Bahar Muradova Nardaran hadisələrindən danışdı:

  • 30 noy 2015, 19:46
Nardaranda hüquqazidd hərəkətlər baş verib. Hüquq-mühafizə orqanları da bu hərəkətləri araşdırır və hüquqi qiymət də veriləcək.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün vətəndaşlardan dini inancından, siyasi, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərmək tələb olunur: `Dini inanc insanın özünə məxsusdur. Bu bizim mədəniyyətimizin, dünyagörüşümüzün bir hissəsidir, amma tam həyatımız demək deyil`.

B.Muradova qeyd edib ki, bu tip hadisələrə hələ tədqiqat getdiyi bir dövrdə müəyyənləşmiş şəkildə münasibət bildirmək imkanı yoxdur: `Elə bu məsələ ətrafında da siyasi ajiotaja və məsələni daha da gərginləşdirməyə xidmət edən açıqlamalara lüzum görmürəm. Hər bir Azərbaycan vətəndaşı dünyəvi bir ölkənin vətəndaşı olduğunu unutmamalıdır, öz həyatını dini inancı ilə birlikdə milli adət-ənənələrimizə, dəyərlərimizə, müasir və dünyəvi dövlət olaraq, qanunlara uyğun qurmağı, yaşamağı bacarmalıdır. Bu bizim hər birimizin qarşısında bir vəzifə kimi durur`.
Oxşar xəbərlər