhranlar ucbatından laxlamış Rusiya dünya nizamı üçün yaxşı tərəfdaşdır, yoxsa güclü və uzunmüddətli perspektiv üçün fəaliyyət qabiliyyətinə malik Rusiya? Rusiya İran ilə münasibətlərində öz neft maraqlarına baxmayaraq, əməkdaşlıq yolunu tutacaq. Rusiyanın bu cür fəaliyyətləri həmçinin Paris iqlim konfransına və məhdud formada terrorçuluğa qarşı mübarizəyə də aiddir.

Hazırda "konseptual dərin yuxu” nəzəriyyəsi kifayət etmir. Rusiyaya qarşı münasibətdə məqsədəuyğun strategiyanın işlənib hazırlanmasının vaxtı gəlib çatıb. (Die Welt)

Tərcümə etdi: Vaqif NƏSİBOV