Demokratik TV
Qubad İbadoğlu: “Bu məlumatlar son 10 ildə yığılsaydı…
Son dövrün gündəmini zəbt edən nazirlərin, yüksək vəzifəli məmurların və onların iş ortaqlarının malik olduqları gəlirlər, sərvətlər və əmlaklar barədə məlumatlar nəinki sadə vətəndaşları, hətta biz iqtisadçıları da təəccübləndirməkdədir
Demokratik.Az saytının məlumatına görə, iqtisadçı Qubad İbadoğlu öz facebook səhifəsində gəlir bəyannamələrinin açıqlanmasını tələb edən qanunun icrasının vacibliyini bildirib. İqtisadçının sözlərinə görə, burada söhbət yüz minlərdən, miyonlardan deyil, bəzi hallarda yüz milyonlardan və milyardlardan gedir:
"Açıqlanan məlumatlardan aydın olur ki, dövlətdən və xalqdan oğurlanmış pullar hesabına formalaşmış külli miqdarda sərvətlər və əmlaklar 1 günün, 1 ayın, hətta 1 ilin deyil, uzun illərdəki qanunsuz fəaliyyətin məhsuludur. Dövlət gəlirlərinin azaldığı, növbəti il üçün büdcənin bu illə müqayisdə hər 4 manatından 1 manatının ixtisara salındığı, respublika üzrə orta aylıq nominal əmək haqqının 461 manat 10 qəpik olduğu, yalnız bu il ərzində 50 minə qədər iş yerinin bağlandığı şəraitdə baş verənlər sirr deyil ki, yenə də davam edəcəkdir. Çünki, hələ də "Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanunun icrasına başlanılmır. Belə ki, 2005-ci ildə qanun imzalanandan sonra Nazirlər Kabinetinə bəyannamə forması hazırlamaq üçün 3 ay vaxt ayırılıb. Lakin 10 il keçsə də, prezidentin tapşırığı hələ də yerinə yetirilməyib. Çünki, qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Bu məlumatlar son 10 ildə yığılsaydı, indi baş verənlərlə heç kimi təəccübləndirmək olmazdı. Belə olan halda vaxtında zəruri informasiyalar formalaşar və qərarlar qəbul etmək üçün hüquqi əsaslar yaranardı. Nəticədə də dövlətin büdcəsinə, iş adamlarının qazanclarına bu qədər ziyanlar dəyməzdi”.
İqtisadçı daha sonra qeyd edir ki, ABŞ-da vəzifəsindən asılı olmayaraq nəinki məmurlar, hətta sıravi vətəndaşlar illik gəlirlərini rəsmi şəkildə açıqlayır və müvafiq qaydada vergi ödəyirlər: "Moldova, Ukrayna, Gürcüstan və hətta Rusiyada "Gəlir deklarasiyası haqqında” Qanun qəbul olunub və tətbiq edilir. Dünyanın əksər ölkələrində xeyli vaxtdır gəlir bəyannaməsi "online” şəkildə verilir və bütün bu informasiyaların əhali üçün əlçatanlığı təmin edilir. Hazırda Azərbaycanda baş verənləri və mütərəqqi dünya ölkələrinin təcrübələrini nəzərə alaraq bu məsələnin yenidən müzakirəsini təklif edir, Nazirlər Kabinetini müvafiq sənədlərin hazırlanması öhdəliyini qısa müddətdə yerin yetirməyə çağırır və qanunun icrasına qısa müddətdə başlanmasını vacib hesab edirəm”.