“Mehman Səlimov nə dediyini bilir”

  • 23 okt 2015, 22:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimovun cinayət işi üzrə proses davam etdirilib. O, həbs olunmasının səbəbi kimi Milli Təhlükəsizlik Nazirliyini günahlandırıb: 

"Mənim həbs olunmağıma Səfər Əbiyev işdən çıxarılandan sonra onun üzünə durmamağım səbəb olub. MTN-də mənə dedilər ki, Səfər Əbiyevin üzünə dursan, tutulmayacaqsan. Harada görünüb ki, adamı avansa görə həbs edələr? Bütün bunların hamısı MTN-in işi idi”.

Sabiq nazir müavini bundan əvvəlki prosesdəki ifadəsində özünü təqsirli bilməyib və bütün qanunsuz işləri keçmiş müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə icra etdiyini deyib.  Mehman Səlimovun budəfəki açıqlamasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu postdan uzaqlaşdırılması ilə əlaqəli olduğu nəzərlərdən qaçmır. Maraqlıdır, Mehman Səlimov da yıxılana balta çalanlar kimi çıxış edir, yoxsa dediklərində həqiqət var?

Qərarı məhkəmə verəcək

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Modern.az saytına keçmiş rəisinin məhkəmədə səsləndirdiyi fikirlərinə münasibət bildirib:

"Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı araşdırmalar gedir. Bu araşdırmalar fonunda bəzi yoldaşlar - istər hərbiçi olsun, istərsə başqaları, müxtəlif fikirlər səsləndirir.

Hər halda, Mehman Səlimovun səsləndirdiyi fikirlər məhkəmədə araşdırılıb hüquqi qiymət verilməlidir. İndi çox adam çox şey deyə bilər. Bunun nəticələrini araşdırmaq məhkəmənin səlahiyyətindədir. Biz məhkəmənin işinə müdaxilə edə bilmərik. Amma həqiqətin təmin edilməsi üçün məhkəmə səslənən hər fikirlə bağlı araşdırma aparsa, ədalətli olar. Fikrimcə, əgər insan həqiqəti söyləyirsə, bütün bunlar doğrunun ortaya çıxmasına köməklik göstərəcək”.

Mehman Səlimov nə dediyini bilir

Ekspertin fikrincə, Mehman Səlimov nə dediyini bilən insandır:

"Bu məqamları söyləyən insan sıravi biri deyil. Mehman Səlimov vaxtilə müdafiə nazirinin müavini olub, yüksək vəzifələrdə çalışıb.

Ona görə də hesab edirəm ki, məhkəmə bu fikirlərə biganə qalmayacaq. Məhkəmə sözünü deməlidir. Məsələlər sonuna qədər araşdırılmasa, apelyasiya, Ali Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər uzana bilər. Mən Azərbaycanda olan məsələlərin ölkə məhkəmələrində araşdırılmasının tərəfdarıyam. Hər halda, bununla məhkəmələr, insanların bu qurum haqqında formalaşan mənfi rəyini təkzib edə bilər.

Mən heç kimin həbsini arzulamamışam. Mehman Səlimov vaxtilə rəisim olub. Həm də keçmiş SSRİ zamanında yüksək vəzifədə çalışan azərbaycanlılardan biri olduğuna görə həm onun savadına, həm də döyüşkənliyinə canlı şahidlik edənlərdən biriyəm.


Onun keçən məhkəmədə səsləndirdiyi fikirləri ilə də tanışam. Bildirirdi ki, gördüyü işləri tək deyil, bilavasitə müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə icra edib. İndi başqa fikirlər səsləndirirsə, məhkəmənin hüququ var ki, işi ya özü araşdırsın, ya da ibtidai istintaqa qaytarsın.

Bu, Azərbaycan qanunları ilə mümkündür.  Düşünürəm ki, Mehman Səlimovun səsləndirdiyi fikirlərlə bağlı məhkəmə kollegiyası hüquq normaları çərçivəsində qərar qəbul ediləcək. Təbii ki, istənilən şəxsin, o cümlədən mənim səsləndirdiklərim subyektiv xarakter daşıyır”.

 

Üzeyir Cəfərov son günlər mətbuatın xüsusi diqqətində olan "MTN olayı” ilə bağlı yazılanların heç də xoş təəssürat yaratmadığını deyib:

"Mən son günlər Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı yazılanlara görə çox narahatam. Bu nazirlik Azərbaycanın güc strukturlarından və ölkənin dayaq sütunlarından biridir. Düşünürəm ki, 2-3, yaxud 10 nəfərin konkret əmələ görə məsuliyyətə cəlb olunması, araşdırmaların davam etdiyi müddətdə yalnız və yalnız nazirliyi və əməkdaşlarını günahlandırmaqla, bütövlükdə güc strukturlarında çalışan on minlərlə insanın əməlinə xələl gətirilir”.

MTN ölkədə son instansiya deyil axı... Nazirliyin tabe olduğu ölkə başçısı, hüquqi çərçivələr var. Deməli məşhur deyimdəki kimi, "Yıxılana balta vuran çox olur”.

MTN-lə bağlı kimin ağlına, düşüncəsinə nə gəldi onu da səsləndirir. Düşünürəm ki, Mehman Səlimov savadlı insandır. Hər halda, bu fikirləri səsləndiribsə, məsələ ilə bağlı mücərrəd deyil, konkret adlar çəkilməlidir. Günahkar bilirsə, sabiq nazir və idarə rəislərinin adları çəkilməlidir. Hər halda, onun ifadəsinə hüquqi qiymət veriləcək”.

Gülşən RAUFQIZI

Demokratik.Az

Oxşar xəbərlər