Eldar Mahmudovun əməlləri haqda: "Dəhşətli faktlar üzə çıxır…"

  • 06 noy 2015, 23:06
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev noyabrın 4-də Şəki məhkəmə kompleksinin yeni binasının açılışı zamanı Azərbaycanda korrupsiya, rüşvətxorluq və sahibkarları sıxışdıran məmurlara qarşı amansız mübarizə başladığını bəyan edib.

Prezidentin həmin çıxışında MTN-in keçmiş rəhbərliyinin əməllərinə də qiymət verilib və Eldar Mahmudovun qruplaşmasının sahibkarlara qarşı törətdiyi əməllərə dair ortaya çıxan "dəhşətli faktlar” barədə danışılıb.

Dövlət başçısı deyib ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün ilk növbədə məhkəmə sistemində korrupsiyaya yol verilməməlidir: "Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir”.

Prezident çıxışında yenidən məmur özbaşınalığından da danışıb: "Vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik”.

İlham Əliyev sahibkarlarla bağlı üzə çıxan faktları dəhşətli adlandırıb: "Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nəsə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.

Prezident ad çəkməsə də bu deyilənlərin keçmiş milli təhlükəsizlik nazirinə və onun dəstəsinə aid olduğu aydındır.

Eldar Mahmudovun işdən çıxarılmasından sonra mətbuatda sahibkarların başına MTN-də açılan dəhşətli oyunlar, onlardan yüz minlərlə, milyonlarla dollar rüşvət alınması, quldurluq əməlləri barədə doğrudan da dəhşətli faktlar açıqlanmaqdadır. Eldar Mahmudovun vəzifədə olduğu dövrdə başlarına gələnlər barədə danışmağa belə qorxan sahibkarlar indi prezidentə müraciət edərək bu əməlləri törədənlərin cəzalandırılmasını xahiş edir.

Oxşar xəbərlər