"Azərbaycan xalqı sabitliyə səs verdi" - Mübariz Qurbanlı

  • 02 noy 2015, 16:33

 

"Noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər azad, ədalətli və demokratik şəraitdə, əhalinin fəallığı ilə baş tutdu.”

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizədlər böyük uğur qazanıblar: 

"Azərbaycan xalqı Prezidentimiz cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, Yeni Azərbaycan Partiyasının seçki proqramında irəli sürülmüş "Yeni hədəflərə doğru” müddəalara səs verdi. Bir məsələni qeyd etmək istərdim ki, bəzi bədxahların cəhdlərinə baxmayaraq, seçki prosesində seçicilər daha monolit və mütəşəkkil iştirak etdilər”. 

Ölkəmizdə dövlət-din münasibətləri hüquqi baxımdan mövcud qanunvericilik əsasında yüksək səviyyədə tənzimlənir deyən M. Qurbanlı deyib ki, vətəndaşların vicdan azadlığı təmin olunur, dini icmaların fəaliyyəti dəstəklənir, onlara dövlət tərəfindən maliyyə yardımı göstərilir:

"Bununla yanaşı, ictimai münasibətlərin tənzimlənməsində xalqımızın zəngin milli-mənəvi dəyərləri əhəmiyyətli yer tutur. Bu özünü din sahəsində daha çox büruzə verir. Azərbaycan əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edir. Bu mənada milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bir hissəsi dinimizdən qaynaqlanır. Zəngin dəyərlərimiz tarixən nəsildən-nəslə ötürülür və bu dəyərləri biz də qorumalı və yaşatmalıyıq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan xalqını digər xalqlardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, multikultural dəyərlər, tolerantlıq xalqımızın xarakterik xüsusiyyətidir: 

"Lakin təəssüf ki, dünyada dini radikalizm meyilləri artır və müqəddəs mahiyyət daşıyan dindən məkrli məqsədlər naminə sui-istifadə edilməsi günümüzün acı gerçəyidir. Sözügedən problemlər bizim cəmiyyətimizdən də yan keçməyib. Təbii ki, bu sahədə Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə xeyli qənaətbəxşdir, amma qloballaşan və sürətlə dəyişən dünyada baş verə biləcək təhlükələrin qarşısının vaxtında alınması üçün çevik addımların atılması çox vacibdir”.
Oxşar xəbərlər